Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-385/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona məxsus olan «Renault Megane» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər və təmir xərcləri üçün 3.320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində ona məxsus olan «Renault Megane» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1034 ünvanda durarkən reklam qurğusunun düşməsi nəticəsində avtomaşına ziyan dəymişdir. Reklam qurğusunun kim tərəfindən quraşdırılması və reklam qurğusunun kimə məxsus olmasının müəyyən edilməsi barədə ərazi üzrə polis bölməsinə və Bakı şəhəri Reklam İdarəsinə yazılı müraciətlər etmişdir. Bakı şəhəri Reklam İdarəsinin rəisi Mehdi Ağayev tərəfindən imzalanmış 27 sentyabr 2022-ci il tarixli Ri-1/xx-xx/2820 saylı müraciətə baxılmasının nəticəsi barədə cavabdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində açıq məkanda yerləşdirilmiş reklam qurğusunun mülkiyyətçisi barədə olan məlumatlar «Kommersiya sirri haqqında» Azərbaycan Respublikası Qanununa əsasən kommersiya sirri hesab olunan məlumatlar olduğundan, həmin reklam qurğusunun mülkiyyətçisi barədə məlumatlar ona açıqlanmamışdır. Reklam qurğusunda "xxxx" Şirkəti və «Neptun» mağazalar şəbəkəsi barədə reklam yerləşdirilmişdir. Şifahi məlumatına görə, reklam qurğusu Cavabdeh MMC tərəfindən quraşdırılmışdır. Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi İlqar Abdullayev tərəfindən imzalanmış 24 sentyabr 2022-ci il tarixli 084- 15242-1 saylı arayışdan görünür ki, avtomaşınına vurulmuş ziyanla bağlı araşdırma aparılmış, lakin müsbət nəticə əldə edilməmişdir. İddia ərizəsini müdafiə edir və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - AD seriyalı 774164 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Renault Megane» markalı ** DT *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı adına qeydiyyata alınmışdır, avtomobilin mülkiyyətçisidir. - DİN Nəsimi RPİ 20-ci PB-nin 14 sentyabr 2022-ci il tarixli 084-15242-1222 saylı arayışından görünür ki, 12 sentyabr 2022-ci il tarixdə vətəndaş İddiaçı məxsus «Renault Megane» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1034 ünvanda üzərinə reklam şitinin düşməsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Faktla bağlı araşdırma aparılmış, lakin müsbət nəticə əldə edilməmişdir. - xx.xx.2022-ci il tarixli RS ******* saylı qüsur aktından görünür ki, «Renault Megane» markalı ** DT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş ziyanın aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və işlərin görülməsinə ümumilikdə 3.320 manat pul vəsaiti tələb olunur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı həmin gün saat 15:16-da 527 saylı terminaldan «Expresspay» ödəniş sistemi vasitəsi ilə 30 manat dövlət rüsumu ödəmişdir. 70 manat 60 qəpik qalıq kartının 90 gün ərzində etibarlı olduğu qeyd edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün nəticə etibarı ilə 30 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin 08 dekabr 2022-ci il tarixli Ri-1/xx-xx/3945 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 1034 ünvanda açıq məkanda ayrıca dayaqlı reklam qurğusunun yerləşdirilməsinə icazə verilməsi üçün Cavabdeh MMC tərəfindən İdarəyə müraciət edilmiş və qanunvericiliyə uyğun olaraq Cəmiyyətə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə İ**********0298 nömrəli «Açıq məkanda reklam yerləşdirilməsinə icazə» verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/425 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Renault» servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı, «Renault Megane» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.220 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehə məxsus reklam qurğusu iddiaçının avtomobilinin üzərinə düşməklə, iddiaçıya məxsus avtomobilə 3.220 manat məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən, iddia qismən təmin edilməklə vurulmuş maddi zərər Cavabdeh MMCdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 3.220 manat maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 3.220 manat maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-385/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-385/2023
17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver