Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3092/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixdə əsassız olaraq əldə etdiyi 810 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının digər müştərisi olan Cavabdeh İsmayıl qızı ilə adaşdır. Pan nömrəsi 416973******4705 olan plastik kart cavabdehə məxsus idi. Lakin, xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus kart təhvil verilərkən, texniki yanlışlıq nəticəsində daha öncə bu ərizədə qeyd edilən və bankın müştərisi olan digər eyni adlı Cavabdeh məxsus plastik kart təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilən balansdan kənar məxaric orderindən də görünür ki, cavabdeh 13.10. 2024-cü il tarixdə özünə məxsus olmayan plastik kartı təhvil alarkən, digər şəxsin plastik kartını götürdüyünü artıq bilirdi (orderdə kartın Cavabdeh İsmayıl qızının təhvil götürməsi barədə qeyd var, cavabdeh isə Cavabdehdır). Cavabdehin yanlışlıqla təhvil aldığı PAN nömrəsi 416973******3388 olan, kart hesab nömrəsi ******************** olan plastik kartı birbank mobil tətbiqindən qeydiyyatdan keçirərkən, mobil tətbiqdə kartın əsl sahibinin məlumatları əks olunub və cavabdeh beləcə kartın əsl sahibinin digər hesablarına çıxış əldə etmişdir. Bunun nəticəsində Cavabdeh kartın əsl sahibi olan Cavabdeh bankda olan depozitlərinin cari hesabı olan 410100C**********102, İBAN AZ76AİİB410100C**********102 olan bank hesabına da nəzarəti almışdır. Kartın əsl sahibi Cavabdeh İsmayıl qızı depozit faizləri üçün banka müraciət edərkən, həmin əməliyyatlarda qəribəlik aşkarlanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə kartın əsl sahibinin depozit hesabından 810 manat pul vəsaiti cavabdehin istifadəsində olan ******************** hesab nömrəli, PAN nömrəsi 416973******3388 olan plastik karta köçürülmüş və həmin plastik kartdan xx.xx.2024-cü il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən A0100450 saylı ATMdən nağdlaşdırılmışdır. Kartın əsl sahibi və depozit sahibi olan Cavabdeh İsmayıl qızına həmin vəsait bank tərəfindən qaytarılmışdır. Bank tərəfindən dəfələrlə cavabdehə vəsaiti qaytarmaq barədə müraciət edilsə də, cavabdeh vəsaiti qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilir. İddia tələbinə etiraz və etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, bu azmış kimi məhkəməyə işin həqiqi halları ilə bağlı yanlış məlumatlar verilmişdir. İddia tələbində göstərilmişdir ki, guya Cavabdeh İsmayıl qızı depozit faizləri üçün banka müraciət edərkən həmin əməliyyatlarda qəribəlik aşkar edilmiş, bundan əvvəl isə kart təhvil verilərkən texniki yanlışlıq nəticəsində bankın müştərisi olan digər eyni adlı şəxsə məxsus plastik kart təhvil verilmişdir. Bundan başqa, iddia yanlış olaraq qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları ilə əsaslandırılmışdır. İddia ərizəsində göstərilən vəsaitin ona köçürülməsi doğrudur, lakin bu vəsait ona verilib və bankın mobil tətbiqində onun hesabında görülüb. Bu barədə onlar dərhal bank əməkdaşlarına rəsmi məlumat vermiş və bir neçə dəfə telefon əlaqəsi saxlamışlar. Bank məlumatlı olmuş və onlara hər hansı pretenziya irəli sürməmişdir. Ötən müddətdə bank tərəfindən heç bir əməli tədbir görülmədiyinə görə xəbərdarlıqları dayandırmışdır. Bu yaxınlarda bank onlarla əlaqə saxlayaraq vəsaiti geri istəmişdir. Onlar da öz növbəsində bank əməkdaşlarına izah etmişlər ki, yaranmış hala görə heç bir məsuliyyət daşımırlar və hazırda bu vəsaiti geri qaytarmaq imkanları yoxdur. Bankın səhvinin nəticəsi vətəndaşın üzərinə qoyula bilməz. Azərbaycan Respublikası mülki qanunvericiliyinə görə əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki qanunvericiliyə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bundan başqa, bank iddia edir ki, ona verilən vəsait vətəndaş Cavabdeh məxsus olub. Belə olan halda, heç ümumiyyətlə ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ yaranmır. Beləliklə, ərizəçi ona aidiyyəti olmayan pul vəsaitinə dair xüsusatları mübahisələndirə və tərəf kimi iştirak edə bilməz. Demək olar ki, hər gün vətəndaşların kart hesablarından oğurlanan pulların geri qaytarılması ilə bağlı işlərdə bank iddiaçı qismində iştirak etmir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, plastik kart alınması üçün iddiaçı banka müraciət etmiş, lakin sənədləşmə işlərinin aparılması zamanı bank lazımı diqqət yetirmədiyi üçün başqasına aid kartı ona vermişlər. İmza edib kartı götürəndə sənəddə olan ata adına fikir verməmişdir. Hər bir halda bu zaman məsuliyyət tamamilə bankın əməkdaşlarının üzərinə düşür və buna görə də hər hansı ödəniş etməli deyil. O, həmin kartdan mütəmadi olaraq istifadə etmiş, qızı, oğlu və əri tərəfindən həmin kart hesabına köçürülən vəsaitləri məxaric edərək istifadə etmişdir. Hazırda iddia tələbində qeyd olunan 810 manat məbləğində pul vəsaiti onun kart hesabına köçürülən zaman o, güman etmişdir ki, həmin vəsait onun atasının əmək pensiyasının ödənişi ilə bağlıdır. Həmin pul məbləği 2024-cü ilin noyabr ayının sonları onun kart hesabına köçürülmüş və o, məsələni araşdırmaq üçün bankın əməkdaşları ilə əlaqə saxlamışdır. Lakin, bank əməkdaşları pul vəsaitinin köçürülməsində heç bir yanlışlığın olmadığını bildirmişlər. Bu hadisədən bir neçə ay sonra Kəmalə adında bir şəxs ona zəng edərək özünəməxsus olan pul vəsaitinin yanlışlıq nəticəsində onun kartına köçürüldüyünü bildirmişdir. Bu zəngdən sonra onun kart hesabı bloklanmış və hər hansı əməliyyat aparılmasına qadağa qoyulmuşdur. O, hazırda həmin kartdan istifadə edə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı ASC (Bank) və Cavabdeh İsmayıl qızı (Müştəri) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış BRCB9841030A102 nömrəli X1 kart müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə görə “Bank” “Müştəri”yə “X1” ödəniş kartı verir, “Müştəri”nin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin kartla bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, “Müştəri” isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və “Bank”ın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. xx.xx.2023-cü il tarixli, 102 nömrəli balansdan kənar məxaric orderindən müəyyən olunur ki, Cavabdeh İsmayıl qızının adına buraxılmış 416973******3388 nömrəli 01 ədəd plastik kart təhvil alınmış və bu barədə akta imza edilmişdir. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, 416973******3388 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdə 810 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin vəsait xx.xx.2024-cü il tarixdə “KAPS,BAKİ SH, SURAXANİ RAY,QARACHUXUR QES, OBA MARKET, BAKİ, AZ A 10” təyinatı ilə hesabdan məxaric edilərək nağdlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh İsmayıl qızına məxsus AZ76AİİB410100C**********102 nömrəli hesaba xx.xx.2025-ci il tarixdə “BR-5336923 əsasən bərpa edilir” təyinatı üzrə 810 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********98 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinin (əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinin yaranması və tərəflər arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün üç şərt eyni anda mövcud olmalıdır – 1) bir şəxs (varlanmış şəxs) müəyyən əmlak əldə etməklə varlanmalı, 2) bu varlanma heç bir hüquqi və ya müqavilə əsasına söykənməməli, 3) bu varlanma (məhrum olanın) əmlakı hesabına baş verməlidir. Yalnız hər üç şərtin vəhdəti təmin edildikdə mübahisəli hüquq münasibətinin məhz əsassız varlanma nəticəsində yaranması təsbit oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus olmayan, yəni bankın digər müştərisi olan Cavabdeh İsmayıl qızının adına olan 416973******3388 nömrəli 01 ədəd plastik kartı bank tərəfindən təqdim edilən məxaric orderinə imza edərək təhvil almışdır. Həmin məxaric orderində “alan” şəxs bölməsində Cavabdeh İsmayıl qızı qeyd edilsə də, imza etməklə təhvil alan şəxs Cavabdehdır. Belə ki, cavavbdeh məhkəməyə verdiyi izahatında həmin sənədin məhz onun tərəfindən imzalandığı faktını etiraf etmişdir. Cavabdeh öz adına buraxılmamış plastik kartdan istifadə etməklə müxtəlif tarixlərdə müəyyən məbləğlərdə əməliyyatlar icra etmiş, həmin kart hesabına müxtəlif vaxtlarda pul məbləği mədaxil və məxaric edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə kartın əsl sahibinin depozit hesabından 810 manat pul vəsaiti cavabdehə məxsus olmayan, lakin istifadəsində olan 416973******3388 olan plastik karta köçürülmüş və həmin vəsait plastik kartdan eyni tarixdə məxaric edilərək nağdlaşdırılmışdır. Həmin pul vəsaiti İddiaçı ASC və Cavabdeh İsmayıl qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış cashback debet kart müqaviləsinə əsasən hesablanmış faizlər olmuş və bank tərəfindən Cavabdeh İsmayıl qızına məxsus, lakin cavabdehin istifadəsində olan 416973******3388 olan karta köçürülmüş, cavabdeh tərəfindən də həmin məbləğ nağdlaşdırılaraq istifadə edilmişdir. Nəticədə cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan özünə məxsus olmayan pul vəsaitini əldə edərək əsassız varlanmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı verdiyi izahatında işin qeyd edilən faktiki hallarını mübahisələndirməmiş, 810 manat məbləğində pul vəsaitinin ona məxsus olmadığını bildiyini (əvvəlcə atasına məxsus olmasını güman etmiş, daha sonra kartın əsl sahibi tərəfindən əlaqə saxlandıqdan sonra ona məxsus olmadığı məlum olmuşdur), buna baxmayaraq həmin vəsaiti nağdlaşdırdığını və vəsaitdən istifadə etdiyini etiraf etmiş, lakin buna görə məsuliyyətin iddiaçının üzərinə düşdüyünü bildirmişdir. Cavabdehin iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına dair mülahizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh İsmayıl qızına (plastik kartın əsl sahibi) məxsus kart hesabına iddiaçı tərəfindən “BR-5336923 əsasən bərpa edilir” təyinatı ilə 810 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, bununla da, iddiaçı həmin vəsaiti kartın əsl sahibinə geri qaytardığı üçün hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquq əldə etmiş, cavabdehdən, yəni heç bir müqavilə və ya qanuni əsas olmadan varlanan şəxsdən həmin vəsaiti geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, plastik kartın alınması zamanı bank əməkdaşları tərəfindən yanlışlığa yol verilməsi, yəni plastik kartın əsl sahibi əvəzinə hazırkı iş üzrə cavabdeh tərəfindən təhvil alınması və istifadə olunması bankın vəsaitindən əsassız istifadə və varlanma hallarına heç bir halda haqq qazandırmır və hazırkı işin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir. Heç bir müqavilə və ya qanuni əsas olmadan iddiaçının vəsaiti hesabına varlanan cavabdehdən həmin vəsaitin geri qaytarılması bankın pozulmuş hüquqlarının müdafiəsinə yönələn hüquqi müdafiə tədbiridir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz ərizəsində tərəflər arasında yaranmış mübahisənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığından irəli gəldiyini qeyd etmiş və bir ay kəsici müddət tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lakin, tərəflər arasında yaranmış müvafiq mübahisəli hüquq münasibəti əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılmasından ibarət olmaqla, kəsici müddət tətbiq edilməklə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi iddiaçıya (məhrum olana) məxsus pul vəsaiti hesabına cavabdeh (əsassız varlanan) tərəfindən əsassız varlanma hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, iddiaçı qanunla müəyyən edilmiş müddət ötürülmədən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 810 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 810 (səkkiz yüz on) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3092/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3092/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver