Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3838/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğinin, eyni zamanda tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2236/2021 saylı, 0406.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 175 manat sabit pul aliment məbləğində aliment tutularaq Mehdiyeva (Hüseyinova) İlahə Eldar qızına verilməsi qət edilmişdir. Sonradan İddiaçı təkrar müraciətinə əsasən aliment məbləği artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir.Hal-hazırda övladları X9 4 yaş 7 aylıqdır. Müəyyən olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın məsrəfləri yetərincə artmışdır. Bildirir ki, hazırda ölkə üzrə yaşayış minimumu uşaqlar üçün Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublkası qanununa əsasən 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını və ehtiyacını o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Tərəfindən Bakı şəhəri 14 saylı mediasiya təşkilatına müraciət olunmuş, ona xx.xx.2024-cü il tarixdə MŞB/14/2024-00392 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia tələbi müəyyən səbəblərə görə artırılmamalıdır. Belə ki, tərəflər arasında bağlanan nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün cavabdeh 175 manat aliment ödəmiş və alimentdən kənar da uşağın digər ehtiyaclarını nəzərə alaraq əlavə vəsait ödəmişdir. Bunu özü də təsdiq edər. Buna baxmayaraq iddiaçı təkrar olaraq alimentin miqdarını artırmaq üçün məhkəməyə müraciəti əsasında məhkəmə alimentin miqdarını artıraraq 193 manat etmişdir. Cavabdeh həmin məbləği də hal-hazırda ödəyir. İddiaçı hal-hazırda Bakı şəhərində yaşayır. Cavabdeh isə ağır xəstə ola-ola qazanc dalınca Rusiyaya getmiş və yenidən ailə qurmalı olmuşdur. Cavabdehin ikinci yoldaşı hal-hazırda hamilədir, işləmir, yoldaşının hamiləliyini xx.xx.2024cü il tarixli həkim sənədi təsdiq edir. Bir nənə kimi o da xəstədir. Bu, xx.xx.2022-ci il tarixli həkim sənədi ilə təsdiq olunur. Cavabdehin atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, cavabdehin ikinci qurduğu ailəsi ilə birlikdə oğlunun himayəsindədir. Cavabdeh onların baxılması üçün min bir əziyyət çəkir. İddiaçı isə bütün bunlardan xəbərdar olmasına baxmayaraq hər il alimentin artırılması üçün məhkəməyə müraciət edir. Cavabdeh uşağına baxmaqdan imtina etmir. O da cavabdehin uşağıdır. Lakin iddiaçı işləyir və cavabdehin işləməməyimə baxmayaraq tətbiq olunmuş əvvəlki alimenti faktiki nəyin bahasına olursa olsun gecikdirmədən ödəyir. Ailə çətinliyinə görə hazırda cavabdehin bir manata da ehtiyacı var. İddiaçı cavabdehin vəziyyətinin gərgin olmasından istifadə edərək ondan qisas almaq məqsədilə, onu məhkəmə qaydasında yükləməklə qərəzlilik aparır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etirazda göstərilən halları məhkəmənin diqqətinə çatdırdı və əvvəlki məhkəmə tərəfindən qəbul edilən qərarı qüvvədə saxlamaqla, alimentin miqdarının artırılması hissəsində iddianın rədd edilməsini xahiş etdi. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2236/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması və Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 14 saylı Mediasiya Təşkilatının MŞB/9/2024-00392 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh İMS-də iştirak etməmiş, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. AZ-İV seriyalı, 390048 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X7 qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X5 atası olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat məbləğində aliment tutulması mülki işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı həmin məbləğin uşağın saxlanmasına yetərli olmadığına istinad edərək məbləğin yaşayış minimumu həddində müəyyən edilməsini tələb etmişdir. Həmçinin cavabdeh tərəfindən verilən etirazda cavabdehin yenidən ailə qurması, cavabdehin özünün xəstə və arvadının hamilə olması əsas gətirilərək alimentin artırılmaması tələb olunmuşdur. Məhkəmə hər bir halda hesab edir ki, uşağın üstün mənafeyi nəzərə alınmaqla aliment məbləği artırılmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Lakin cavabdehin maddi vəziyyətində dəyişikliklərlə bağlı məsələni nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və alimentin miqdarı artırılaraq hər ay 210 manat sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin cavabdehdən ödənilmiş 60 manat məbləğində mediasiya xərci iddiaçının xeyrinə və iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Belə ki, hazırki iddia tələbinə əsasən iddianın qiyməti (210-193=17, 17x12=204) 204 manat təşkil etdiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3011/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3838/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3838/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver