Məhkəmə qərarları › İş №2(006)-3988/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3988/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3988/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) - Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Kredit Bürosu MMC olmaqla, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Kredit Bürosu MMC olmaqla, cavabdeh LPO "xxxx" ASC-yə qarşı «borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hesablanmış 821,35 ABŞ dolları faiz borcunun silinməsi, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısındakı öhdəliyinə xitam verilməsi və iddiaçının adının Azərbaycan Kredit Bürosunda (Mərkəzləşdirilmiş Kredit Reyestrində) borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçıya hesablanmış 821,35 ABŞ dolları faiz borcunun silinməsi, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşısındakı öhdəliyinə xitam verilməsi və iddiaçının adının "xxxx" MMC-də Mərkəzləşdirilmiş Kredit Reyestrində borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla, hazırda ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 2010-cu il tarixli müqaviləyə əsasən, bu bankdan 1600 ABŞ dolları istehlak krediti götürmüşdür. "xxxx" ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Lakin, 2022-ci ilin iyun ayında istehlak krediti almaq məqsədilə bir neçə banka müraciət etdikdə ona bildirmişlər ki, mərkəzləşdirilmiş kredit reyestri məlumatlarına əsasən, onun "xxxx" ASC-yə 821 ABŞ dolları faiz borcu var və ona kredit verilə bilməz. İstehlak kreditini 2010-cu il tarixində götürmüş və müqavilə bir il müddətinə bağlanmışdır. Yəni müqavilənin icra müddətindən 11 il müddət keçmişdir. Bu müddət ərzində bankın əməkdaşları mübahisə predmeti olan borcla bağlı onunla heç bir əlaqə saxlamamışdır. "xxxx" ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları, borc məbləği 2012-ci ildə bir dəfəlik ödəməyinə baxmayaraq həmin borca faiz hesablanmasının dayandırmamış və ya borc məbləğini silərkən faiz borcunu sistemdən silməmişdir. Göstərilən halların hər biri qanunvericiliyin tələblərinə ziddir. "xxxx" ASC-nin əməkdaşlarının səhlənkarlığıla görə digər kommersiya banklarından və ya bank olmayan kredit təşkilatlarından kredit götürə bilmir. Bu da hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hüquqlarına yaradılan qanunsuz məhdudiyyət hələ də davam etməkdədir. Həmin istehlak kreditini götürdüyü vaxtdan artıq 12 illik bir müddət keçmişdir. Bank qarşısında heç bir öhdəliyinin olmasına baxmayaraq ümumən öhdəliyin icra müddəti bağlı qanunverciliyin tələbinə əsasən on keçdikdən sonra öhdəliyə xitam verilir. Beş il keçdikdən sonra isə kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər qüvvəsini itirir. Göstərilənlərlə bağlı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işlərini aparan Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı səhv hesablanmış faiz borcunun silinməsi, adının Mərkəzləşdirilmiş Kredit Reyestindən borclulər sırasından çıxarılması barədə məktuba ƏSF 22 iyul 2022-ci il tarixli 222620C802346 saylı cavab məktubu ilə olmayan borcun ödənilməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********346 saylı məktubdan görünür ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən iddiaçıya 12 (on iki) ay müddətinə qaytarılmaq şərti ilə illik 30 (otuz) faiz dərəcəsi ilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının xx.xx.2010-cu il tarixli Kİ-3943/AG saylı kredit müqaviləsi üzrə 20.07 2022-ci il tarixinə borcunuz 821.35 ABŞ dolları təşkil edir. Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, iddiaçının xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-yə 821,35 ABŞ dolları faiz borcu vardır. Müqavilə üzrə bitmə tarixi xx.xx.2011-ci il tarixdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixli Kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçıya 12 (on iki) ay müddətinə qaytarılmaq şərti ilə illik 30 (otuz) faiz dərəcəsi ilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən əsas kredit məbləği ödənilmiş, faiz borcu üzrə 821,35 ABŞ dolları qalmışdır. Bank tərəfindən iddiaçıya qarşı borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilməmiş, o cümlədən borcun ödənilməsi ilə bağlı iddiaçıya hər hansı xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə bütün öhdəliklər üzrə on il, vaxtaşırı ödənişlər üzrə öhdəliklərdə isə beş il tələb müddəti müəyyən edilmişdir. İşdə olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********346 saylı məktubdan və Azərbaycan Kredit Bürosundan Çıxarışdan müəyyən olunur ki, mübahisələndirilən 821,35 ABŞ dolları borc məbləği xx.xx.2010-cu il tarixli Kredit müqaviləsi üzrə olmaqla həmin müqavilənin müddəti xx.xx.2011-ci il tarixədək olmuşdur ki, bu halda məhkəmə hesab edir ki, həmin borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinin tələblərinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən 821,35 ABŞ dolları borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməklə göstərilən borc məbləği silinməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2010-cu il tarixli Kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 821,35 ABŞ dolları faiz borcu silinsin və İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşısındakı öhdəliyinə xitam verilsin. İddiaçı adının "xxxx" MMC-də Mərkəzləşdirilmiş Kredit Reyestrində borclu şəxslərin siyahısından çıxarılması öhdəliyi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar