Məhkəmə qərarları › İş №2(006)-3800/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3800/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3800/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh1 MMC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 may 2022-ci il tarixində, saat 08:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində **-PV-*** və **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştrakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində şirkətə məxsus “Kontakt Home” mağazasının girişində olan pilləkən və məhəccər yararsız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsini araşdıran Binəqədi RPİnin təhqiqat şöbəsinin baş təhqiqatçsı Fərid Şirinovun qəbul etdiyi 30 may 2022-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, yuxarıda qeyd olunan tarixdə Atatürk prospektində Naxçıvani küçəsi istiqamətində hərərkətdə olan **-PV-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX" markalı nəqliyyat vasitəsini idarə edən X6 ötmə qaydalarını pozmuş, nəticədə eyni istiqamətdə hərəkətdə olan **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və idarəetməni itirərək Atatürk prospekti 65B ünvanında yerləşən “Kontakt Home” mağazasının girişində olan pilləkənlərə çırpılaraq dayanmışdır. Qeyd olunan hadisə nəticəsində mağazanın girişində olan pilləkənlər və məhəccər yararsız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsində mağazanın girişində olan pilləkənlərin və məhəccərin yararsız vəziyyətə düşməsi nəticəsində şirkətə 500 (beş yüz) manat maddi ziyan dəymişdir. Zərərin həcmi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarda da öz təsdiqini tapmışdır. Hadisə nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi üçün yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan X3 idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” markalı nəqliyyat vasitəsininin hansı sığorta şirkəti ilə icbari sığorta müqaviləsinin olması İcbari Siğorta Bürosunun internet saytında yoxlanmış, məlum olmuşdur ki, hadisə baş verdiyi tarixdə nəqliyyat vasitəsinin icbari siğorta müqaviləsi olmamışdır. Odur ki, mağazaya dəymiş maddi ziyanın əvəzi cavabdehlərdən tutulmalı və "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 MMC və X1 dəymiş zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı onlara aid hissədə qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazını bildirərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC ilə X4 arasında “Daxili lizinq” müqaviləsi bağlanmış və sonuncunun istifadəsinə 2021-ci il buraxılışlı **-PV-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” markalı avtomobil verilmişdir. Həmçinin, M.C.Abdullayevin xahişi əsasında avtomobilin idarə olunmasına dair xx.xx.2022-ci il tarixli etibarnamə verilmişdir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti lizinq alan daşıyır. Ona görə də məhkəmədən iddianın Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin faktiki hallarından məlum olur ki, iddiaçı "xxxx" MMC 15 may 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona (Atatürk prospektində yerləşən “Kontakt Home” mağazasına) maddi ziyan vurulmasını iddia edərək, ziyanın iddia ərizəsində məhz qeyd olunan məbləğdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, ziyanın məbləğini necə hesabladığını izah edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillər iddiaçıya vurulmuş ziyanın məhz 500 manat olması qənaətinə gəlmək üçün əsas hesab oluna bilməz. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş və iddiaçının sübut kimi istinad etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Binəqədi RPİ-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarında mağazaya 500 manat ziyan dəyməsi məhz iddiaçının özünün məktubu əsasında müəyyən olunduğu göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar