Məhkəmə qərarları › İş №2(006)-3863/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3863/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3863/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli «Güvən» əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş əmanət məbləğindən hal-hazırki vaxta kimi ödənilməyən 19000(on doqquz min) manat məbləğində vəsaitin və hazırki iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin əsl cavabdeh bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmiş və kompensasiyanıın alınması üçün ötürülmüş müddətin üzürlü hesab edilərək, banka yerləşdirilmiş əmanət məbləğindən hal-hazırki vaxta kimi ödənilməyən 19000(on doqquz min) manat məbləğində vəsaitin və hazırki iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə Cavabdeh1 ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli «Güvən» əmanət müqaviləsinə əsasən o, banka ümumi sığortalı depozit faiz 13 faiz olan zaman 5050 manat məbləğində vəsait qoymuş və illər üzrə həmin məbləğə əlavələr edilməklə sonuncu vəsait məbləği 32000 manat təşkil etmişdir. O, sonrakı illərdə müqavilə bağlamamış və ümid etmişdir ki, sığortalanan əmanətlərin faiz dəyişikliyi bank tərəfindən tənzimlənir, bundan başqa bu bank ƏSF-nun üzvü olduğu üçün o, həmin vəsaitin hər bir halda qaytarılacağına ümid etmişdir. Lakin gözlənilmədən xx.xx.2020-ci ildə AR Milli Bmkı tərəfindən verilmiş qərara əsasən bu bankın lisenziyası ləğv olunmuş və bundan sonra onun məşəqqətli günləri başlamışdır. Belə ki, o, da Cavabdeh1 ASC-nin minlərlə müştərisi kimi həmin vəsaitin geri qaytarılması ilə bağlı banka müraciət etmiş, ona həmin vəsaitdən yalnız 13312 manat geri qaytarılmış və bildirilmişdir ki, qoyulan yığım əmanəti üzrə vəsait tam həcmdə ona qaytarılacaq, hətta adına bankda həmin vəsaitin köçürülməsi məqsədi ilə hesab da açaraq ona kart verilmişdir. Lakin artıq 4 ilə yaxın müddətin keçməsinə baxmayaraq həmin vəsait ona qaytarılmamışdır. O, bu illər ərzində vəsaitin qaytarılması ilə bağlı dəfələrlə AR Milli Bankına, AR ƏSF-na ərizələrlə müraciət etmiş və həmin müraciətlərə verilmiş cavab məktublarında bildirilmişdir ki, o, həmin vəsaiti ala bilər, lakin nə vaxt alacaq, bu suala cavab verilməmişdir. Onun səhhətində ciddi problemlər yaranmış və təcili ürək əməliyyatına girməlidir, lakin həmin vəsaitlərini geri ala bilmədiyi üçün bu əməliyyat baş tutmamışdır, bu da onun səhhətinin getdikcə daha da ağırlaşmasına və kritik həddə almasına səbəb olmuşdur. İddiaçı həmin vəsaiti illərlə toplamış və bu gün ondan yararlana bilmir. Cavabdehin etirazı: Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddia əsassızdır. Belə ki, məlum olduğu kimi, Cavabdeh1 ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə müflis elan edilmiş və Banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Müvəqqəti inzibatçı tərəfindən Fonda təqdim edilən bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən əmanətçi İddiaçı bankda əmanət və cari hesabları mövcuddur ki, həmin hesablara görə əmanətçiyə ümumilikdə 32 312 manat kompensasiya məbləği hesablanmışdır. Bu məbləğdən 13312 manat məbləğində vəsait xx.xx.2020-ci il tarixində müştəriyə ödənilmişdir. Kompensasiya məbləğinin qalıq hissəsi isə xx.xx.2019-cu il tarixindən sonra yatırım edilməsi səbəbindən kompensasiya edilməmişdir. Bildirilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ləğv prosesində olan banka qarşı kreditor tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. İddiaçı 19.023,93 (on doqquz min iyirmi üç manat, 93 qəpik) manat məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qeydə alınaraq ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Lakin iddiaçi tərəfindən 01 yanvar 2024-cü il tarixdə fonda müraciət edilmişdir və heç bir üzrlü səbəb təqdim edilməmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddət 01 may 2021-ci il tarixində başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 -ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və etiraz ərizəsinə uyğun izahat verərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh1 ASC (hazırda ləğv prosesindədir) ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli PTD.132621,006 saylı «Güvən» əmanət müqaviləsindən görünür ki, İddiaçı tərəfindən 5050 (beş min əlli) manat məbləğində vəsait Cavabdeh1 ASC-yə əmanət olaraq yerləşdirmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmanət xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 36 ay müddətinə, illik 13 faiz dərəcəsi qoyulmuşdur. X2 Sığortalanması Fonduna ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarlar qəbul edilmişdir (əlavə olunur). Həmin vaxtdan etibarən əmanətçilər qarşısında öhdəliklər qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirilə bilinmədiyini nəzərə alaraq qeyd olunan banklarda sığorta hadisəsinin baş verdiyi gün xx.xx.2020-ci il tarixi hesab olunur. Eyni zamanda bildirilir ki, X8 Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Atabank" Açıq Səhmdar Cəmiyyətinin və “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyaları ləğv edilmiş, habelə onların müflis elan edilməsi və ləğvedicinin təyin edilməsi barədə Mərkəzi Bank tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq sığorta hadisəsi baş vermiş banklarda qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi xahiş olunur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 3(103)-125/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh1 ASC-nin müvəqqəti inzibatçısı təyin olunduğu dövürdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəliklərin üzrə ödənişlərinə (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işçilərinin əmək haqqı üzrə ödənişlər, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlər, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan nıüzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla) moratorium tətbiq edilməsi qərara alınmışdır. İddiaçı LPO Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, banka yerləşdirdiyi əmanətinin bir hissəsini, yəni 13312 manatı xx.xx.2020-ci il tarixdə almışdır, lakin qalan 19000 manat əmanətinin alnması üçün köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə sorğusu əsasında LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə ünvanladığı məktubunda bildirmişdir ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlar reyestrinə daxil edilib-edilməməsi barədə məlumatın və Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - Fond) Himayəçilik Şurasının müvafiq qərarlarının təqdim edilməsi ilə bağlı müraciətə Fondda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Fond Bankın ləğvedicisi təyin olunmuşdur. Bildirilir ki, İddiaçı 19.023,93 (on doqquz min iyirmi üç manat, 93 qəpik) manat məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə qeydə alınaraq ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edilmişdir. LPO Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı 26 fevral və 01 aprel 2024-cü il tarixli məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)- 130/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır, Əmanətlərin Sığortalanması Fondu “Amrahbank" ASC-nin ləğvedicisi təyin edilmişdir. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər, tələbin hüquqi əsasını sübut edən sənədlər və digər məlumatların ləğvediciyə təqdim edilməsi əsasında yazılı şəkildə qeydə alınmalıdır. Müflis elan olunmuş bank qarşı olan kreditor tələbləri "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə müvafiq olaraq növbəlilik əsasında ödənilir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli 106 saylı protokoluna əsasən xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10% müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2020-ci il tarixli 116 saylı protokoluna əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin 953.1-ci maddəsinə əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. 25.1.4-cü maddəsinə əsasən, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur. Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada 10 % müəyyən edilmişdir. Həmin Şuranın xx.xx.2020-ci il tarixli qərarı əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Əmanət müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilənin 6.1-ci bəndinə uyğun olaraq müqavilə eyni tarixə, eyni şərtlərlə uzadılmış hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı bank əmanəti müqaviləsi üzrə kompensasiyanın ödənilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, sonrakı illərdə müqavilə bağlamamış və ümid etmişdir ki, sığortalanan əmanətlərin faiz dəyişikliyi bank tərəfindən tənzimlənir, bundan başqa bu bank ƏSF-nun üzvü olduğu üçün o, həmin vəsaitin hər bir halda qaytarılacağına ümid etmişdir. Cavadeh Əmanətlərin Sığortalanması Fondu isə ləğv prosesində olan Cavabdeh1 ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə 01 yanvar 2024-cü il tarixdə fonda müraciət edildiyini və heç bir üzrlü səbəb təqdim edilmədiyini, İddiaçı 19.023,93 (on doqquz min iyirmi üç manat, 93 qəpik) manat məbləğində kreditor tələbinin ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edildiyini göstərərək, iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2018-ci il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 13% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara və müqavilənin şərtlərinə əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olmuşdur. Buna görə də müqavilə bağlanan vaxt həmin əmanət qorunan əmanət hesab olunurdu. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 10 avqust 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçının əmanəti Bankda yerləşdiyi tarixdə qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən sığortalı əmanət olmuş və müqavilə müddəti bitdiyi tarixədək, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarının qəbulundan asılı olmadan bu statusunu saxlamışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli protokolunda da xx.xx.2019-cu il tarixədək yerləşdirilən əmanətlərin müqavilə müddəti bitənədək milli valyutada gəlirliyi 15 faizədək olduğu təqdirdə sığortalı olması göstərilmişdir. Cavadehin etirazının “Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Cavabdeh1 ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə həmin müddətdə fonda müraciət edilmədiyi” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Əmanətlərin Sığortalanması haqqında Qanunun 28.3-cü maddəsində Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etdiyi göstərilsə də, 28.4-cü maddədə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadılmasının mümkün olduğu, lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, internet portalından çıxarılmış məlumata əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci qrup əllillik dərəcəsi vardır, diaqnoz: xroniki limfa leykoz, İV mərhələ sonrakı vəziyyət. QDÇ İİ dərəcə. Xroniki xolesistit. Asteno-nevrotik sindrom. NSDkardial tipli. Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş iddiaçının ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmişdir və bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilməli, 01 oktyabr 2018-ci il tarixli “Güvən əmanət müqaviləsi”nə əsasən ləğvetmə prosesində olan Cavabdeh1 ASC-də iddiaçının qalan 19000 manat məbləğində əmanət məbləği cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 149 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilsin. 01 oktyabr 2018-ci il tarixli PTD.132621.006 saylı əmanət müqaviləsi üzrə 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzi cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar