Məhkəmə qərarları › İş №2(103)-2732/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2732/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2732/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs: X9) qarşı iş üzrə (Açar sözlər: bank əmanəti və bank hesabatı müqavilələri üzrə pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2721/2023 saylı 27 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 may 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin Qəbələ rayon şöbəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqaviləyə əsasən İddiaçı 24 ay müddətində illik 10 faiz ödənməsi şərti ilə 20000 AZN məbləğində pulunu Banka müddətli depozitə qoymuş, Bank isə həmin pulu əmanətçidən qəbul edərək bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edəcəyinə dair öhdəlik götürmüşdür. X9 tərəfindən İddiaçı ünvanlanmış ərizədən görünür ki, N.Qarakişiyev İddiaçı tərəfindən ona etibar edilmiş əmək haqqı kartında toplanmış 20.000 manat pulu xx.xx.2018-ci il tarixdə ABB ASC-də 24 aylıq, illik 10% hesablanmaqla Klassik Əmanət müqaviləsi ilə mədaxil qəbzi əsasında depozitə qoyulmuş və müqavilə filial müdiri və İddiaçı tərəfindən imzalanmışdır. Sonradan şəxsi ehtiyacları olduğundan İddiaçı məlumat vermədən xx.xx.2018-ci il tarixdə 15000 manat, xx.xx.2018-ci il tarixli FJB**********983 saylı məxaric orderi ilə 4000 manat, habelə xx.xx.2018-ci il tarixli FJB**********5874 saylı məxaric orderi ilə 1000 manat, cəmi 20000 AZN əmanət pulunu həmin məxaric orderlərində “müştərinin imzası” qrafasının qarşısında onun imzalarını oxşatmaqla götürmüşdür və bu zərəri ödəmək üçün Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha həyətyanı torpaq sahələrini onun mülkiyyətinə verməyə razıdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o cümlədən iş üzrə verilmiş mülki iddianın təmin edilərək 26.174,55 AZN maddi ziyanın mülki cavabdeh X2 tutularaq "xxxx" ASC-yə ödənilməsi hökm edilmişdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 digər payçıların da əvəzinə Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.06 ha olan hissəsini İddiaçı 9000 AZN-ə satmış, sonuncunun adından alqı-satqı müqaviləsini etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 bağlamışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə Orucov X18 rayonu, Vəndam qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini 34.000 manata X1, onun adından alqı-satqı müqaviləsini etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 bağlamışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında Müqavilə üzrə 20000 AZN, əmanətlə birlikdə 24 aylıq hesablanmış 4407 AZN aylıq faizlərin, xx.xx.2020 xx.xx.2023-cü illər ərzində əmanətin qaytarılması təmin edilmədiyindən əmanətə hesablanmalı olan 36 aylıq faizlərə görə 8574 AZN məbləğində zərərlərin, ümumilikdə əmanətlə birlikdə 32981 AZN vəsaitin, sağlamlığa vurulmuş zərərı görə 4230 AZN, mənəvi zərərə görə 20000 AZN, cəmi 57211 AZN məbləğində vəsaitin, həmçinin iddia ərizəsinin hazırlanması üçün vəkilə 1000 manat, məhkəməyə müraciət üçün 262 manat dövlət rüsumunun iddiaçının xeyrinə tuutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2020-ci il fevral ayının ortalarında ”Klassik əmanət (depozit) hesabı haqqında” müqavilənin 24 aylıq müddəti bitdiyi zaman, 20000 AZN əmanətini və hesablanmalı 4407 AZN faizi ödənilməsi üçün bankin rəhbərliyinə müraciət etdikdə, ona məlum olmuşdur ki, xəbəri olmadan əmanətinin saxlanmasına və qorunmasına tam maddi məsuliyyət daşıyan bankın vəzifəli şəxslərinin təqsiri üzündən kassa məxaric orderlərində açıq-aşkar imzaları saxtalaşdırılmaqla, depozitə qoyduğu bütün əmanət qanunsuz mənimsənilmişdir. Əmanətə qoyduğu pul məbləği və faizləri Əmanətçi kimi cari hesabına qaytarılmasını bank təmin edə bilmədiyi səbəbindən, bankın təqsiri üzündən müqavilə üzrə hüquqlarının pozulması nəticəsində, şəxsi pul vəsaitindən 5 il müddətində istifadə etmək imkanından və hüquqlarından məhrum olmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova, iş № 2(006)-2721/2023) iddia rədd olunmuşdur.

5. Məhkəmə işin faktiki hallarına əsasən bu qənaətə gəlmişdir ki, cavabdeh, yəni müqavilə münasibətləri ilə bağlı borclu olan Bankın əməkdaşı öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və iddiaçıya, yəni hazırkı halda kreditora məxsus olan pul vəsaitini mənimsəmişdir. Bu zaman Bank öz işçisinin qanunazidd əməlləri ilə bağlı məsuliyyət daşısa da, həmin məsuliyyətlə bağlı öhdəlik məhz qanunazidd hüquqpozmanı törədən şəxs tərəfindən yerinə yetirilmiş və kreditor olaraq iddiaçı da həmin yerinə yetirmə halını qəbul etmişdir. Əgər belə olmasa idi, hazırki iş üzrə iddiaçı ona dəymiş zərəri digər zərərçəkmişlər kimi Bankdan tələb edəcək və Bankın da öz müqabilində reqress qaydada həmin ödənişin edilməsini öz hüquqpozmanı törədən işçisindən tələb etmək hüququ yaranacaqdı. Lakin indiki halda iddiaçı sanki hadisələri qabaqlayaraq özü sonda dəymiş zərəri ödəməli olan şəxsdən birbaşa olaraq zərərini qarşılamağı tələb etmiş və buna nail olmuşdur, qanunvericiliyin mövqeyinə əsasən bununla bağlı müqaviləyə hər hansı dəyişiklik edilməsi tələb olunmadığından Bankla iddiaçı arasında mövcud olan depozit müqaviləsinə də hər hansı dəyişiklik və ya əlavə edilməsi zərurəti olmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 389.2, 390.1, 399.1, 431.1, 522.2, 527.1-ci, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə baxılma müddətlərində təhrifə yol verilərək, ikinci - sonuncu məhkəmə baxışı faktiki xx.xx.2023-cü ildə keçirildiyi halda, “e-məhkəmə” elektron informasiya sistemində guya xx.xx.2023-cü ildə baxışın keçirilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar qeyd edilmişdir. Mülki iş xx.xx.2023-cü ildən icraata qəbul edilsə də, 6 ay ərzində əsassız olaraq məqsədyönlü şəkildə qəsdən süründürülmüş və formal olaraq çoxlu sayda mənasız hazırlıq iclasları keçirilmiş, sonda qısamüddətli cəmi 2 məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan məhkəmə iclası yekunlaşdırılmışdır. Məhkəmə qətnaməsində işin faktiki hallarına deyil, əksinə çoxsaylı səhvlərə, təhriflərə, mənasız və lüzumsuz şəxsi mülahizələrə, yanlışlıqlara və ziddiyyətli hallara istinad edilməsi yekun nəticənin də əsassız, ədalətsiz və qanunsuz olmasına səbəb olmuşdur. İddiaçı tərəfindən X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmədiyi halda, bu hal qətnamədə təhrif olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən “bank hesabatı müqavilələri” ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İddiaçı yalnız xx.xx.2018-ci il tarixli bank əmanəti müqaviləsi ilə bağlı iddia irəli sürdüyü halda, qətnamədə bu xüsusat da təhrif olunaraq iddiaçı tərəfindən guya “bank hesabatı müqavilələri” üzrə tələb irəli sürüldüyü əsassız olaraq göstərilmişdir. İddia ərizəsində qeyd edilən bir sıra əhəmiyyətli faktlar təhrif edilərək tam şəkildə qətnamədə öz əksini tapmamışdır. Misal olaraq, iddia ərizəsinə əlavə edilmiş Nicat Qarakişiyevin hələ 2020-ci ilin fevral ayında öz dəsti xətti ilə yazıb ailə üzvləri ilə razılaşdırılmış öhdəlik götürməsi barədə iddiaçıya təqdim etdiyi ərizəsində göstərilmişdir: ”AtamƏsgər və digər ailə üzvləri ilə razılaşıb, Sizə vurduğum ziyanı könüllü ödəmək üçün razılaşaraq Vəndamqəsəbəsi ərazisində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsini (20000-24000 manat dəyərində) Sizin mülkiyyətinizə veririk”. Bununla da, Nicat Qarakişiyev və ailə üzvləri iddiaçıya vurulmuş 24000 AZN maddi ziyanı tam ödəmələri barədə rəsmi öhdəlik götürmüşlər. İddiaçı əvvəllər cinayət işi üzrə şahid kimi dindirilərkən, ziyanın qismən də olsa ödənişini qəbul etməsi barədə istintaqa verdiyi ifadəsinin məhkəmə tərəfindən təhrif olunaraq, heç bir qanuni əsas olmadan yekun razılaşma kimi yozulması, İddiaçı dəymiş ziyan həcmində bankın zərərçəkmiş kimi tanınmadığı və həmin ziyanın mülki iddiada nəzərə alınmadığı barədə cavabdehin fikirləri və məhkəmənin də buna istinad etməsi tamamilə əsassızdır. Məhkəmə qətnaməsində İddiaçı xx.xx.2021-ci il tarixli şahid qismində verdiyi ifadə şəxsi mülahizələr və bankı müdafiə baxımından təhrif edilərək yozulmuşdur. Vəndam qəsəbəsinin kənarında Nohurqışlaq kəndi ilə sərhəddə, yol qırağından kəndin daxilinə doğru təxminən 7-8 məhəllə irəlidə yerləşən torpaq sahəsinin 1 sotunun 2020-ci ilin fevral ayında olan bazar qiymətləri mərkəzi şosse yoluna yaxınlığından asılı olaraq 1500-2000 AZN olmuşdur. Bu bazar qiymətlərinə əsaslanmış Nicat Qarakişiyev öhdəlik götürməsi barədə ərizəsində də 0.12 ha torpaq sahəsinin 20000-24000 AZN olduğunu öz dəsti xətti ilə yazıb təsdiq etmişdir. Bu da, həmin torpaq sahəsinin 1 sotunun 2020-ci ilin fevral ayında olan bazar qiymətlərinə uyğun olaraq 1500- 2000 AZN olduğunu təsdiq edir. Nicat Qarakişiyevin öhdəlik götürməsindən təxminən 1 il 6 ay sonra, yəni xx.xx.2021-ci ildə istintaqa ifadə verdiyi dövrdə İddiaçı həmin torpaq sahəsinin yerləşdiyi yeri və həmin dövrün bazar qiymətini nəzərə alıb 0,06 ha sahənin qiymətinin 15000 AZN olduğunu təxmini qeyd etmişdir. Təqsirkar tərəf 6 ay ərzində, yəni 2020-ci ilin avqust ayındək olan müddətdə 0.12 ha torpaq sahəsini alıcımüştəri tapa bilmədiklərinə görə torpağı satıb zərəri tam ödəyə bilmədiklərinə, banka vurduğu başqa zərərlərə görə digər şəxslərə də ödəniş etməli olduqlarına, lakin başqa maddi imkanları olmadığına görə Əsgər Qarakişiyev 0.12 ha torpaq sahəsini iddiaçıya verməkdən qəti imtina etmiş, yalnız 0,06 ha torpağı satıb iddiaçıya dəymiş ziyanı qismən ödəyə biləcəyini bildirmişdir. İddiaçı da məcbur olub ziyanın qismən də olsa ödənilməsinə razılıq vermişdir. Lakin, İddiaçı ziyanın 15407 AZN (24407-9000) qalan hissəsindən imtina etməsi, gələcəkdə tələb etməməsi və yaxud qismən edilən ödənişlə zərərin tam“qarşılanma”sı və ya əvəzləşdirilməsi barədə nə təqsirkar tərəfə, nə də ki, Banka rəsmi və ya qeyri-rəsmi heç bir vəd verməmiş və bununla bağlı istintaq zamanı özünün nə zərərçəkmiş, nə də ki, mülki iddiaçı qismində tanınmadığından verdiyi şahid ifadəsində bu barədə heç bir mövqe bildirməmişdir. iş üzrə şahid qismində dindirilmiş iddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proses dövründə xəstəliyi ilə əlaqədar Bakı şəhərində davamlı müalicədə olmuş, iş üzrə şahid M.X21 Məhkəməsinə isə rəsmi qaydada dəvət olunmamışdır. İddiaçı hesab etmişdir ki, şahid qismində dindirilmiş digər əmanətçilər kimi ona vurulmuş ziyan da zərər çəkmiş kimi tanınmış Bank tərəfindən mülki iddiaya daxil edilmişdir. Lakin 2023-cü ilin təxminən mart ayında hökmlə tanış olduqda iddiaçıya və digər əmanətçilərə ziyanın ödənilməsi ilə əlaqədar konkret müddəanın öz əksini tapmadığını görüb məcbur olub vurulmuş ziyanın ödənilməsi üçün əvvəlcə Banka və daha sonra Nəsimi Rayon Məhkəməsinə mülki icraat qaydasında müraciət etmişdir. İddiaçı hətta hələ 2020-ci ilin fevral ayında müqavilənin müddətinin bitdiyi dövrdə Bankın Qəbələ şöbəsinin rəhbəri Cabir Vəliyevə rəsmi ərizə ilə və dəfələrlə şifahi qaydada müraciət etmiş, lakin Cabir müəlim bankın rəhbərliyi ilə əlaqə saxladıqdan sonra təqsirsizlik prezumpsiyasını əsas gətirərək yalnız məhkəmənin hökmündən sonra əmanətin faizlərlə birlikdə qaytarılması məsələsinə baxılacağının mümkünlüyünü bildirmişdir. Müqavilə öhdəliyini pozması nəticəsində iddiaçıya 24407 AZN məbləğində vurulmuş ziyanın bir qismi, yəni 9000 AZN məbləğinin üçüncü şəxs tərəfindən ödənilməsi öhdəliyin tam ödənilməsi kimi qəbul edilməsinə heç bir hüquqi əsas vermir. İddiaçının ziyanı qismən ödənilmiş “9000 AZN-ə yox, 1 AZN-ə belə razılaşa bilərdi və ya borcu bağışlaya da bilərdi“ barədə cavabdehin nümayəndəsinin mülahizəsi heç bir qanuna və normaya əsaslanmayan uydurmasıdır. Belə ki, iddiaçı ziyanın qismən ödənilməsini heç vaxt ziyanın tam ödənişi kimi qəbul etməmiş, ziyanın qalan hissəsindən imtina etməmiş, nə də ki kimsəyə bağışlamamışdır. Həmçinin qeyd edilməlidir ki, doğma oğlu Nicat Qarakişiyev cinayət işinə əlavə edilmiş xx.xx.2021- ci il tarixli ifadəsində atasının hazırkı məhkəmə iclasında verdiyi bu izahatı təkzib edərək təsdiq etmişdir ki, ”atam Əsgərlə İddiaçı iş otağına getdik, heç bir tədbir görməməsini xahiş etdik, 0.12 ha torpağı ona verməyi razılaşdıq və yazılı iltizam verdik. Sonradan ona dedik ki, başqa vəsaitimiz yoxdur, bank isə ondan pulları tələb edir, bundan sonra İddiaçı 0,06 ha sahəni ona verməyə razılaşdı ki, qalan 0,06 ha sahəni satıb borclarımı bağlayım.” Sədrlik edənin sualına cavab olaraq yerdə qalan 0,06 ha torpağını da bir müddət sonra təxminən 23.000 manata satdığını qeyd etsə də, satış tarixi və əldə etdiyi məbləği dəqiq göstərə bilməmiş, hətta pul əldə etmədiyini və torpağı borc əvəzinə verdiyini bildirsə də, qətnamədə və iclas protokolunda bu hissə öz əksini tapmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

12. Üçüncü şəxsin nümayəndəsi (vəkili) də apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və уа çoxtərəfli iradə ifadəsidir. Maddə 389.2. Müqavilələrə iki va çoxtərəfli əqdlərə dаir qaydalar tətbiq еdiİir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

17. İddiaçıya cavabdehin işçisinin təqsiri üzündən real zərərin dəymiş olması faktı işin mübahisəsiz halıdır.

18. Hazırkı mübahisə iddiaçıya dəymiş zərərin ödənilib-ödənilməməsi ilə bağlıdır.

19. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən dəymiş ziyan ona ödənilməmişdir.

20. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, İddiaçı üçüncü şəxs Nicat Qarakişiyevi və ailəsini çağıraraq ona dəymiş zərərin ödənilməsini onlardan tələb etmiş, aralarındakı razılığa əsasən iddiaçıya dəymiş zərərin müqabilində sonuncuların mülkiyyətində olan, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Buna görə də, cinbayət işinə baxılarkən Bank mülki iddianın həcmini İddiaçı dəymiş ziyan həddində azaltmış və cinayət işinə baxan məhkəmə tərəfindən bu hal nəzərə alınmışdır.

21. Birinci instansiya məhkəməsi dəymiş ziyanın iddiaçıya ödənilmiş olduğunu nəzərə alaraq iddianı rədd etmişdir.

22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarına istinad etməklə mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət vermişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

24. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, İddiaçı özü Nicat Qarakişiyevi və ailəsini yanına çağıraraq zərərinin qarşılanmasını tələb etmişdir. Onlar torpaq sahəsi ilə bağlı 1 sotunu 3500 AZN-ə razılaşmışlar, bu da 21.000 AZN edir, lakin müqavilədə formal olaraq 9000 AZN yazılmışdır. X15 Orucova aralarındakı razılığa əsasən depozit müqaviləsi ilə Banka qoyulan pul və faiz ödənişləri ilə bağlı öhdəliyi özü icra etmiş, İddiaçı isə bu icranı qəbul etmiş və bunu ifadəsi ilə təsdiqləmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, oğlu Nicat "xxxx" ASC-də işləyib, işləyərkən nəsə pul əskikliyi məsələsi olub, pullar mənimsənilib. İddiaçı onları idarəsinə çağırmış və onun da pulunun mənimsənildiyini bildirmişdir. Onlara demişdir ki, zərəri ödəməlidilər. Qəbələdə 12 sot torpağı olmuşdur, yol qırağından bir az aralıda olmuşdur. Yolun qırağına yaxın olan torpaqların qiyməti təxminən 4000 AZN olsa da, onların torpağı bir az yoldan kənarda olduğu üçün 1 sotunu 3500 AZNdən onunla razılaşıb 0,06 ha torpaqlarını ona satmışlar. Bu da 21.000 manat edirdi. Onun zərərini qarşılayırdı. Məqsəd onları öz maşınlarına qoyub rəsmiləşdirməni etmək üçün Asan xidmətə aparmışdır. Pulun qoyulması, rüsumun ödənilməsi və digər sənədləşmə işlərinin heç birində onların yanlarında olmamış, yalnız imza çəkmişdir. Məqsədin etibarnamə üzrə nümayəndəsi olmuşdur, adını xatırlamır. Bildirmişlər ki, hazırda əlində 21.000 manat olmadığına görə formal olaraq 9000 AZN-ə rəsmiləşdirilmə aparılacaq. Məqsəd onlara onsuz da bu alqı-satqı ilə məsələnin bağlanacağını bildirdiyi üçün müqavilədə torpağın neçəyə satılmasının qeyd edilməsi ona maraqlı olmamışdır. Nümayəndə özü həmin pulu qoyaraq imzalar atıldıqdan sonra da həmin pulu götürmüşdür. Məqsəd onlara demişdir ki, artıq depoziti də Nicata bağışlayır. Sonra Məqsəd onları kəndin girişinə qədər gətirib qoymuş, oradan başqa yol maşını taparaq evlərinə qayıtmışlar. Bununla da onlara deyilmişdir ki, məsələ bağlandı. Ondan sonra nə məhkəmə vaxtı, nə də başqa vaxt heç bir şikayət və s. olmayıb. Əgər torpağın sotu daha az etsə idi və onlar daha aşağı məbləğə razılaşsa idilər, daha çox torpaq satardı ki, zərər qarşılansın. Onlar Məqsədə pul ödəyəndə hələ heç kəsin zərəri ödənməmişdi. Onların arasında “0,06 hala zərəri qismən ödə, qalanını da sonra ödəyərsən və ya qalanını da Bankdan istəyəcəm” kimi bir söhbət olmamışdır. Onların razılığı 0,06 hala bağlı olmuşdur. Yerdə qalan 0,06 ha torpağını da bir müddət sonra təxminən 23.000 manata satmışdır.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, onun depozit qoyduğundan xəbərdar olmuşdur. Depoziti qoyduqdan bir müddət sonra götürmək üçün Banka yaxınlaşdıqda pulun artıq çıxarıldığını bildirmişlər. Araşdırma zamanı Bankın işçisi X10 Orucovun adından imza çəkərək depozitə qoyulmuş pulu çıxardığı məlum olmuşdur. Nicatın ailəsi özü gəlib Məqsəd müəllimi tapmış və zərəri qarşılamaq istədiklərini bildirmişlər. Əvvəlcə 12 sot torpaqlarını satacaqlarını bildirsələr də, sonradan 0,06 haunu satmaq qərarına gəlmişlər. Alqı-satqıda Məqsəd müəllimin etibarnamə üzrə nümayəndəsi kimi o iştirak etmişdir. Həmin vaxt torpaq qiymətləndirilmiş və bir sotunun 1500 AZN olduğu müəyyənləşmişdir. Alqı-satqı olan zaman o, 9000 AZN pulu Nicatın atasına vermişdir. Nicatın atası pulu götürüb getmişdir və sonradan Məqsəd müəllim özü pulu ondan alacağını bildirmişdir. Zərərin qalan hissəsinin isə Bankdan tələb olunacağı nəzərdə tutulduğuna görə İddiaçı bir neçə dəfə Bankın Qəbələ filialının müdirinə müraciət etmiş, o isə cinayət işi yekunlaşdıqdan sonra pulun qaytarılması məsələsinə baxacaqlarını bildirmişlər. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, özü də Qəbələdə yaşayır, torpağın sotunun 1500 AZN-ə qiymətləndirildiyini zəng vuraraq Məqsəd müəllimə bildirmişdir və onun torpağın qiymətindən xəbəri olmuşdur. Birinci Məqsəd müəllimin mi Nicatın ailəsini çağırdığını, yaxud Nicatın ailəsinin mi Məqsəd müəllimi tapdığını bilmir. 9000 AZN-i Nicatın atası götürmüş, alqı-satqı zamanı Məqsəd müəllim orada olmamışdır, pulu sonradan götürəcəyini bildirmişdir. Məqsəd müəllim Banka müraciətlər edərkən onun yanında olmamışdır, yalnız şifahi məlumat əldə etmişdir.

27. İddiaçı və X9 və onun adından əqd bağlayan atası X6 həmin alqı-satqı müqaviləsinin sırf hansısa torpaq sahəsinin əldə edilməsi ilə bağlı deyil, digər bir münasibətin – dəymiş zərərin əvəzləşdirilərək ödənilməsinin pərdələnməsi məqsədilə bağlanmış olduğunu birbaşa və dolayı yolla bildirmiş və qəbul etmişlər.

28. Məhkəmə iclasında şahid qismində ifadə verən Ə.Qarakişiyev İddiaçıla aralarında razılıq əldə olunarkən torpağın bir sotunun 3500 AZN-dən hesablanması və 0,06 ha torpaq sahəsinin 21.000 AZN-ə bərabər olaraq nəzərə aldıqlarını, lakin İddiaçı etibarnamə üzrə nümayəndəsinin alqı-satqı zamanı 21.000 AZN məbləğində vəsaitə malik olmaması səbəbindən formal olaraq 9000 AZN məbləğin nümayəndənin özü tərəfindən qoyularaq sonradan özü tərəfindən götürüldüyünü bildirmişdir.

29. İddiaçının özü istintaq orqanında verdiyi şahid ifadəsində həmin vaxt torpağın qiymətinin 2000-2500 AZN olduğu, bu hesabla 0,06 ha torpağı da 15.000 AZN məbləğində dəyərləndirdiklərini bildirmişdir.

30. İşdə olan xx.xx.2023-cü i tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətinə keçirmiş olduğu 0,06 ha torpaq sahəsini həmin tarixdə 34 000 manata başqa şəxsə satmışdır.

31. İddiaçının başqa bir dəlili mülkiyyətinə keçirdiyi 0,06 ha torpaq sahəsinin sonradan 34000 manata satılmasının səbəbinin həmin torpaq sahəsində tikinti işləri aparması ilə əlaqədar olması barədədir. Apellyasiya baxışı zamanı 12 sot torpaq sahəsinin digər 0,06 ha-nı alqı-satqı qaydasında əldə etmiş X8 şahid kimi dindirilərkən göstərdi ki, o, 0,06 ha torpaq sahəsini 09 iyul 2021-ci ildə 21 000 manata almışdır. Həmin məbləğin 3000 manatını əvvəlcədən, qalan 18 000 manatını isə müqavilə bağlanan vaxt vermişdir. Müqavilədə son verdiyi məbləğ, yəni 18 000 manat qeyd olunmuşdur. 2023-cü ildə qonşu torpaq sahəsi ilə öz sahəsi arasında daş hasar inşa edərkən İddiaçı məxsus 0,06 ha sahədə hər hansı tikinti olmamışdır.

32. Kollegiya onu da nəzərə alır ki, iddiaçı N.Qarakişiyevin təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə nə məhkəməyədək icraat zamanı, nə də birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində ona və ya qeyrisinə qarşı hər hansı tələblə çıxış etməmiş, Bankın digər zərərçəkmişlərə dəymiş ziyanla bağlı məcmu halında mülki iddia verməsi halında İddiaçı hansısa tələbi olmaması səbəbindən ona dəymiş zərərin bu iddiada nəzərə alınmaması, o cümlədən bu nəzərə alınmama halına münasibət bildirməmiş, hazırkı iddiayadək Banka hər hansı rəsmi müraciət ünvanlamamışdır. İddiaçı bu hərəkətsizliyi ilə dolayısı ilə zərərinin qarşılanması faktı ilə razılaşdığını nümayiş etdirmişdir.

33. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilənin müddəti 2 il müəyyən olunmuş, müqavilənin uzadılması ilə bağlı isə müddətin bitməsinə bir həftə qalmış əmanətçinin əmanətin qaytarılmasını tələb etməməsi halının mövcudluğu şərtləşdirilmişdir. Lakin hazırki məhkəmə mübahisəsi ilə bağlı iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, təxminən 2020-ci il fevral ayının ortalarında ”Klassik əmanət (depozit) hesabı haqqında” müqavilənin 24 aylıq müddəti bitdiyi zaman, 20000 AZN əmanətini və hesablanmalı 4407 AZN faizi ödənilməsi üçün bankin rəhbərliyinə müraciət etmişdir və bu zaman hüququnun pozulduğunu aşkarlamışdır. Hazırda iddiaçı öz iddia tələbində 2020-ci ilin fevral ayından etibarən 2023-cü ilin fevral ayınadək hesablanmalı olduğunu iddia etdiyi əlavə faizlərin də qaytarılması öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

34. İşin hallarından və iddia ərizəsindən də göründüyü kimi iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla müqavilə münasibətlərinə xitam vermək niyyətində olmuş və Banka məhz depozit olaraq qoyduğu pulu və ona hesablanmış faizləri götürmək məqsədi ilə yaxınlaşmışdır. Bu da o deməkdir ki, iddiaçı 2020-ci ilin fevral ayında artıq Bankla sözügedən depozit müqaviləsi üzrə münasibətlərinə xitam vermək niyyətində olduğundan həmin vaxtdan etibarən hesablanacaq hər hansı faizləri də tələb etməkdə haqlı deyildir.

35. İddiaçının 4230 manat maddi və 20.000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı tələbləri zərərlə bağlılığı ilə sübuta yetmədiyindən təmin olunmamalıdır.

36. Belə ki, iddiaçının öz hüqunun pozulduğunu bildiyi vaxt 2020-ci ilin fevral ayına təsadüf edir, iddiaçı tərəfindən təqdim olunan arayışa əsasən isə İddiaçı xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-də həkim kardioloq müayinəsində olmuşdur. Göründüyü kimi, qeyd olunan tarixlər arasında kifayət qədər müddət fərqi mövcuddur və iddiaçı həkim müayinəsində olmasının və sağlamlıq problemlərinin yaranmasının məhz həmin müayinələrdən müvafiq olaraq bir və iki il əvvəlki hadisələrlə əlaqəli olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlmişdir. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

38. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

39. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

41. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

42. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 27 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar