Məhkəmə qərarları › İş №2(006)-400/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-400/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-400/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 13.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2086.17 manat əsas borc, 225.89 manat faiz borcu və 75.1 manat cərimə borcu olmaqla, cəmi 2387.16 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 13 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq X1 və Cavabdeh3 ilə 13 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31 avqust 2021-dək Cavabdeh1 banka 13 sentyabr 2019-cu il tarixli krediq müqaviləsi üzrə 2086.17 manat əsas borc, 225.89 manat faiz borcu və 75.1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2387.16 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Mülki iş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borclu "xxxx" İKB ASC-dən illik 30% ödəmək şərtilə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. İş materiallarında olan 13 sentyabr 2019-cu il tarixli 23-MZ2-1-0-1727-19 №-li zaminlik müqavilələrindən görünür ki, borcun təminatı olaraq Cavabdeh3 və X1 ilə zaminlik müqavilələri bağlayaraq, kredit öhdəliyinin vaxtında və lazımınca icrası üçün "xxxx" İKB ASC qarşısında zamin duraraq, borcluyla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, 31 avqust 2021-ci ilədək Cavabdeh1 banka 13 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2086.17 manat əsas borc, 225.89 manat faiz borcu və 75.1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2387.16 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 17 noyabr 2021-ci ilədək Cavabdeh1 banka 13 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2036.17 manat əsas borc, 334.81 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2389.68 manat borcu vardır. İş materiallarında olan cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, borcalan müqavilənin şərtlərini pozaraq, İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Borcun xəbərdarlıq məktubu alınan vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASC-yə tam ödəməyi tələb olunmuş, əks təqdirdə aidiyyəti üzrə müvafiq orqana müraciət olunacağı barədə xəbərdar edilmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6280/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 9/463 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 13.09.2019-cu il tarixli, 23-MZ2-1-0-1727-19 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 13.09.2019-cu il tarixli, 23-MZ2-1-0-1727-19 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 13.09.202021-ci il tarixə əsas borc üzrə - 1957.42 manat, faiz borcu üzrə - 154.77 manat, 13.10.2021-ci il tarixə əsas borc üzrə -1957.42 manat, faiz borcu üzrə - 145.55 manat. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, digər cavabdehlər X1 və Cavabdeh3 isə kredit borcunun təminatçısı kimi üzərlərinə öhdəlik götürmüşlər. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının cavabdehlərə X1 və Cavabdeh3 qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimə borcu hissəsi ilə bağlı qeyd edir ki, cərimə borcunun 75.1 manat məbləğində müəyyən edilməsi ağlabatan deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər 13.09.2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borc məbləği ekspert rəyində göstərilmiş qaydada 1957.42 manat əsas, 145.55 manat faiz və 7 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+ 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı mübahisə üzrə iddia tələbinin qiyməti 2109.97 manat təşkil etdiyinə görə cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ”Yelo Bank” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər X1 və Cavabdeh3 tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1957,42 manat əsas borc, 145,55 manat faiz borcu və 7 manat cərimə borcu, ümumilikdə 2109, 97 manat borc və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar