Məhkəmə qərarları › İş №2(006)-3953/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3953/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3953/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq onunla yeni müqavilə bağlanmasının ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Quba filialından 7.854,82 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı həmin kredit üzrə bir müddət ödəniş qrafiki üzrə vaxtlı-vaxtında ödənişlər etsə də, ölkədə baş verən devalivasiya nəticəsində maddi durumu kəskin pisləşdiyindən ödənişlər edə bilməmişdir. Sonradan iddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmüşdür. Lakin, iddiaçı hüquqi savadsızlığı nəticəsində kredit borcu üzrə restrukturizasiya edə bilməmişdir. Belə ki, iddiaçı həmin kredit borcunun qeyd edilən fərmana əsasən tam bağlandığını hesab etmişdir. Adıçəkilən fərmana əsasən restrukturizasiya zamanı, yəni 2019-cu ilin fevral ayından həmin ilin dekabr ayının sonunadək Cavabdeh1 ASC-nin Quba filialı tərəfindən iddiaçıya restrukturizasiya ilə bağlı heç bir bildiriş göndərilmədiyindən o,ölkə prezidentinin yaratdığı şəraitdən yararlana bilməmişdir. Bu yaxınlarda ləğv prosesində olan Cavabdeh1 ASC-nin Quba filialından iddiaçıya zəng edilərək ödənilməmiş aktiv kredit borcunun olduğu bildirildikdə sonuncu məsələni aydınlaşdırımaq üçün həmin filiala yaxınlaşmış, ödənilməmiş kredit borcun ödənilməsi tələb edildikdə iddiaçı borcunun müvafiq fərmana əsasən bağlanmadığını və hal-hazırda dövlətə borclu olduğunu müəyyən etmişdir. İddiaçı kredit borcunu ödəməkdən boyun qaçırmır, lakin həmin pul məbləğini birdəfəyə ödəmək imkanına malik deyil. İddiaçı məsələ ilə əlaqədar LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin onun kredit borcunun restrukturizasiyaya yönəldilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi iddia ərizəsində restrukturizasiya olunmalı kredit müqaviləsinin tarixinin xx.xx.2014-cü il olduğu halda səhvən başqa tarix qeyd etdiyini, halbuki onunla Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsinin xx.xx.2014-cü il, ********* nömrəli olduğunun nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən nümayəndənin gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Cavabdeh1 ASC (Kreditor) ilə İddiaçı (Borcalan) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana şəxsi istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) % ödəmək şərti ilə 12740 (on iki min yeddi yüz qırx) USD məbləğində kredit vermişdir.

7. Quba Rayon Məhkəməsinin 2(027)-2934/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X4 və X1 müştərək qaydada 01 iyul 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə yaranmış 5866,73 ABŞ dolları məbləğində əsas borc, 2425,66 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8491,39 (səkkiz min dörd yüz doxsan bir dollar otuz doqquz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və 29 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. İddiaçı tərəfindən LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onunla Cavabdeh1 ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun güzəştli şərtlərlə restrukturizasiya olunmasını xahiş edilmişdir.

9. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığının nəzərə alınması xahiş olunmuşdur.

10. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 661 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(027)-2934/2017 nömrəli qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

11. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2934/2017 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X4 və X1 müştərək qaydada 01 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə yaranmış 5866,73 ABŞ dolları məbləğində əsas borc, 2524,66 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8491,39 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir.

12. Problemli kreditlərin kompensasiyası adlı sənəddən görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-yə olan 4960.10 manat məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 12.740 ABŞ dolları məbləğində təminatlı kredit verilmiş, öhdəliyin icrasının təminatı kimi X4 və X2 ilə zaminlik müqaviləsi bağlanmışdır.

14. İddiaçı (əsas borclu) və digər şəxslər (zaminlər) tərəfindən borcun tam ödənilməsi təmin edilmədiyindən, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onlardan müştərək qaydada cəmi 8491,39 ABŞ dolları borcun (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) və 29 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.

15. Tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, həmin müqavilə üzrə 4960.10 manat məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir.

16. Hazırda iddiaçı özünün borclu olduğu və məhkəmə qərarı ilə ondan pul tutulmasına əsas olan kredit müqaviləsinə münasibətdə Fərmanın tətbiq edilməsini, yəni cavabdeh LPO Cavabdeh1 ASC və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanaraq 4.960,10 manat məbləğində borcun Fərmana uyğun restrukturizasiya edilməsini; cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə kreditin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilməsinə baxmayaraq, həmin kreditin restrukturizasiya olunması üçün Fərmanla müəyyən edilmiş müddət ərzində banka müraciət etməməsi səbəbindən iddianın rədd edilməsini xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməyən 4.960,10 manat məbləğində əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 8 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi və restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilməsi, lakin həmin müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nda müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ya bankın özünə rəsmi qaydada müraciət etməməsi işin mübahisəsiz halını təşkil edir.

18. Belə ki, iddiaçı hüquqi savadsızlığına görə həmin müddət ərzində cavabdehə müraciət etmədiyini inkar etməmiş, ona heç bir bildiriş və təklif gəlmədiyini bildirmişdir. Halbuki, iddiaçının təqdim etdiyi problemli kreditlərin kompensasiyası adlı sənədin özündə “restrukturizasiya olunması təklif olunan kreditlər siyahısı” adlı başlıqda “İddiaçı LPO Cavabdeh1 ASC-yə olan 4.960,10 manat məbləğində əsas borcunun” göstərilməsi elə iddiaçıya həmin məbləğ barəsində güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlamaq üçün edilmiş təklif – oferta olmuşdur.

19. İddiaçı qeyd olunan Fərmana müvafiq olaraq restrukturizasiya barədə tələblə müəyyən edilmiş zaman kəsiyində banka və ya Fonda müraciət edərək, ofertanı aksept etmədiyi üçün (hərəkətsizlik etdiyi, susduğu üçün) Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçıya münasibətdə həmin Bank üçün məcburi olmamışdır.

20. İddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, lakin onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırkı iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 6 ilə yaxın vaxt keçdikdən sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmadığından, Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə əsl cavabdeh deyildir. Göstərilən bütün əsasları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

21. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407.1-407.2. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. Maddə 409.3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 560.1, 560.2, 560.3, 560.3.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadənin xüsusi növüdür.

23. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı: Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyə edilmişdir.

1. Devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür.

39. Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”: 6.16-cı bənd. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır; 7.1-7.3-cü bəndlər. Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar. Portalda bu Qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır. 2.1.12-ci bənd. Elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya olunması və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya olunması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar