Məhkəmə qərarları › İş №2(006)-400/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-400/2021

17.02.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-400/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, X2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X2 Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarının çıxarılması, icarə haqqının tutulması, vurulmuş zərərin və elektrik enerjisinə olan borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarının çıxarılması, icarə haqqının tutulması, vurulmuş zərərin və elektrik enerjisinə olan borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında imzalanmış, xx xxxxxx 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən ona məxsus əşyaları, dönər dəzgahı, soyuducu, dörd ədəd üç nəfərlik masa, mizin çıxarılması, dəyəri 250 manat olan sıradan çıxarılmış siqnalizasiyanın, 158 manat elektrik enerjisinə qalmış borcun, müqaviləyə əsasən ödənilməmiş 750 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ümumilikdə 1.188 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında imzalanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən ona məxsus əşyaları, dönər dəzgahı, soyuducu, dörd ədəd üç nəfərlik masa, mizin çıxarılması, dəyəri 250 manat olan sıradan çıxarılmış siqnalizasiyanın, 158 manat elektrik enerjisinə qalmış borcun, müqaviləyə əsasən ödənilməmiş 1.200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ümumilikdə 1.638 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2019-cu il tarixdə xx xxx 2021-ci il tarixədək notarial qaydada icarə müqaviləsi imzalamışlar. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri Nəsimi rayonu X12 küçəsi 15Q saylı ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 110,1 m2 olan qeyri-yaşayış sahəsinin 25 m2 sahəsini cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən icarədar tərəfindən icarə haqqı hər ay 150 manat ödənilməli idi, lakin müqavilə şərtlərini vaxtıvaxtında yerinə yetirməmişdir. Buna görə də, icarə müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq tərəflər məsuliyyət daşıyırlar. İcarə müqaviləsi bağlanan andan icarədar cəmi iki ay, yəni 300 manat pul ödəmişdir. Bu günə qalan 750 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə ona borcunu ödəməsini xahiş etsə də, o, bundan yayınaraq nə borcu ödəyir, nə də ki, müqaviləni ləğv etmək istəmir. Məcburiyyət qarşısında qalaraq xx xxx 2020-ci il tarixdə xx xxxxxx 2019-cu il tarixli müqaviləni pozaraq, icarəyə götürdüyü 25 m2 sahəni boşaldaraq ona məxsus əşyalarının götürülməsi barədə pretenziya yazaraq xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Hesab edir ki, Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsindən ona məxsus əşyaları, dönər dəzgahı, soyuducu, dörd ədəd üç nəfərlik masa, mizin çıxarılması, dəyəri 250 manat olan sıradan çıxarılmış siqnalizasiyanın 158 manat elektrik enerjisinə qalmış borcunu, müqaviləyə əsasən ödənilməmiş 750 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ümumilikdə 1.188 manat ona ödənilməlidir. X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Fuadın əşyalarını başqa yerə aparmışdır. Cavabdeh ona təxminən 4 aylıq kirayə haqqını ödəmişdir. Onlar müqaviləni tərtib edərkən icarə müqaviləsini 1 il 8 ay müddətinə 150 manat ödəmək şərti ilə göstərsələr də, əslində şifahi olaraq ayı 1.000 manatdan razılaşmışlar. xx xxxxxx 2019-cu il tarixindən xx xxxx 2020-ci il tarixə kimi ona cəmi 3.650 manat məbləğində pul ödənilmişdir. Başqa heç bir ödəniş daxil olmamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə X12 küçəsində kirayə verilir yazısı olan obyekt görmüş və ora yaxınlaşmışdır. Obyektin şəraiti yaxşı vəziyyətdə deyildi. Oranın sahibi Rəhim kişi ilə razılaşmışlar ki, o, həmin obyekti təmir etsin və uzun müddət işlətsin. Buna görə də, 2 aylıq kirayə haqqını qabaqcadan ona ödəmişdir. 1 ay 8 gün oranı əsaslı təmir etdirmişdir. Həmin obyektin havalandırma sistemini, elektrik sistemini dəyişmiş, həmçinin siqnalizasiya sistemi quraşdırmışdır. Pandemiya dövründə xx xxxxxx 2020-ci il tarixdə iddiaçının atası Rəhim müəllim onun işçisi olan Mətanət xanıma yaxınlaşıb 1.500 manat pul istəyib ki qızına kömək edəcək. Mətanət xanım bu barədə ona məlumat vermiş, o, 650 manat özündən, 200 manat isə dayısı Bağırov Nurudan götürərək 850 manat pul məbləğini ona vermişdir. xx xxxx 2020-ci il tarixdə obyekt pandemiyaya görə bağlandı. xx xxxx 2020-ci il tarixdə obyektə gedərkən görmüşdür ki, qapıya qıfıl vurulub. Maraqlanmışdır, ona deyilmişdir ki, oranın sahibinə 1.500 manat yox 850 manat pul verdiyinə görə belə edibdir. Bundan əlavə verilən suallara cavab olaraq bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək həmin obyekti işlətməyə başlamışdır. O, xx xxxxxx 2019-cu il tarixdən kirayə haqqı ödəməli idi. Həmin qeyri-yaşayış sahəsinin ilkin variantının şəkli onda yoxdur. Müqavilənin ləğv edilməsinə razı deyildir. Qeyri-yaşayış sahəsindən çıxarılan əşyalar ona aiddir, hələ orada ona aid olan başqa əşyalar da vardır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında cavabdehin sözlərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, iddiaçı 750 manat, bundan əlavə siqnalizasiya sistemi üçün də, 250 manat pul vəsaiti istəyir, amma bunu əsaslandıra bilmir. Qeyriyaşayış sahəsinə Fuad bəy tərəfindən təmir üçün 16 min manat xərc çəkilib. Həmin siqnalizasiya sistemini də, Fuad bəy çəkdirib. Müqavilə müddəti bitməmiş onun əşyalarını götürüb atıblar çölə. Həmçinin, obyektin içində olan kassa aparatında Fuad bəyə məxsus 1.500 manat pul vəsaiti olub və həmin pul vəsaiti hələ də qaytarılmayıb. Orada olan soyuducuların içərisində xeyli miqdarda mal və toyuq əti qalıbdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində işlətmək üçün Fuad ilə birlikdə oranı icarəyə götürmüşlər. Oranı təmir etmək üçün Fuad bəyə 3.000 manat pul vermişdir. Pandemiya dövründə Rəhim müəllim obyektə gəlmiş və ondan 1.500 manat pul istəmişdir. O da bu barədə Fuad bəyə məlumat vermişdir. Fuad bəy dayısından 200 manat pul götürmüş, 650 manat isə özü düzəltmiş, ümumilikdə 850 manat pul vəsaitini Rəhim müəllimə vermişlər. Pandemiya dövründə məlumdur ki, heç bir obyekt işləməmiş, ona görə də, orda olan bəzi əşyaları götürmək üçün ora gedəndə, görmüşlər ki, qeyri-yaşayış sahəsinin qapısına onun sahibi tərəfindən qıfıl vurulmuşdur. Cəmi 3.000 manat və 850 manat ödəniş edilmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək fəaliyyət göstərmişlər. İddiaçının atası yaxınlaşmış və demişdir ki, qızının vəziyyəti pisdir, bu səbəbdən ona pul lazımdır. X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Fuad onun bacısı oğludur. 2020-ci il yanvar ayının 9-u, ya da 8-i idi. Fuad ondan 200 manat pul istəmişdir ki, kirayə haqqı verəcək. O da Fuada 200 manat pul vermişdir, özü də 650 manat düzəldib vermişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində həmin yer icarəyə götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixdə Rəhim müəllim yaxınlaşıb və deyib ki, qızının vəziyyəti yaxşı olmadığına görə, qabaqcadan icarə haqqından ona 1.500 manat pul verilsin. Fuad müəllim də 650 manat özü təşkil etmiş, 200 manat da dayısından götürərək Rəhim müəllimə ümumilikdə 850 manat pul verilmişdir. İcarəyə götürülmüş yer xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək fəaliyyət göstərib. Sonra pandemiya ilə bağlı hər yer bağlanmışdır. O, həmin yerdə dönər ustası işləmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X9 Bakı şəhəri Nəsimi rayonu X12 küçəsi 15Q ünvanda yerləşən ümumi sahəsi 110,1 m2 olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsindən 25 m2 hissəsini Cavabdeh xx xxx 2021-ci il tarixədək icarəyə vermişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən X7 hər ay 150 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəf icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən yalnız bir neçə ay, 2020-ci ilin mart ayının 19-dək istifadə edə bilmiş, bundan sonra pandemiya ilə bağlı bu qəbildən olan iş yerlərinin fəaliyyəti dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdehi həmin qeyri-yaşayış sahəsinə buraxmamışdır. Halbuki, iddiaçının özünün etirafına görə cavabdehdən ümumilikdə 3.650 manat pul vəsaiti almışdır (1.000 manat + 1.000 manat + 1.000 manat + 650 manat olmaq şərti ilə). Cavabdeh elektrik enerjisindən istifadəyə görə 158 manat borc məbləği yarandığını etiraf edir və bildirir ki, həmin məbləği özü elektrik satışını həyata keçirən hüquqi şəxsə ödəyəcək. Yalnız ona müqavilə üzrə icarəyə götürdüyü yerdə işləməsinə imkan verilməlidir. Müqavilənin ləğv edilməsinə razı deyil. Müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. İddiaçı isə üzərinə düşən öhdəliyi icra etməyərək, cavabdehin icarə müqaviləsində nəzərdə tutulan qeyri-yaşayış sahəsindən istifadəsini əngəlləyir. Azərbaycan Respublikası MPM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Eyni Məcəllənin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası MPM-in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Müqavilə şərtləri cavabdeh tərəfindən pozulmadığından, iddianın təmin edilməsi mümkün deyil. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında könüllü şəkildə müqavilə bağlanılmış, qarşılıqlı razılıq əsasında onun şərtləri müəyyən edilmiş və bu şərtlər yazılı formada müqavilədə göstərilmişdir. İş materiallarından məlum olur ki, cavabdeh tərəfindən müqavilənin heç bir şərti pozulmamışdır. Cavabdeh ölkədə baş verən pandemiya şəraiti səbəbindən müvəqqəti olaraq icarə müqaviləsi üzrə icarəyə götürdüyü qeyri-yaşayış sahəsini bağlamaq məcburiyyətində qalsa da, müqavilə şərtlərinə riayət etməyə davam etmişdir. Belə ki, onun tərəfindən icarə müqaviləsi üzrə əvvəlcədən ödənişlər edilmişdir. Lakin o, daha sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini yenidən istifadə etmək qərarına gəldikdə həmin qeyri-yaşayış sahəsinin qıfılla bağlı olduğunu və ona aid əşyaların qeyri-yaşayış sahəsindən çıxarılaraq başqa yerə aparıldığını aşkar etmişdir. Beləliklə də, müqavilənin cavabdehin razılığı olmadan xitam verilməsinə əsas ola biləcək hər hansı pozuntu və ya hərəkətə yol verilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirildiyindən, müqaviləyə xitam verilməsi əsassızdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarının çıxarılması, icarə haqqının tutulması, vurulmuş zərərin və elektrik enerjisinə olan borcunun ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarının çıxarılması, icarə haqqının tutulması, vurulmuş zərərin və elektrik enerjisinə olan borcunun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar