Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3879/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binada, cavabdehin digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və manelərin qanunsuz hesab edilməsi, cavabdehə bu qanunsuz əməlləri davam etdirməsinin qadağan edilməsi, Bak şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanında inşa edilmiş çoxmənzilli binada, cavabdeh tərəfindən ümumi əmlak olan liftdən istifadə edilməsi üçün tətbiq etdiyi kilid (kart) sisteminin qanunsuz hesab edilməsi və ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binada, cavabdehin digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və manelərin qanunsuz hesab edilməsi, Bak şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanında inşa edilmiş çoxmənzilli binada, cavabdeh tərəfindən ümumi əmlak olan liftdən istifadə edilməsi üçün tətbiq etdiyi kilid sisteminin qanunsuz hesab edilməsi və ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 2006-cı ildən ünvan 1 ünvanında "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli binada yaşayır və daimi qeydiyyatdadır. Həmin binada inşa edilmiş 110 saylı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Binanın idarəetməsini "xxxx" MTK həyata keçirir. Evə köçdüyü gündən bu günədək binanın liftləri ilə bağlı ciddi sıxıntı yaşayır. Belə ki, bina təhvil veriləndə artıq çox ucuz və keyfiyyətsiz liftlər quraşdırılmışdı. Yaşadığı blokda biri yük lifti olmaqla iki lift mövcuddur ki, heç biri heç vaxt normal işləməmişdir. Dəfələrlə liftdə qalmış və ya buraxılıb bir neçə mərtəbə aşağı düşmüşdür. Daim qonşularla təmir üçün pul yığılmış, lakin heç vaxt normal təmir olunmamışdır. Binanın idarəçiliyini edən "xxxx" MTK və iki il əvvələ qədər ona rəhbərlik edən cavabdeh hər ay mənzillərin hər kvadrat metrinə görə kommunal xidmət haqqı yığır, bir az gecikdirdikdə binanın suyunun kəsiləcəyi ilə hədələyir. Özü və övladlarına məxsus beş mənzil bu günə qədər kommunal xidmət haqqı ödəmir. Binadan yığılan pulların hara xərcləndiyi barədə nə sakinlərə məlumat verilir, nə də daim təhlükə yaradan liftlər dəyişilir. Cavabdeh özünə və övladlarına məxsus beş mənzilin işıqlarını liftin işığına calatdırmış və sərf etdikləri işığın pulunu ümumi yığılan kommunal xərclərdən ödətdirir. Cavabdeh uzun müddət ümumiyyətlə işləməyən sərnişin liftini heç kimlə ümumi razılığa gəlmədən, qiymətini müzakirə etmədən yenisi ilə əvəz etmiş, özəlləşdirmişdir. Belə ki, ümumi istifadədə olmalı olan lifti kilid (kart) sistemi ilə quraşdırmış və kartları ancaq öz ailə üzvlərinə paylamışdır. Bundan əlavə cavabdeh liftin şaxtasını özünə məxsus mansard qatına qədər qaldırmışdır ki, liftin qapıları onun şəxsi mənzilində açılsın. Bu hal, tikintismeta sənədlərində nəzərdə tutulmamışdır, binanın təhlükəsizliyinə təhdid yarada bilər. Bu lift FHN-nin müvafiq qurumları tərəfindən təhvil-təslim olunmamışdır. Hal-hazırda ümumi istifadədə olunmalı liftdən istifadə etmək üçün cavabdehə 1000 manat pul ödəməlidir. Cavabdehin ümumi istifadədə olan liftə kilid (kart) sistemi tətbiq edərək özününküləşdirmək və başqa sakinlərin istifadəsinə maneələr yaratması, evinə quraşdırılan liftin pulunu sakinlərdən tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu binada yaşayan sakinlər cavabdehin evində qonaq kimi yaşamırlar və ən az onun qədər çoxmənzilli binanın ümumi əmlakı olan liftdən maneəsiz istifadə etmək haqqına sahibdilər. Sanki bina onun şəxsi mülküdür, binadan istədiyi kimi istifadə edir. Bina heç vaxt normal idarə olunmamışdır. Sakinlər daim hər sahədə narazıdır. Sadə bir arayışı həftələrlə almaq mümkün olmur. İdarəçiliyin öhdəsindən gəlməyən cavabdeh iki il əvvəl "vəzifəsini" Hacı Həmdulla adlı bir adama dövr etdi. Bu günə qədər sakinlər Hacı Həmdullanı tanımır, dərdlərini deməyə adam tapmır. Bir neçə telefon danışığından sonra Hacı Həmdulla etiraf etdi ki, "Hacı Mazanla" bacarmır və bu işi görməyə ümumiyyətlə onun vaxtı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 110 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Fotoşəkillərdən görünür ki, binanın lift qurğusuna kilid (kart) sistemi tətbiq edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 35.5. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi liftlər binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə, yəni mülkiyyətçilərinə məxsusdur. İşdə olan fotoşəkillərdən görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binada olan liftə kilid sistemi tətbiq edilmişdir ki, bu da binada yerləşən mənzillərin sakinlərini, yəni mülkiyyətçilərini həmin liftdən istifadə etməsini mümkünsüz etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə ziddir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binada, Cavabdeh digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və manelər qanunsuz hesab edilsin. Bak şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanında inşa edilmiş çoxmənzilli binada, Cavabdeh tərəfindən ümumi əmlak olan liftdən istifadə edilməsi üçün tətbiq etdiyi kilid sistemi qanunsuz hesab edilsin və ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3879/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3879/2022
25.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver