Məhkəmə qərarları › İş №2(006)-3980/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3980/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3980/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil, Cavabdeh nümayəndəsi və vəkili - X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə Nəsimi rayon məhkəməsinin 2(006)-3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə kəsilmiş alimentin miqdarının dəyişdirərək, xx.xx.2315-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa hər ay 193 manat, cəmi 579 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3958/20 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuşlar və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Nəsimi rayon məhkəməsinin 2(006)-3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların saxlanması üçün hər uşağa 120 manat cəmi 360 manat aliment qət edilmişdir. 360 manat alimentlə üç uşağı saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. İddiaçıya məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 193 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli A-22/243 saylı arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində “ASAN xidmət” ilə iş və Elektron İdarəetmə Departamentinin “ASAN xidmət” və KOB evləri ilə iş şöbəsində xx.xx.2018-ci il tarixindən “ASAN xidmət” üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 750 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmış və uşaqlar üçün isə yaşayış minimumu 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği bir uşaq üçün hər ay 193 manat olmaqla üç uşağa görə hər ay 579 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 193 manat, cəmi 579 manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 193 manat, cəmi 579 manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar