Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3973/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Əliabbas qızının Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliabbas qızı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən xx xxx 2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləğinin artırılaraq Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(006)-4613/2013 saylı qətnaməsi ilə İddiaçı Əliabbas qızı ilə Cavabdeh arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahdan doğulmuş uşaqları xx xxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Halhazırda X3 8 yaşı var. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Habelə, məhkəmə tərəfindən qətnamə qəbul olunduğu vaxtdan hazıradək, yəni 7 il ərzində Cavabdeh tərəfindən cəmi 617 manat 23 qəpik ödəniş olunmuşdur. Uşaq orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı maddi və mənəvi olaraq heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi bütün tələbatlarını tək qadın olaraq iddiaçı ödəyir. Bu səbəbdən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də, cavabdehin kifayət qədər haqq almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq ən azı hər ay 300 manata çatdırılmalıdır. İddiaçının vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, işə onun və iddiaçının iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh xx xxxx 2014-cü il tarixdən Abşeron rayonu 1 saylı notariat ofisində kargüzar vəzifəsində işləyir və aylıq gəliri 300 manat təşkil edir, bununla bağlı məhkəməyə arayış da təqdim etmişdir. Habelə iddiaçı işləməklə cavabdehdən daha çox əmək haqqı almasını, uşağa qayğı göstərməyin hər iki valideynin borcunun olmasını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(006)-4613/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh X4 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X5 arasında xx.xx.2011-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 496 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X6 anası X2 yanında qalmış, Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən Abşeron rayonu 1 saylı notariat ofisində kargüzar vəzifəsində işləyir və aylıq gəliri 300 manat təşkil edir. İddiaçı Əliabbas qızı isə «İcbari sığorta bürosu» hüquqi şəxslərin ittifaqında hüquqşünas işləyir və əmək haqqı 1.500 manat təşkil edir. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. İddiaçı rəsmi şəkildə işləməklə kifayət qədər yüksək əmək haqqı alır və onun əmək haqqından övladı üçün ayırdığı vəsaitlə, cavabdehdən tutulan aliment məbləği ümumilikdə 8 yaşlı uşağın saxlanılması üçün kifayət qədər normal imkanlar yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Əliabbas qızının Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əliabbas qızının Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3973/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3973/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver