Məhkəmə qərarları › İş №2(006)-3869/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3869/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3869/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırlmışdır ki, fiziki şəxs “X2” ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1770 manat dəyərində nisyə aldığı malın 150 manatın ilkin olaraq ödəmiş, qalan 1620 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “X2” arasında imzalanan faktoring müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “X2”in Cavabdeh qarşı olan 1770 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bugünə 1485.92 manat əsas borcu, 152.34 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 1485 (min dörd yüz səksən beş) manat 92 (doxsan iki) qəpik əsas borcun, 152 (yüz əlli iki) manat 34 (otuz dörd) qəpik cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0 (sıfr) manat 40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxs “X2” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KMV000011 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh 1770 manat dəyərində nisyə aldığı malın 150 manatın ilkin olaraq ödəmiş, qalan 1620 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “X2” arasında imzalanan xx.xx.2019-cu il tarixli, R-214/19 saylı faktorinq müqaviləsindən görünür ki, əlavə olunan sazişə əsasən fiziki şəxs “X2”in Cavabdeh qarşı olan 1770 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Nurəddin xx.xx.2020 tarixə İddiaçı MMC-ə borcu 1485.92 manat əsas, 152.34 manat cərimə, cəmi 1638.26 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1485 (min dörd yüz səksən beş) manat 92 (doxsan iki) qəpik əsas borcun, 152 (yüz əlli iki) manat 34 (otuz dörd) qəpik cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0 (sıfr) manat 40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilməyən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1485 (min dörd yüz səksən beş) manat 92 (doxsan iki) qəpik əsas borcun, 152 (yüz əlli iki) manat 34 (otuz dörd) qəpik cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0 (sıfr) manat 40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar