Məhkəmə qərarları › İş №2(006)-4023/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4023/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4023/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları 10 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh əmək haqqının və digər qazanclarının 1/4 hissəsi miqdarında alimentin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 avqust 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarını həmin tarixdə 5 saylı «ASAN Xidmət» Mərkəzində 4326 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 10 oktyabr 2017-ci il tarixdə X2 adlı övladları doğulmuşdur. Bir müddət cavabdehlə birgə, mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(006)- 2565/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahları ləğv olunmuş, övladları 10 oktyabr 2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmış və cavabdehdən hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin təyin olunmuş aliment hazırda uşağın saxlanılmasına yetərli deyil, onun minimum xərclərini ödəmir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2565/2018 saylı qətnaməsi qüvvəyə mindikdən sonra işə düzəlmişdir və hazırda yüksək qazancı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.01.2020-ci il tarixli Qərarına əsasən bir uşağın saxlanması üçün minimum yaşayış həddi 170 manat müəyyən olunmuşdur. Qeyd etmək istəyir ki, cavabdeh uşaqla maraqlanmır, onun təhsilində, sağlamlığında və əlavə xərclərində ona heç bir köməklik etmir. Cavabdehin hazırda işlədiyini, yüksək əmək haqqı aldığını və digər diqqətəlayiq halları nəzərə alaraq, hesab edir ki, cavabdehin əmək haqqının və digər qazanclarının 1/4 hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi məhkəmə qaydasında həll olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, cavabdehin rəsmi iş yeri vardır, "xxxx" ASC-də baş mütəxəssis vəzifəsində çalışır və yüksək əmək haqqı alır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, yalnız hər ay 175 manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə imkanı yoxdur. Çünki, yenidən ailə qurmuşdur. Bir azyaşlı övladı var, digər övladı da bu yaxınlarda doğulacaq. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(006)-2565/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 19 avqust 2016-cı il tarixdə 5 saylı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsində 4326 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 10.10.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmış, 26.02.2018-ci il tarixdən başlayaraq 10.10.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 25.07.2018-ci il tarixdən başlayaraq 10.10.2017-ci il təvəllüdlü X1 3 yaşına çatana qədər 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, cavabdeh X2 hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəxəssis vəzifəsində çalışır, aldığı aylıq əmək haqqı 1.655 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəxəssis vəzifəsində işləyir, ondan sabit pul məbləğində aliment tutulması yolverilməzdir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləği o zaman tutulur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alır. İş materiallarından göründüyü kimi bu halların heç biri mövcud olmadığından aliment Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində qeyd edilən qaydada tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəməyə təqdim olunmuş sübutlardan göründüyü kimi, cavabdeh hazırda rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğuldur və əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik baş vermişdir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh ikinci dəfə 01 oktyabr 2019-cu il tarixdə ailə həyatı qurmuşdur, 07 iyul 2020-ci il tarixdə doğulmuş Miray adlı qızı var, həmçinin həyat yoldaşı ikinci uşağa hamilədir. Bununla bağlı sübutlar (nikah və doğum haqqında şəhadətnamələrin surətləri, hamiləlik barədə tibb müəssisəsinin sənədi) məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(006)-2565/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(006)-2565/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar