Məhkəmə qərarları › İş №2(006)-3905/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3905/2022

13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3905/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh Fərhad oğluna qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Fərhad oğluna qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Fərhad oğlundan 25 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəlcə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2012-ci il tarixli 2(006)-1857/2012 saylı qətnaməsi ilə hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş, daha sonra Cavabdeh Fərhad oğluna qarşı alimentin artırılması tələbinə dair iddia tələbi təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(006)-4875/2018 saylı qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək 25 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh Fərhad oğlu özü könüllü olaraq uşağına artıq pul göndərmədiyindən, keçən müddət ərzində 25 yanvar 2011-ci il təvəllüdlü X5 böyüdüyündən təhsil ləvazimatları, zəruri geyim əşyaları və qidalanması üçün həmin məbləğdə aliment uşağın saxlanması üçün kifayət etmədiyindən iddiaçı hər il alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Cavabdehin kifayət qədər yaxşı gəlirləri vardır, lakin cavabdeh övladı üçün xərc çəkməyə əli gəlmir və gəlirlərini gizlədir. Uşaq büyüdükcə onun saxlanması, zəruri olan nemətlərlə təchiz olunması, həmçinin tədrisi, geyimi və müalicə olunması üçün 154 manat sabit aliment məbləği kifayət etmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(006)-4875/2018 saylı qətnaməsi ilə qızının saxlanılması üçün alimentin məbləği dəyişdirilərək 01 yanvar 2022-ci ildən etibarən hər ay 193 manat məbləğində artırılmalıdır. Alimentin məbləği artdığından məhkəməyə əvvəlki alimentin məbləğinin dəyişdirilərək, artırılması tələbi ilə bağlı müraciət etmişdir. Göstərilənlərə əsasən alimentin miqdarının artırılması tələbinə dair iddia ərizənin təmin edilərək, Cavabdeh Fərhad oğlundan qızı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(006)-4875/2018 saylı qətnaməsi ilə 25 yanvar 2011-ci il təvəllüdlü X1 üçün sabit olaraq hər ay tutulan alimentin məbləği 154 manatdan dəyişdirilərək, yəni artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh Fərhad oğlundan tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh Fərhad oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-ll № 673472 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 yanvar 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh Fərhad oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4875/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1857/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh Fərhad oğlundan 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4875/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Fərhad oğlundan 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda məhkəmə uşağın mənafeyini nəzərə alaraq, valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, aliment məbləğinin yaşayış minimumu həddinə çatdırmaq məqsədilə iddia tələbi təmin edilməli və alimentin məbləği artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın alimentin 01 yanvar 2022-ci il tarixdən hesablanmalı olması hissəsi təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 2316 manat) ödənilməli olan dövlət rüsumu 43,16 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4875/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Fərhad oğlundan hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Fərhad oğlundan 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh Fərhad oğlundan 43,16 (qırx üç manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar