Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3959/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borc pul və əldən çıxmış faydanın məbləğinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borc pul və əldən çıxmış faydanın məbləğinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər Bakı şəhəri 39 saylı Notariat ofisində 14 yanvar 2021-ci ildə kredit müqaviləsini rəsmiləşdirmişlər. İddiaçı 30 aprel 2021ci ildə geri qaytaracağı şərti ilə verdiyi 6.900 manat pulun ona ödənilməsinə dair öhdəliyini vaxtında icra etməyərək 15 aydır ki, həmin pul məbləğini qanunsuz saxlamaqla iddiaçıya əhəmiyyətli dərəcədə zərər vurur. Uzun müddətli dövr ərzində müqavilə öhdəliyini lazımınca icra etməyən cavabdeh pulu qaytarmadığına görə iddiaçının 6.900 manat məbləğində pulun adi mülki dövriyyə şəraitində gətirəcəyi və AR Mərkəzi Bankının 7% uçot dərəcəsi ilə müəyyən olunan 735 manat dəyərində faydanın əldən çıxmasına səbəb olub. İddiaçı bu səbəbdən belə qənaətdədir ki, iddia tələbinin 6900 manatının əldən çıxmış fayda həcmini 735 manat miqdarında, cəmi 7635 manat məbləğini tələb etməyi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, 39 saylı notariat ofisində rəsmiləşdirilmiş 14 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ödəməli olduğu 6900 manat əsas borcun, müqavilə öhdəliyi üzrə ödəməkdən yayındığı 15 ay müddətində, hər ayı 49 manat olmaqla, 735 manat əldən çıxmış fayda məbləğinin, dövlət rüsumu olaraq ödənilmiş 82 manatın cəmi olaraq 8.017 manat pul məbləğinin alınıb İddiaçı ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddianı qismən qəbul edir. Yeni işə düzəlmiş və borcu hissə-hissə ödəmək qabiliyyətinə malikdir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu R.Y.Qasımlı tərəfindən təsdiq edilmiş 04 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 6900 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2021-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Əsaslandırıcı hissə: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, Cavabdeh İddiaçı 6900 manat məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2021-ci il tarixədək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin borcdan cəmi 1000 manat məbləğində pul ödəmişdir. Nəticədə öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsində deyilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə ümumilikdə 6900 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə həmin borc məbləğindən 1000 manat qaytarmış, lakin qalan pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun (5900 manat) tutulması, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilmiş pulun bir illik 5 faizi miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı borc kimi verdiyi 5900 manat əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış faiz borcu 367,5 manat (5900 x 5%=295/12 ay=24,5 x 15 ay=367,5) təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 5900 (beş min doqquz yüz) manat, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 367,5 (üç yüz altmış yeddi manat, əlli qəpik) manat (5900 x 5%=295/12 ay=24,5 x 15 ay), habelə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun 60 (altmış) manatı olmaqla, cəmi 6327,5 (altı min üç yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun qalan 22 (iyirmi iki) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 5900 (beş min doqquz yüz) manat, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 367,5 (üç yüz altmış yeddi manat, əlli qəpik) manat (5900 x 5%=295/12 ay=24,5 x 15 ay), habelə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun 60 (altmış) manatı olmaqla, cəmi 6327,5 (altı min üç yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun qalan 22 (iyirmi iki) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3959/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3959/2022
20.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver