Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3796/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən bağ evini neçə min manata satması barədə Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinə sorğu göndərilməsi, xx.xx.2024-cü il tarixindən iddiaçının atası – Cavabdeh qazancından və digər gəlirlərindən (əmək haqqından, pensiyasından, tərcümələrindən (xarici müəlliflərin kitablarını ingilis dilindən Azərbaycan dilinə tərcümə edir və s., cari tərcümələr edir)) 50 faiz miqdarında iddiaçının 18 yaşından sonra da Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının əyani təhsilini başa vurana kimi iddiaçıya aliment tutulması, Cavabdeh ödənilməmiş 1.000 (bir min) manat aliment borcu və aliment borcunun hər gecikdirilən gün üçün dəbbə pulu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçının atası olması faktı müəyyən edilmiş, doğum haqqında şəhadətnamənin verilməsi Nəsimi rayon VVADQ şöbəsinə həvalə edilmiş, xx.xx.2007-ci il tarixdən başlayaraq, iddiaçının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçının anasına ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2008 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu illər ərzində cavabdehin yalnız əmək haqqının ¼ hissəsindən aliment tutulmuşdur. 2018-ci ildə cavabdehin həm də pensiyasının 50 faizi miqdarında aliment tutulmağa başladı. xx.xx.2021-ci ildə cavabdehin pensiyasından 50 faiz tutulması sistemin işləməməsini bəhanə gətirən icra məmuru tərəfindən dayandırıldı. İddiaçının anasının Ədliyyə Nazirliyinə şikayəti əsasında xx.xx.2022-ci il tarixdə cavabdehin pensiyasından 70 faiz aliment tutulmasına yönəldildi. 2023-cü ilin may və 2024-cü ilin mart ayında cavabdehin pensiyasından 70 faiz tutulmadı. Həmin vaxt cavabdeh 800 (300 + 500) manat borclu qaldı. Şikayət əsasında cavabdehin pensiyasından aliment tutulması bərpa olundu. Aliment 2024-cü ilin iyul ayına qədər ödənilmişdir. Lakin cavabdehin pensiyasından 300 + 500 + 100 + 100 (2024-cü ilin yanvar və fevral aylarının artımı) = 1.000 manat aliment borcu qalmışdır. İddiaçının anası 2024-cü ilin aprel ayının 3-də Nəsimi Rayon Məhkəməsinə cavabdehin qazancının və digər gəlirlərinin 50 faizi miqdarında aliment ödənilməsi barədə iddia ərizəsi vermişdir. Məhkəmənin hakimi Əfsanə Heydərova xx.xx.2024-cü il tarixli, 2(006)-2533/2024 nömrəli məhkəmə bildirişi göndərərək, hazırlıq iclasının xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə məlumat vermişdir. İddiaçının anası hazırlıq iclasında iştirak etmiş, baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 12:30-a təyin edilməsi barədə məhkəmə bildirişi almışdır. Baxış iclasında hakim iddiaçının anasına mediasiyadan keçmədiklərinə görə sənədlərin geri qaytarıldığını bildirmişdir. Bu müddət ərzində hakimin səhlənkarlığından iddiaçı cavabdehin qazancının və gəlirlərinin 50 faizindən aliment tutulmasından məhrum olmuşdur. Cavabdeh 2003-cü ildən başlayaraq, ingilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis və digər dillərə tərcümələr edərək, hər ay əmək haqqından və pensiyadan əlavə 5.000 manata yaxın qonorar alır. Bu gün də cavabdeh həmin fəaliyyətini davam etdirir. Cavabdeh hal-hazırda Azərbaycan Dillər Universitetinin tərcümə araşdırmalarıl elmi tədqiqat laboratoriyasının müdiri vəzifəsində işləyir, müəllimlik fəaliyyəti ilə məşğul olan professordur. Yüksək məbləğdə qazanc və gəlir əldə edir. Bundan əlavə, cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi inzibati ərazi dairəsində yerləşən Dübəndi qəsəbəsindəki bağ evini 2024-cü ilin əvvəllərində satmış və yüksək məbləğdə gəlir əldə etmişdir. Məhkəmə işə baxarkən cavabdeh pensiyasının 100 faizi miqdarında aliment ödənilməsinə razı olması barədə ərizəni məhkəməyə təqdim etmişdir. Hakimin səhlənkarlığından iddiaçı xx.xx.2024-cü il tarixdən yetkinlik yaşına çatanadək artırılacaq aliment məbləğindən məhrum olmuşdur. İddiaçı Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinin İİ kurs tələbəsidir, əmək fəaliyyəti ilə məşğul olmur, aldığı təqaüd isə maddi tələbatına və dərs vəsaitinin alınmasına kifayət etmir. Hal-hazırda anası ilə birlikdə kirayə yaşayırlar. Cavabdeh və nümayəndəsi X5 ərizə təqdim edərək, BDU-nun hüquq fakültəsinin İİ kurs tələbəsi, cavabdehin Sadıqova Aqilədən olan qızı İddiaçı 18 yaşından sonra da cavabdehin təqaüdündən 1.000 (bir min) manat aliment verilməsini xahiş etmişlər. Cavabdeh nümayəndəsi X5 ərizə təqdim edərək, iddianı qismən qəbul etdiyini, hər ay 1.000 manat pulun tutulub iddiaçıya verilməsinə etirazları olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3796/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “1000 manat aliment borcu və hər gecikdirilən gün üçün dəbbə pulu” tələbi hissəsində iş üzrə icraata xitam verilərək, iddiaçıya həmin tələblə müvafiq yekun məhkəmə aktının icrası qaydasında icra icraatı çərçivəsində - 8 indeksi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması, həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, cavabdehin etirafını tədqiq edib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İİ seriyalı 075115 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası X3r. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1910/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, anası X6 olan Qızıltac adlı uşağın atası Cavabdeh olması faktı müəyyən edilərək, doğum haqqında şəhadətnamənin verilməsi Nəsimi rayon VVADQ şöbəsinə həvalə edilmiş, doğum haqqında şəhadətnamədə uşağın adı, soyadı İddiaçı, ata qrafasında “Cavabdeh”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X6”, milliyyəti “azərbaycanlı” qeyd edilməsi, xx.xx.2007-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X4 verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Dövlət Universitetinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, İddiaçı həmin universitetin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının əyani təhsilalma forması, ingilis bölməsi üzrə dövlət sifarişi əsasında təhsil alan İ kurs tələbəsidir. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16-00967 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, 50 manat İMS və 10 manat poçt xərci İddiaçı nümayəndəsi X6 tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X6 tərəfindən 60 manat məbləğində pul Bakı 16 saylı Mediasiya Təşkilatının hesabına mədaxil edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh “Azərbaycan Dillər Universiteti” PHŞ-də “filologiya müəllimi” və “mərkəz müdiri” vəzifələrində işləyir, əmək haqqı 1.540 manat (550 manat və 990 manat) təşkil edir; həmçinin, yaşa görə 1.569,67 manat məbləğində pensiya alır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh hazırkı iş üzrə İddiaçı atası olması faktı müəyyən edilməklə, iddiaçının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. İddiaçı hazırda 18 yaşına çatmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavriat səviyyəsi üzrə İ kurs tələbəsidir. İddiaçı tələbə olduğu üçün əmək fəaliyyəti ilə məşğul ola bilmədiyinə, maddi təminatının aşağı olduğuna, atasının – cavabdehin isə kifayət qədər yüksək gəliri olduğuna görə, xx.xx.2024-cü il tarixindən universiteti bitirənədək cavabdehin qazancından və digər gəlirlərindən 50 faiz miqdarında aliment tutulmasının davam etdirilməsi üçün müvafiq mediasiya təşkilatına müraciət etsə də, keçirilmiş mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixindən universiteti bitirənədək cavabdehin qazancından və digər gəlirlərindən 50 faiz miqdarında aliment tutulmasının davam etdirilməsini tələb edir, cavabdeh tərəf isə ərizə təqdim edərək, hər ay 1.000 manat məbləğində alimentin iddiaçıya verilməsinə etiraz etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1- 81.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, yetkinlik yaşına çatmış iddiaçı tələbə olduğu üçün əmək fəaliyyəti ilə məşğul ola bilmədiyinə və maddi təminatının aşağı olduğuna görə, 18 yaşına çatandan sonra da cavabdehdən tutulan alimentin davam etdirilməsini tələb etsə də, məhkəmə bu tələbi yetkinlik yaşına çatmış, maddi yardıma ehtiyacı olan övladın atasının əlavə xərclərin ödənilməsinə cəlb edilməsini tələb etməsi kimi qiymətləndirir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin “alimentin tutulmasının davam etdirilməsi” kimi göstərilməsinə baxmayaraq, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmə qeyd edir ki, əslində iddiaçının niyyəti universiteti bitirənə qədər atasından onun xeyrinə aylıq pul tutulmasına nail olmaqdır. Bu tələbin qanuni əsası isə məhkəmənin qənaətinə görə, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-81.2-ci maddələrinə uyğun gəlir. Məhkəmə iddia tələbini və cavabdehin etirafını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, cavabdehin etirafı qanunamüvafiqdir, mübahisə tərəflərinin, habelə üçüncü şəxslərin hüquq və mənafelərinə toxunmur. Belə ki, Ailə Məcəlləsinin 81.2-ci maddəsində əlavə xərclərin hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunması təsbit edildiyindən, məhkəmə cavabdehin etirafını tərəflərin maddi vəziyyəti, eləcə də diqqətəlayiq digər hallarla yanaşı tədqiq edərək hesab edir ki, onun etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə işin faktiki hallarına məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı Dövlət Universitetində təhsilini (bakalavriat səviyyəsini) bitirənədək Cavabdeh hər ay 1.000 (bir min) manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, xərclərin bölüşdürülməsi ilə bağlı qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olubolmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, məhkəmə xəclərinin qalan hissəsi İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı Dövlət Universitetində təhsilini (bakalavriat səviyyəsini) bitirənədək Cavabdeh hər ay 1.000 (bir min) manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, məhkəmə xəclərinin qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3796/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3796/2024
23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver