Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3858/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona vurulmuş 2200 (iki min iki yüz) manat ziyan pulunun və ödənilmiş 42 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Lerik rayonunun Haftonu kəndində yaşayır. 01 iyun 2024-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatında olan iri buynuzlu heyvanları Haftonu kəndinin örüş sahəsinə buraxmışdır. Həmin tarixdə axşam saatlarında inəyi geri dönmədiyinədən inəyi örüş sahəsində axtarsa da, lakin hava dumanlı olduğu üçün tapa bilməmişlər. Səhərisi yenidən inəyin axtarışına çıxdıqda ona məxsus bir baş qonur rəngli inəyin elektrik naqilinin üstünə düşməsini nəticəsinə tələf olmasını görmüşdür. Həmin inəyin çəkisi 400 kq təşkil edirdi. Bu səbəbdən kənd sakinləri və ƏİN-in iştirakı, həmçinin baytarlıq idarəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin hadisə ilə bağlı foto şəkillər və video çəkiliş aparılmışdır. Bu səbəbədən sözügedən ziyanın ödənilməsi ilə bağlı Azərişıq ASC-in Lerik rayon filialına müraciət etsə də ziyanın ödənilməsindən imtina edilmişdir. Belə ki, ərizəsinə əlavə etdiyi Lerik rayon HSBX İdarəsinin Epizodik tədbirlər şöbəsinin müdirinin də imzaladığı aktla və ƏİN-i və kənd sakinlərinin iştirakları ilə tərtib olunmuş akla müəyyən olmuşdur ki, ona məxsus 1 baş iri buynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Həmçinin ƏİN-si və kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan, foto şəkillərdən, video çəkilişdən də görünür ki, ona məxsus iri buynuzlu inək xx.xx.2024-cü il tarixdə Lerik rayon Haftonu kəndi ərazisində yüksək gərginlikli elektrik naqilinin qırırlıb yerə düşməsi nəticəsində tələf olmuşdur. Ona məxsus iri buynuzlu inək cavabdehin təqsiri üzündən ona görə tələf olmuşdur ki, elektrik xəttinə elektrik əməkdaşları tərəfindən vaxtı-vaxtında nəzarət olunmamışdır. Həmçinin elektrik xətləri yerlə çəkilmiş olsa belə onda həmin xətlər ətrafdakılara təhlükə yaratmadan çəkilməlidirlər. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində ona ziyan dəymişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Lerik rayon Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 8 nömrəli təsərrüfatbaşına kitabın 418-ci şəxsi hesabında qeydə alınmış 1 baş qonur rəngli inəyi 01 iyul 2024-cü il tarixdə ərazinin Haftonu kəndində gedən yüksək gərginlik elektrik naqilin qırılıb, yerə düşməsi səbəbindən ölmüş, müraciəti ilə əlaqədar hadisə yerinə getmiş və baş vermiş hadisənin şahidi olduqlarını qeyd edərək aktda imza etmişlər. Lerik rayon Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 01 iyun 2024-cü il tarixində Lerik rayonu Haftoni kənd sakini İddiaçı müraciətinə əsasən onun şəxsi təsərrüfatında olan 1 baş ölmüş inəyini müayinə edərkən inəyin Haftoni ərazisindən keçən yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə inəyin üstünə düşməsi nəticəsində diri çəkisi təxminən 400 kiloqram olan inəyin ölməsi məlum olmuşdur. Lerik rayon Nücü kənd ərazi icra nümayəndəliyinin İddiaçı verilən xx.xx.2024-cü il tarixli 2-65-29/2-123/2024 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda ərazinin Haftonu kəndində yaşayır, 8 nömrəli təsərrüfatbaşına kitabın 418-ci şəxsi hesabında qeydə alınmış 8(səkkiz) baş iri buynuzlu (inək) heyvanından 1 (bir) baş qonur rəngli inəyi Haftonu kəndinə gedən yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə düşməsi səbəbindən ölmüşdür. Lerik rayon Nücü kənd ərazi icra nümayəndəliyinin İddiaçı verilən xx.xx.2024-cü il tarixli 2-65-29/2-122/2024 saylı arayışından görünür ki, İddiaçı Lerik rayonu, Haftonu kəndində yaşayır. Lerik rayon Nücü kənd ərazi icra nümayəndəliyinin təsdiq etdiyi (fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs -X5 iştirakı ilə) xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş aktdan görünür ki, İddiaçı 8 nömrəli təsərrüfatbaşına kitabın 418-ci şəxsi hesabında qeydə alınmış 1 baş qonur rəngli inəyi 01 iyul 2024-cu il tarixində Haftonu kəndinə gedən yüksək gərginlikli elektrik naqilin qırılıb, yerə düşməsi səbəbindən ölmüş, müraciəti ilə əlaqədar hadisə yerinə getmiş və baş vermiş hadisənin şahidi olmuşlar. Masallı rayonunun «Mal bazarının» direktoru X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1 baş 4 yaşında sağlam, yerli cinsli diri çəkisi 400 kq olan ana inək bazarda diri şəkildə alıcılar və satıcılar arasında 1700-1800 manat aralığında dəyərləndirilir. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xİdmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli yarma protokolundan görünür ki, İddiaçı 1 baş 3 yaşlı qonur rəngli inəyi 01 iyul 2024-cu il tarixində yüksək gərginlikli elektrik vurması səbəbindən ölmüşdür. Fotoşəkillərdən görünür ki, inəyin cəsədi olan yerdən açıq elektrik naqilləri keçir Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Lerik rayonu, Haftonu kəndində yaşayır. İddiaçı fərdi təsərrüfatla məşğul olur və təsərrüfatında iri burnuzlu heyvan saxlayır. xx.xx.2024-cü il tarixində baş vermiş hadisə nəticəsində heyvanlardan biri tələf olmuşdur. Belə ki, qeyd edilən tarixdə İddiaçı fərdi təsərrüfatında olan iri buynuzlu heyvanları örüş sahəsinə buraxmış və heyvanlardan biri – 3 yaşlı qonur rəngli təxminən 400 kq çəkisi olan inək açıq elektrik xəttinin altından keçərkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanı heyvanı vurmuşdur. Nəticədə elektrik xəttinə toxunmuş heyvan həlak olmuşdur. Bu halı təsdiq edəcək, yəni heyvanın elektrik cərəyanı nəticəsində həlak olmasına dair hal şahidlərinin iştirakı ilə aktlar, yarma protokolu tərtib edilmiş və müvafiq sənədlər və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. İddiaçı məxsus inəyin həmin ərazidə tələf olmasına gətirib çıxaracaq digər yüksək təhlükə mənbəyi yoxdur. Bununla da iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdeh "xxxx" ASC tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xəttlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Mülki Məcəllənin 1108-ci maddəsinin mənasına görə, yüksək təhlükə mənbəyinin vurduğu zərər nəticəsində mülki hüquq pozuntusu törətmiş hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən o, vaxt azad edilə bilərlər ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Hazırki halda iddiaçıya dəymiş maddi zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində, habelə onun qəsdi nəticəsində əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Əksinə, toplanmış sənədlərlə müəyyən olunur ki, iddiaçıya məxsus iri buynuzlu heyvan məhz yüksək gərginlikli elektrik enerjisinin vurması nəticəsində ölmüşdür. Yuxarıda sadalanan maddələrin mənasına görə, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın qismən təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yaranır. Belə olan halda məhkəmənin qənaətinə görə elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh "xxxx" ASC qəbul olunmuş Qaydaların tələblərinə riayət olunmasını təmin etmədiyindən, iddiaçıya vurulmuş olan zərər məhz yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir. İddiaçıya vurulmuş olan zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus tələf olmuş heyvanın dəyəri Masallı rayonunun «Mal bazarının» direktoru X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətində 1700-1800 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 1800 manat olduğunu hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1800 manat tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 42 manat dövlət rüsumunun 34 manat hissəsi cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun 34 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3858/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3858/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver