Məhkəmə qərarları › İş №2(006)-3861/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3861/2022

13.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3861/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1467 (min dörd yüz altmış yeddi) manat pulun və 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsini dolandırmaq üçün müxtəlif rayonlardan ərzaq məhsulları gətirərək, kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 68-in qarşısında həmin məhsulların satışı ilə məşğul olurdu. Qonşuluqda yaşayan Azər adlı şəxs ondan dəfələrlə ərzaq məhsulları almış və bundan sonra aralarında dostluq əlaqələri yaranmışdır. Belə ki, Azər ondan dəfələrlə nisyə ərzaq məhsulları almış və sonuncuda ona 1467 manat borcu yaranmışdır. Lakin, o, ona həmin borcu qaytarmaq istəmədikdə o da bu barədə Nəsimi rayon 20-ci bölməsinə müraciət etmiş və Azər də orada gəlib təhqiqat zamanı bildirdi ki, ondan nisyə mal götürdüyünü etiraf etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 04 iyul 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh vətəndaş İddiaçı sözlə bıçaqla öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələnməsi hədənin icra ediləcəyi üçün real əsaslar müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında pul borc mübahisəsi zəminində sözlə mübahisə baş vermiş, lakin Cavabdeh İddiaçı hər hansı bir zor tətbiq etməmiş və bədən xəsarəti yetirməmişdir. Lakin, Cavabdeh həmin hərəkətləri ilə xırda xuliqanlıq inzibati xəta törətmişdir. Belə olan halda əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı borcun qaytarılması tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 04 iyul 2022-ci il tarixli, İddiaçı ünvanlanmış məktubdan görünür ki, hadisəni törətmiş Cavabdeh əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri mövcud olduğu üçün həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərarın surəti 20-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Beləliklə, mülki işin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan göründüyü kimi, təhqiqat araşdırması zamanı vətəndaş Cavabdeh izahatında bildirmişdir ki, o, Gülağa adlı şəxsi təxminən 2 il bundan əvvəl yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımış və onunla aralarında tanışlıq münasibətləri yaranmışdır. Belə ki, həmin şəxs Papanin adlanan ərazidə ərzaq məhsullarının satışı ilə məşğul olur və o, Gülağa adlı şəxsdən 760 manat dəyərində ərzaq məhsullarını nisyə alaraq, indiyənə kimi borclu qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində o yaşadığı ünvan 1 ünvanında olan zaman əvvəlcədən tanıdığı Gülağa adlı şəxs gələrək, ondan nisyə götürdüyü əraz məhsullarının pulunu istədikdə, o Gülağaya hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığını, sonrakı günlərdə ona borclu qaldığı pulu verəcəyini dedikdə, Gülağa onu sözlə hədələməyə başlamışdır. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh izahatında İddiaçı 760 manat məbləğində borclu olduğunu özü etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 760 manat məbləğində nisyə mal almış, lakin bu günədək həmin məbləği iddiaçıya qaytarmamışdır. Cavabdeh ona borclu olduğu 760 manat məbləği Nəsimi RPİ-nin 20-ci PB tərəfindən aldığı izahatında etiraf etmişdir. Beləliklə, cavabdeh tərəfindən 760 manat məbləğində nisyə malın iddiaçıdan alınması və cavabdehin hələ də o borcu ödəməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının 1467 manat məbləğində tələbi qismən əsaslıdır və cavabdehdən 760 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Dövlət Rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbinin qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-i təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumu ilə bağlı hissədə əsaslıdır və iddianın qaldırılması üçün ödənilən 36 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 760 (yeddi yüz altmış) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 760 (yeddi yüz altmış) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar