Məhkəmə qərarları › İş №2(006)-3818/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3818/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3818/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə2 və cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş qalıq borc məbləği 4941,84 ABŞ dollarının onun adından silinməsi və borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC və Cavabdeh3 MMC-yə həvalə edilməsi və ondan əsassız və qanunsuz olaraq tutulmuş 1073,04 manat və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş kreditin qalıq məbləği kimi 617,31 USD, faiz məbləği kimi isə 9656,21 USD borcun iddiaçının adından silinməsi və borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC və Cavabdeh3 MMC-yə həvalə edilməsi və ondan əsassız və qanunsuz olaraq tutulmuş 1073,04 manat və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 12 iyun 2014-cü tarixli kredit müqaviləsi üzrə 6368 ABŞ dolları 08 sent əsas borc, 2166 ABŞ dolları 34 sent faiz borcu və 326 ABŞ dolları 57 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 886 ABŞ dolları 99 sent məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3158/2017 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, iddiaçı və X1 ümumilikdə 8544 (səkkiz min beş yüz qırx dörd) ABŞ dolları sent pulun tutularaq iddiaçı “Dəmir Bank" ASC-yə ödənilməsi qət edilmişdir. “DəmirBank" ASC-nin “Nizami” filialı ilə iddiaçı arasında 12 iyun 2014-cü il tarixli, 6704 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi Cavabdeh1 ASC-nin “Nizami” filialı ilə X3 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, ZM-6704 saylı zaminlik müqaviləsi bağlanmışdır. O zaman cavabdeh kimi ona təqdim edilmiş ödəniş cədvəlinə əsasən krediti vaxtı-vaxtında ödəmişdir. Lakin, 2015-ci ilin fevral ayında “Devolvasiya” baş verməsinə baxmayaraq götürdüyü kreditin ödənişini davam etdirmişdir (yəni, 1 dolları 1 manat 05 qəpik qaytarmışdır) və ödəniş vaxtını uzatmaq üçün xx.xx.2015-ci il tarixində Cavabdeh1 ASC ilə əlavə saziş (01/05 saylı) imzaladı. Bir neçə aydan sonra Respublikada təkrar “Devolavasiya” nəticəsində bir dollar ilkin 1 (bir) manat 90 (doxsan) qəpik, daha sonra isə 1 (bir) manat 70 (yetmiş) qəpik olmaqla kurs müəyyən edilmişdir. Ona görə kredit ödənişini dayandırdı. Belə olan halda iddiaçı “DəmirBank" ASC ərizə ilə məhkəməyə müraciət edərək 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6368 ABŞ dolları əsas borc, 2166 ABŞ dolları 34 sent faiz borcu və 326 ABŞ dolları 57 sent cərimə borcu olmaqla, ümumilikdə cəmi 8860 ABŞ dolları 99 sent məbləğində pul tələb etmiş və məhkəmə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. xx.xx.2017-ci il tarixində qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. xx.xx.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. O zaman Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) öz təşəbbüsü ilə problemli kreditlərin kompensasiyasını müəyyən etmiş və 2015-ci ilin sonuna kimi “Devolavasiya" zamanına qədər ödədiyi kredit ödənişləri nəzərə alınmışdır. Eyni zamanda onun "xxxx" ASC üzrə ödədiyi kreditləri nəzərə alınmaqla (772.55 manat) ona qaytarılmalı kompensasiya əvəzləşdirilmişdir. Belə ki, xx.xx.2014-cu il tarixində Cavabdeh1dan götürdüyü kreditlərin əvəzinə silinmişdir. O zaman restrukturizasiya olunduqdan sonra MBNP tərəfindən elektron qaydada məlumat onun mail ünvanına xx.xx.2019-cu il tarixində daxil olmuşdur. Həmin vaxtı ona elektron qaydada verilmiş sənəddə onun "xxxx" ASC-yə borcunun məbləği 4701.61 manat (dörd min yeddi yüz bir manat altmış bir qəpik) təşkil etmişdir. Onda iddiaçı 2019-cu ilin sentyabrın sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, banka olan borcunu hansı qaydada ödəyəcəyini soruşduqda ona bildirdilər ki, onun mail ünvanına, ya da telefonuna rəsmi məlumat gələcəkdir. Ona görə o, bir neçə ay gözləməli oldu. 2020-ci ilin birinci rübündə COVİD-19 pandemiyası ilə əlaqədar bütün təşkilatlarda (orqanlarda) iş rejimi dəyişdirilmiş və insanların sərbəst hərəkətinə qadağalar qoyulduğundan uzun müddət evdə qaldı. Sonradan Pandemiyanın nisbətən yumşaldığı zaman iddiaçı xx.xx.2020 tarixində ləğv prosesində olan Cavabdeh1 ASC-nin Problemli kreditlər şöbəsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru Tural Piriyevə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4701.61 manat (dörd min yeddi yüz bir manat altmış bir qəpik) məbləğində borcunun 60 ay müddətində restrukturizasiya olunmasına göstəriş verilməsini xahiş etdi. Onun ərizəsi xx.xx.2020-ci il tarixində qəbul edilməsinə baxmayaraq bu vaxta kimi cavablandırılmamışdır. Buna baxmayaraq, iddiaçı öz təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etdi və Cavabdeh1 ASC üzrə kurator Mirhüseyn adlı şəxs onun ərizəsini qəbul etməyəcəklərini, 8544 ABŞ dolları 26 sent və 30 manat pul kredit borcu olduğunu ona bildirmişdir. Eyni zamanda Mirhüseyn 3849 ABŞ dolları birdəfəlik ödədiyi təqdirdə kredit borcunu bağlayacağını ona bildirdi. Lakin, onda həmin vəsaiti ödəmək imkanı olmamışdır. Həmçinin, ərizəsi ilə əlaqədar iddiaçı 2021-ci ilin aprel, may, iyun aylarında Cavabdeh1ın problemli kreditlər şöbəsində olmuşdur və onun ərizəsi üzrə yeni ödəniş cədvəli və müqavilənin bağlanmasını soruşdu. O zaman ona bildirildi ki, onun ərizəsi hələ də cavablandırılmamışdır və bununla əlaqədar Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyini məsləhət gördülər. Ona görə o, bir neçə dəfə həmin Fondda oldu və ərizəsinin daxil olma nömrəsini (2022 1408 07304) verərək X5 Kreditlər Şöbəsinə yaxınlaşmağını məsləhət gördülər. O, təkrar “Dəmir Bankın” Problemli Kreditlər Şöbəsinə gəldikdə ona bildirdilər ki, ərizəsi yenə də cavablandırılmayıb və ərizəsinin qeydiyyata götürülmüş surətini ona təqdim etmişlər. Lakin, sonradan o, bir neçə dəfə cəhd edərək onunla kredit müqaviləsinin bağlanması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. xx.xx.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını o zaman Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirirdi. Lakin, hazırda göstərilən fərmanın icrası bilavasitə Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. Onun banka qalan kredit borcu üzrə Yasamal rayon icra qurumu tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli, 17/72- 283145/12 saylı məktuba əsasən ondan hər ay əmək haqqının 50 faizi qədər pulun (manatla) tutularaq Mərkəzi Banka ödənilmələrin tutulmasını xahiş etmiş və onun iş yeri üzrə hər ay (may- 358 manat, iyun 358 manat, iyul - 426 manat) tutmalar tutulması həyata keçirilmişdir. 2021-ci ilin mayından etibarən onun əmək haqqından tutulmalar başlanmışdır. Həmin tarixdən hazıradək onun əmək haqqından ümumlikdə 5774,65 (beş min yeddi yüz yetmiş dörd manat altmış beş qəpik) manat məbləğində pul tutulmuşdur. Bununla da ondan 1073,04 manat məbləğində artıq pul tutulmuşdur. Lakin, Bakı şəhəri Yasamal rayon icra şöbəsi bildiriş göndərərək 4941,84 ABŞ dolları qalıq borcun və 30 manat dövlət rüsumunun, həmçinin ümumi məbləğin 7 faizi - 598,09 ABŞ dolları məbləğində pulun tutulmasını ondan tələb edir. Bu səbəbdən də hazırda həmin borcun silinməsi və ondan artıq tutulmuş pulun ona geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bankın borc pul tələbinə dair iddiası 2017-ci il tarixdə məhkəmə qətnaməsi ilə qismən təmin edilərək icraya yönəldilmişdir. 2019-cu il tarixdə Prezidentin fərmanına əsasən, bütün işlər geri qaytarılmış və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, bu məsələlərə baxınlar. 2019-cu ilin iyul ayında onun mailinə bildiriş gəlmişdir ki, borcu dollarla yox, artıq 4701 manat məbləğindədir. Əgər, Prezidentin 2019-cu il tarixli Fərmanı ona aiddirsə, o zaman borc məbləği hesablanaraq onun adından silinsin. Necə ola bilər ki, manatla olan borc sonradan dollara çevrilir. Vətəndaşa qarşı belə hərəkət etmək düzgün deyildir. Sonda borcun adından silinməsini, artıq ödənilmiş pulun ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə yazılı vəsatət təqdim edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli, 49 saylı qərarı ilə Cavabdeh1 ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Banklar haqqında Qanunun 72-ci maddəsinə əsasən, Bankın müflis elan edilməsinə dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialara dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialara üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialara üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin, bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Hazırda icraatda olan İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, artıq ödənilmiş pulun geri qaytarılması və s.” tələbi də bank fəaliyyətini həyata keçirdiyi tələblər üzrə işlər kateqoriyasına daxildir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3818/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin “...artıq ödənilmiş pulun qaytarılması...” hissəsində icraatına xitam verilmişdir. Mülki iş üzrə digər cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxış iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(004)-3158/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı borc tələbinə dair iddia təmin edilərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 6368 ABŞ dolları 06 sent əsas borc, 2166 ABŞ dolları 20 sent faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 8544 ABŞ dolları 26 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat pulun cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(004)-3158/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilən 26 aprel 2021-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı həmin dövrə olan qalıq borcu 4941,84 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil etmişdir. Mülki işin materiallarında olan 13 iyul 2021-ci il tarixli Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən İddiaçı məxsus borc məlumatlarından görünür ki, borc üzrə cəmi hesablanmış kompensasiya məbləği 6124,12 manat, restrukturizasiya məbləği 4701,61 manat təşkil etmişdir. Mülki işin materiallarında olan 05 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ünvanlanan məktubdan görünür ki, xx.xx.2014-cü il tarixli müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.368,08 ABŞ dolları (10.825,74 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 6.124,12 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən, bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada retsrukturizasiya ediləcək məbləğ 4.701,61 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Mülki işin materiallarında olan 26, 1661, 1832, 977, 1330, 284, 478, 1288, 968, 1967, 1429, 2355, 2191 və 2737№-li Ödəniş tapşırıqlarından görünür ki, müxtəlif vaxtlarda iddiaçının aylıq əmək haqqından müəyyən məbləğlərdə olmaqla cəmi 5774,65 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının hesabına tutulmuşdur. Mülki işin materiallarında olan mədaxil qəbzindən (№ 9********) görünür ki, iddianın qaldırılması üçün İddiaçı tərəfindən 105,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları əsasında işin faktiki halları kimi müəyyən edilmişdir ki, İddiaçı ilə LPO Cavabdeh1 ASC arasında 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsindən yaranan borc üzrə LPO Cavabdeh1 ASC məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında borc tələbi icraya yönəldilmiş, 2019-cu il tarixli Prezident Fərmanına əsasən, borclunun kredit borcundan 6124,12 manatı kompensasiya edilərək, restrukturizasiya məbləği 4701,61 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, borclunun əmək haqqından müxtəlif vaxtlarda cəmi 5774,65 manat məbləğində pul tutulmuşdur. Halbuki, restrukturizasiya olunmalı məbləğ 4701,61 manat müəyyən edilmişdir. Göründüyü kimi, borcludan iddia ərizəsində qeyd etdiyi kimi 1073,04 manat məbləğində pul vəsaiti artıq tutulmuşdur. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş kreditin qalıq məbləği kimi 617,31 USD, faiz məbləği kimi isə 9656,21 USD borcun adından silinməsi və borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC və Cavabdeh3 MMC-yə həvalə edilməsi və ondan əsassız və qanunsuz olaraq tutulmuş 1073,04 manat və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. İlk öncə məhkəmə iddia tələbinin pulun geri qaytarılması hissə ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək bildirir ki, iddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-dən artıq ödənilmiş pulun geri qaytarılmasını tələb edir. Halbuki, həmin Qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarına əsasən, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Məhz bu əsasla məhkəmə qərardadla İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC, Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin “...artıq ödənilmiş pulun qaytarılması...” hissəsində icraatına xitam vermişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki işin araşdırılması zamanı məhkəmənin ilk növbədə diqqət yetirdiyi hal İddiaçı hesabında 617,31 USD qalıq, 9656,21 USD faiz məbləğində borcun göstərilməsinin əsaslı olubolmadığı olmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, iş materiallarında olan ödəniş tapşırıqları əsasında borc məbləğinin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapmışdır, bu məbləğin borclunun hesabında saxlanılması əsassızdır. Bu isə öz növbəsində iddiaçının gələcəkdə kredit götürməkdə və buna bənzər işlərdə çətinliklərlə üzləşə biləcəyinə gətirib çıxara bilər ki, bu da onun hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Məhkəmə, iddia tələbinin 105 manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, əsas tələbin pulun tutulması hissəsində icraatına xitam verildiyindən və iddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş olan 105 manat məbləğində dövlət rüsumunun 55 manatı iddiaçının özünə aid edilməli, qalan 50 manatı isə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməli, borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilsin. Borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar