Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3879/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçı - İddiaçı vurulmuş maddi və mənəvi ziyana görə 50.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2001-ci il tarixdən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu, F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinə "ana dili və ədəbiyyat müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. Həmin məktəbdə ona qarşı edilən haqsızlıqlarla bağlı son illərdə müxtəlif instansiyalara şikayət ərizəsi yazdıqdan sonra məktəb rəhbərliyi tərəfindən ona qarşı qərəzli mövqe göstərilməyə başlandı. Bunun nəticəsi olaraq, onun işdən qovulmağı və bir daha müəllimlik karyerasına davam edə bilməməyi üçün ona qarşı qanunsuz və əsassız hadisələr qurulmağa başlanmışdır. Belə ki məktəbin riyaziyyat və informatika müəllimi olan X5 onun haqqında Sumqayıt şəhər polis idarəsinə şikayət edərək, guya onun 20.10,2016cı il tarixdə saat 12:40-da işlədiyi orta məktəbdə onunla mübahisə etdiyini və döyüb xəsarət yetirdiyini bildirmişdir. Sumqayıt şəhər X4 Şöbəsində onun guya X3 qəsdən sağlamlığına yüngül zərər vurmağı barədə əsassız cinayət işi başlanmış və o, əsassız, qanunsuz ittiham əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsi 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Bundan sonra Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 111/2017 saylı xx xxxx 2017-ci il tarixli hökmü ilə o, əsassız olaraq saxta ittiham üzrə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsi 128-ci maddəsinə əsaəsn 500 (beş yüz) manat miqarında cərimə cəzasına məhkum edilmişdir. (Eyni vaxtda bildirir ki, barəsində cinayət işi aparılarkən paralel olaraq məhz guya müəllimlik vəzifələrini və intizam qaydalarına riayət etmədiyi üçün cinayət işini də əsas götürməklə məktəb rəhbərliyi xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 70 maddəsinin “ç ” bəndi ilə onun əmək müqaviləsinə xitam verilmişdir, (həmin məsələ ilə bağlı 2 il sonra məhkəmə qərarı ilə işə bərpa edilmişdir). Həmin hökmdən verdiyi apellyasiya şikayəti təmin olunumamış və Sumqayıt Apellyasiya Məhkəməsi 1(105)-421/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəmənin onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməyinə dair çıxartdığı hökmünü dəyişdirmədən qüvvəsində saxlamışdır. Həmin hökmdən verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali məhkəməsində baxılmış və kassasiya instansiyası məhkəməsinin 1(102)-226/2018 saylı xx.xx.2018-ci il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Beləliklə, işə apellyasiya instansiya yenidən baxarkən, iş üzrə obyektiv qərar qəbul edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-259/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə onun əməlində cinayət hadisəsi olmadığına görə barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan cinayət işi üzrə bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-612/2019 saytı xx.xx.2019-cu il tarixli qərarı ilə haqqında çıxarılan bəraət hökmü qüvvədə saxlanmışdır. Beləliklə, onun barəsində X5 və digərlərinin yalan şahidliyi əsasında istintaq orqanının əsassız və qanunsuz ittihamı ilə törətmədiyi cinayətə görə əsassız olaraq cinayət mühakimə icraatı açılmışdır. Ümumilikdə 3 il davam edən istintaq və məhkəmə araşdırması nəticəsində o, mənəvi sarsıntı keçirməklə depresiyaya düşmüş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin "ç” bəndi ilə xitam verilməsi kimi karyerasına ağır zərbə olan əsassız hərəkətlərə məruz qalmış. bununla əlaqədar böyük mənəvi əzaba məruz qalmışdır. Uydurma ittiham nəticəsində ona həm maddi həm də mənəvi zərər dəyib. Yuxarıda qeyd edilənlərə əsasən cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçı - İddiaçı vurulmuş maddi və mənəvi ziyana görə 50.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(060)-111/2017 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(102)-226/2018 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, işin yeni apellyasiya baxışına təyin edilməsi və kassasıya şikayətinin təmin edilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(105)-259/2018 saylı hökmünün surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsinə dair xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı əməlində cinayət hadisəsi olmadığından ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bəraət verilmiş, hökmdən təqsirləndirilən şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hökmdən iş üzrə zərərçəkmiş şəxs X1 nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-612/2019 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli İddiaçı haqqındakı bəraət hökmünün dəyişdirilməməsi, kassasiya protestinin təmin edilməməsi qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(060)-111/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişir. İşə baxan Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyası xx.xx.2018-ci il tarixli, 1(105)-259/2018 saylı hökmü ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünü ləğv etmiş, İddiaçı əməlində cinayət hadisəsi olmadığından ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-612/2019 saylı qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli İddiaçı haqqındakı bəraət hökmünün dəyişdirilməməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə 50.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində ittiham hökmünün çıxarılması və cəmiyyətdə nüfüzdan salınması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 1.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı tərəfindən cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı işdən çıxarıldığı faktı müəyyən edilsə də, daha sonra onun əvvəlki işə bərpa olunduğu, bununla da əmək hüquqlarının pozulması hallarının aradan qalxdığı məlum olmuşdur. Ona görə də məhkəmə hesab edir ki,iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 1.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 1.000 manat pul cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 1.000 (bir min) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3879/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3879/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver