Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3972/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların kəndində evlərinə gedən torpaq yolunun üstündə olan yüksək gərginlikli elektrik xətti bir neçə ildir ki, bərbad vəziyyətdə idi və hər an insan həyatı üçün təhlükə ola bilərdi. Onlar bu barədə dəfələrlə Azərişığın struktur bölməsi olan Füzuli rayon Elektrik Şəbəkəsi İdarəsinə məlumat verdiyinə baxmayaraq həmin idarə təhlükəni aradan qaldırmayıb problemi qulaq ardına vururdu. Nəhayət, evinə gedən yolda 12 iyun 2023-cü il tarixdə həmin elektrik xətti qırılmış və xoşbəxtlikdən inəkləri örüşdən gətirən şəxsin üzərinə deyil, inəyin üstünə düşmüşdür. İnəyin ölməsi nəticəsində ona 2000 manat ziyan dəymişdir.
3. Göstərilənlərə əsasən ona dəyən maddi ziyanın 2000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında onun iştirakı omadan baxılmasını xahiş etmişdir.
7. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, 12 iyun 2023cü il tarixində Füzuli rayonunda onun evinə gedən yolda elektrik enerji xəttində olan nasazlıq nəticəsində elektrik xətti qırılmış və onun örüşdən qayıdan inəyinin üzərinə düşmüşdür. Bunun nəticəsində inək tələf olmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı hesab edir ki, "xxxx" ASC tərəfindən vaxtında tədbir görülməməsi onun inəklərinin tələf olmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, ona maddi ziyan dəymişdir və 2000 manat məbləğində pul tələb edir, cavabdeh isə iddianı qəbul etmir.
b) Mülki işin materialları:
9. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Bala Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışın surətindən görünür ki, İddiaçı Füzuli rayonu, Araz Dilağarda kəndində yaşayır.
10. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Dövlətqaçqınkom tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür və Füzuli rayonunda müvəqqəti məskunlaşmışdır.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X5, X4, X8, İddiaçı, Bala Bəhmənli kənd İcra X1 tərəfindən tərtib edilmiş və imzalanmış Aktdan görünür ki, Füzuli rayonu Araz Dilağarda kənd sakini İddiaçı yaşadığı evə gedən yolda onun bir baş sağmal inəyini elektrik cərəyanı vurub öldürmüşdür.
12. İş materiallarında olan tam ortaqlı “Şamil Firması” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli Qüsur aktından görünür ki, İddiaçı onlara təqdim etdiyi 13 iyun 2023-cü il tarixli Bala Bəhmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin təsdiqi ilə verilmiş akt sənədi eləcə də bir baş sağmal inəyə məxsus olan şəkillərə əsasən Respublikanın bir çox mal bazarı və mal-qara satılan yerlər ilə qiymətlərində aparılmış araşdırmanın nəticəsi olaraq, şəkilləri ilə qeyd olunan inəyin bazar qiyməti ilə 2000 manat hesab etmək olar. Odur ki, İddiaçı inəyinin qiymətinin 2000 manat olması məqsədəuyğundur.
13. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli, 13-13/2-1/16-9872/2023 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi rayon Məhkəməsinə ünvanladığı sorğuya cavab məktubunda bildirilmişdir ki, Füzuli rayonu Araz Dilağarda kəndində yerləşən qeyd olunan torpaq sahəsinin yaxınlığından keçən 0,4 kv-luq elektrik verilişi xətti "xxxx" ASC-nin balansındadır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
16. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).
17. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.
18. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir.
20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
24. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
25. Beləliklə iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 1 (bir) baş inəyin tələf olunmasına görə "xxxx" ASC məsuliyyət daşımış və buna görə də həmin heyvanın tələb olunmasına görə dəymiş ziyan onun tərəfindən ödənilməlidir.
26. Məhkəmə hesab edir ki, Füzuli rayon Araz Dilağarda kənd sakinlərinin tərtib etdiyi aktda və qüsur aktında (əksi sübuta yetirilməmişdir) vurulan maddi ziyan və ziyanın məbləği təsdiq olunduğundan iddiaçıya tələf olmuş inəyə görə dəymiş ziyanın məbləği 2000 (iki min) manat məbləğində müəyyən olunmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyana görə 2000 AZN (iki min manat) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.