Məhkəmə qərarları › İş №2(006)-3936/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3936/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3936/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 520.000 (beş yüz iyirmi min) ABŞ dolları (ödənilən günə AZN ilə məzənnəyə uyğun) üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2019cu ilin fevral ayının 8-ə ödənilməsini gecikdirdiyi məbləğ) x 6,25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) /1 ay (aylıq faiz dərəcəsi) x ay (ödənişin gecikdirildiyi aylar) icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 08.02.2019-cu il tarixinədək qaytarmaq şərti ilə 520.000 (beş yüz iyirmi min) ABŞ dolları borca pul vermişdir. Lakin pulun qaytarılması barədə razılaşdırılmış vaxtdan, yəni 08.02.2019-cu il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 510.000 (beş yüz on min) ABŞ dolları (ödənilən günə AZN ilə məzənnəyə uyğun) üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2019-cu ilin fevral ayının 8-ə ödənilməsini gecikdirdiyi məbləğ) x 6,25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) /1 ay (aylıq faiz dərəcəsi) x ay (ödənişin gecikdirildiyi aylar) icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə iddiaçı “hesablanmış faizlərin ödənilməsi” hissədə iddia tələbindən imtina etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 08.06.2021 tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il azadlıqdan məhrum edilməklə Penitensiar Xidmətin ümumi rejimli CÇM-də saxlanıldığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qərarı ilə etap edilərək məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 510.000 (beş yüz on min) ABŞ dolları borc aldığını, lakin iddiaçı tərəfindən tələb edilən məbləğin şişirdildiyini, yəni 10.000 (on min) ABŞ dolları məbləğindən artıq pulu İddiaçı ödədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil, iddianı qəbul etməyib, iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, tərəflər arasında formal xarakterli müqavilə bağlanmış, Mehman Vahabzadə həmin müqaviləni bağlamağa məcbur edilmişdir. Əslində tərəflər arasında borc münasibətləri bir neçə il əvvəl yaranmış və həmin məbləği əhatə etmir. Təmsil etdiyi şəxs müqavilə bağlamağa məcbur edilmişdir. Kredit müqaviləsinin formal xarakterli olmasını təsdiq edən hal, həmin müqavilənin 1 (bir ay müddətinə, yəni 08.01.2019-cu il tarixdən, 08.02.2019-cu il tarixədək bağlanmasıdır. Həmçinin iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. Qanunsuz olsa belə, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatlarını, vəkilin çıxışını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan notarial qaydada təsdiq edilmiş 08.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları vermiş, Cavabdeh qeyd edilən borcu 08.02.2019-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 (otuz) manat dövlət rüsumu ödənilmiş, bank tərəfindən isə 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər arasında notarial qaydada bağlanılan 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 520.000 (beş yüz iyirmi min) ABŞ dolları borc pul almışdır. Cavabdeh borc məbləğinin 510.000 (beş yüz on min) ABŞ dolları olduğunu və həmin borcdan 10.000 (on min) ABŞ dollarından artıq pulu iddiaçıya qaytardığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı isə tələbin həcmini azaldaraq 520.000 (beş yüz iyirmi min) ABŞ dolları deyil, 510.000 (beş yüz on min) ABŞ dollarının qaytarılmasını tələb etmişdir. Məhkəmə Cavabdeh vəkili Vəkil iddiaya qarşı etirazını qanunvericliyin tələbləri baxımından əsassız hesab edir. Belə ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı bildirilir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki işin materiallarında olan kredit müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə 08.01.2019-cu il tarixdə bağlanmış, borc olan isə öhdəliyi 08.02.2019-cu il tarixində borc verənə, yəni iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdir. Göründüyü kimi, həmin müqavilə tələbi üzrə 3 illik iddia müddətini ötürülməmişdir. Həmçinin cavabdehin vəkilinin müqavilənin formal olması və təmsil etdiyi şəxsin müqavilə bağlamağa məcbur edilməsi barədə dəlili də əsassızdır. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatı verilmiş və göstərilmişdir ki, həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə ümumilikdə etiraz ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Cavabdehin vəkili tərəfindən irəli sürülmüş etirazla bağlı məhkəmə qeyd edir ki, həmin etirazın qanuni əsasını Mülki Məcəllənin 339.4-cü və 340.2-ci maddələr təşkil edir. Həmin maddələrin tələbinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Habelə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh və onun vəkili qeyd olunan maddənin dispozitv şərtlərinin mövcudluğunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, etirazda cavabdehin iradəsinə konkret kim tərəfindən hansı formada qanunsuz təsir göstərilməsi şəraitində kredit müqaviləsi bağlamağa məcbur edilməsi, əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə nə vaxt son qoyulması heç bir dəlillə sübut olunmur. Bundan başqa, cavabdehin məhkəmə iclasında iddiaçıya borclu olduğunu etiraf etməsinin məntiqi nəticəsi kimi onun borc öhdəliyini könüllü qəbul etməklə müqavilə bağladığı təsdiq olunur. Belə olan halda həmin müqavilənin etibarlılığına şübhə ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq iddiaçı ilə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən cavabdehin iddiaçı ilə müqavilə bağlayarkən həmin müqavilə şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması və ya məcbur edilməsi halı aşkar edilməmişdir. Belə ki, qeyd edilən müqavilə yazılı şəkildə tərtib olunmuş və tərəflərin bilavasitə iştirakı ilə notarial qaydada təsdiq edilmişdir. Müqavilənin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmiş, habelə müqavilədə onların real vaxt rejimində fotoşəkilləri də əks olunmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi cavabdeh tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin) 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə müqavilədə göstərilən müddətdən, yəni 08.02.2019-cu il tarixindən bir ildən çox vaxt keçməsinə baxmayaraq ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, cavabdeh qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəliyinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, notarial qaydada bağlanılmış 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 510.000 (beş yüz on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq İddiaçı verilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, 0,40 manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 08.01.2019-cu il tarixli kredit müqaviləsi üzrə 510.000 (beş yüz on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, 0,40 manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar