Məhkəmə qərarları › İş №2(006)-3988/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3988/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3988/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh QSC-yə və "xxxx" BOKT ASC-yə qarşı «dəbbə pulunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh QSC-yə və "xxxx" BOKT ASC-yə qarşı «dəbbə pulunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin ona hesabladığı 570 manat dəbbə pulunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 sentyabr 2020-ci il tarixdə Lombard fəaliyyəti ilə məşğul olan və "xxxx" BOKT ASC-nin nəzdində fəaliyyət göstərən Cavabdeh QSC-dən ona məxsus qızıl-zinət əşyalarını girov qoyaraq 2.885 manat məbləğində kredit götürmüşdür. Aylıq ödənişi 171 manatı vaxtı-vaxtında etmişdir. Lakin sonradan ölkə ərazisində, eləcə də, dünyada yayılmış olan Covid-19 pandemiyası ilə əlaqədar olaraq hər bir ticarət və kənd təsərrüfatı işçisi kimi ona da ziyan dəymişdir. Belə ki, o, mal bazarında xırda buynuzlu heyvanların alveri ilə məşğul olmuşdur. Lakin pandemiya səbəbindən heyvana tələbatın külli miqdarda azalması və demək olar ki, olmaması, onu çıxılmaz vəziyyətə salmışdır. 3 aylıq gecikmədən sonra 510 manat adıçəkilən şirkətə ödəniş etmişdir. Ödənişi etdikdən sonra ona zəng edib bildirmişlər ki, onun aylıq ödənişdən əlavə gecikməyə görə 670 manat dəbbə pulu borcu var. Ödənilən borcdan 90 manat dəbbə puluna tutulub və onun 570 manat aylıq ödənişdən əlavə dəbbə pulu borcu qalıb. O, kredit əməkdaşına bunun yolverilməz olduğunu bildirsə də, onun dediklərinə məhəl qoyulmamışdır. O isə öz növbəsində bu məsələni Azərbaycan Respublikası Qanununa müvafiq olaraq məhkəmə qaydasında həll edəcəyini bildirmiş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Mülki Məcəllənin 448.4-cü, 556-cı, 467-ci maddələrinə istinad edərək daha sonra qeyd etmişdir ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət tədbirlərini gücləndirmək və yoluxma riskinin qarşısının alınsması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı olan halı o, öncədən nə proqnozlaşdıra, nə görə, nə bunun qarşısını istisna edə və ya aradan qaldıra bilərdi. Borcun ödənilməsi öhdəliyinin həmin dövrdə icra edilməməsi onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. O, aylıq ödənişləri etməkdən boyun qaçırmır və götürdüyü krediti tam həcmdə ödəyəcək. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, onlar iddiaçıya əlavə cərimə (dəbbə pulu) hesablamaqla sonuncunu maddi cəhətdən yükləməkdə maraqlı deyillər, sadəcə olaraq əsas borcun vaxtı-vaxtında ödənilməsini tələb edirlər. Göstərilənlərə əsasən qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehlər Cavabdeh QSC-yə və "xxxx" BOKT ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh QSC-nin və "xxxx" BOKT ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 10 sentyabr 2020-ci il tarixdə GL/000/20/245511 saylı kredit və girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehdən 24 ay müddətinə illik 36 % ödəmək şərti ilə 2.885 manat kredit götürmüşdür. Həmin kreditin təminatı kimi iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə girov qoymuşdur. Həmin qızıl-zinət əşyaları 1.131 ABŞ dolları dəyərində qiymətləndirilərək, müvafiq akt tərtib olunmaqla təhvil-təslim edilmiş, saxlanca götürülmüşdür. Cavabdeh QSC-nin məhkəməyə ünvanladığı 01 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı ilə Cavabdeh QSC arasında 10.09.2020-ci il tarixli Lombard Kredit və Girov Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 24 ay müddətinə, illik 26 faiz olmaqla 2.885 manat məbləğində lombard krediti verilmişdir. Hazırda İddiaçı müqavilə üzrə borc öhdəliyini lazımınca və vaxtında ödəmir. Müqavilə üzrə iddiaçının Cavabdeh QSC-yə 1.753 manat əsas borcu, 1.542 manat dəbbə pulu borcu mövcuddur. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən kredit almış, krediti vaxtında və tam şəkildə ödəməsini öhdəsinə götürmüşdür. Lakin, iddiaçı öhdəliklərini tam və vaxtında icra etməmiş, nəticədə onun 1.753 manat əsas borcu yaranmış, həmin borcu cavabdeh tərəfindən müqavilə şərtlərinə riayət edilməklə cərimə (dəbbə) hesablanmışdır. İddiaçı öhdəliyin icrasını gecikdirməsini pandemiyanın ehtimal olunandan daha çox uzanması, nəticədə iqtisadi aktivliyin azalması, bir çox sahibkarın və hüquqi şəxsin gəlirlərinin kəskin düşməsi, yaxud ümumiyyətlə fəaliyyətini dayandırması və s. bu kimi hallarla əsaslandırmışdır. Cavabdeh tərəfin əvvəlki məhkəmə iclasında vermiş olduğu izahatından və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onlar iddiaçıya əlavə cərimə (dəbbə pulu) hesablamaqla sonuncunu maddi cəhətdən yükləməkdə maraqlı deyillər, sadəcə olaraq əsas borcun vaxtı-vaxtında ödənilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə vurğulayır ki, iddiaçı dəbbə pulunu hesablamaqda haqlı olsa da, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 1.753 manat əsas borca müqavilə şərtlərinə istinad edilməklə belə 1.542 manat dəbbə pulunun hesablanması ədalətli deyil. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, dəbbə pulunun məbləği azaldılmalı, bu zaman kreditorun da əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli GL/000/20/245511 saylı kredit və girov müqaviləsi üzrə hesablanmış dəbbə pulu 570 manat azaldılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı və "xxxx" BOKT ASC 10 sentyabr 2020-ci il tarixli GL/000/20/245511 saylı kredit və girov müqaviləsi üzrə hər hansı bir birinə münasibətdə hər hansı öhdəlik daşımırlar, vəzifələr götürməmişlər. "xxxx" BOKT ASC həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı maddi məsuliyyət və mülki cavabdehlik daşımır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli GL/000/20/245511 saylı kredit və girov müqaviləsi üzrə hesablanmış dəbbə pulu 570 manat azaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar