Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-403/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “borcun olmaması, kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun borcunun olmamasının müəyyən olunması, borclu olmamağı barədə qeydin aparılmasının, adının bank əməliyyat sistemində borclu şəxslərin siyahısından çıxarılması və kredit müqaviləsinə xitam verilməsini öhdəliyinin LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh LPO Cavabdeh1 ASC ilə onun arasında bağlanmış 25.08.2014-cü il tarixli, 1845 saylı kredit müqaviləsinə əsasən, ona 9,733.32 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Lakin, daha sonra 21 fevral 2015-ci il tarixində ABŞ dollarının Azərbaycan Respublikasının manatına nisbətdə məzənnəsi qalxdığından götürmüş olduğu krediti ödəməkdə çətinlik çəkmişdir. Buna görə də, LPO Cavabdeh1 ASC ilə onun arasında bağlanmış 25.08.2014-cü il tarixli, 1845 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə arasında 28 mart 2017-ci il tarixli, №2 Əalvə Saziş imzalandı və həmin sazişə əsasən onun bank qarşısında qalmış kredit öhdəliyinin qalıq məbləği 1 ABŞ dolları 1,4 AZN bərabər hesablanmaqla restrukturizasiya edilərək manata konvertasiya edildi. LPO Cavabdeh1 ASC ilə arasında bağlanmış 28 mart 2017-ci il tarixli, №2 Əlavə Sazişə əsasən 7,931 manat əsas borc olmaqla bank qarşısında kredit öhdəliyi yaranmışdır. LPO Cavabdeh1 ASC ilə arasında bağlanmış 28 mart 2017-ci il tarixli, №2 Əlavə Sazişə əsasən, 27.04.2017-ci il tarixindən 29.03.2019-cu il tarixinə qədər tərəfindən bank qarşısında götürmüş olduğu kredit öhdəliyinə əsasən, kredit ödənişlərini həyata keçirdi və ümumilikdə göstərilən müddət ərzində banka 6,640 manat pul ödəmişdir. 28 fevral 2019-cu il tarixdə Cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli fərman imzalandı və həmin fərmana əsasən LPO Cavabdeh1 ASC ilə arasında bağlanmış 25.08.2014-cü il tarixli, 1845 saylı kredit müqaviləsinə görə ümumilikdə 4,524.48 manat kompensasiya hesablanmış, həmin kompensasiyanın 2,571.62 manatı LPO Cavabdeh1 ASC-yə qalan 1,952.86 manatı isə Azərpoçt MMC vasitəsi ilə ona ödənilmişdir. Qeyd edilən fərmana əsasən, onunla LPO Cavabdeh1 ASC arasında bağlanmış 25.08.2014-cü il tarixli 1845 saylı kredit müqaviləsi və 28 mart 2017-ci il tarixli, №2 Əlavə Sazişə görə üzərinə götürdüyü öhdəliklər tam şəkildə icra olunmuş, onun bank qarşısında heç bir öhdəliyi qalmamışdır. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli fərmanının 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görsünlər. Qeyd olunan fərmanda dollar kreditlərinə hesablanmış faiz və dəbbə pullarının silinməsi göstərilməsinə və cavabdeh qarşısında öhdəliklərini artıqlaması ilə yerinə yetirməyinə, banka hər hansı məbləğdə borcunun qalmadığı halda hazırda cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən ona kredit borcunun qalması bildirilərək, əsassız olaraq ondan pul tələb edilir və adı bank əməliyyat sistemində borclu şəxslərin siyahısından çıxarılmır, kredit müqaviləsinə xitam verilmir. Buna görə də, cavabdehlə arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən, hazırda banka hər hansı məbləğdə kredit borcu qalmadığından adının borclu şəxslər siyahısından çıxarılması və kredit müqaviləsinə xitam verilməsi üçün 08 iyul 2021-ci il tarixində poçt vasitəsilə LPO Cavabdeh1 ASC-yə və eyni zamanda birbaşa olaraq Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ona ünvanlanmış 18.08.2021-ci il tarixli, **********064 nöməli məktubda göstərilmişdir ki, “...Bildiririk ki, LPO Cavabdeh1 ASC-yə İddiaçı 28/03/2017-ci il tarixli, KM003T03170037S01 saylı kredit müqaviləsi üzrə 10 avqust 2021-ci il tarixinə, bank əmliyyat sistemində, 3005.45 manat məbləğində əsas, 4379 manat məbləğində faiz, 810.65 manat məbləğində cərimə borcu olmaqla, 8195.10 manat məbləğində borc öhdəliyi mövcuddur. Xahiş edirik, nəzərə alasınız.” Göründüyü kimi, LPO Cavabdeh1 ASC qarşısında öhdəliklərini yerinə yetirməyinə, banka hər hansı məbləğdə borcunun qalmadığı halda hazırda cavabdeh tərəfindən ona kredit borcunun qalması bildirilərək, əsassız olaraq ondan pul tələb edilir və adı bank əməliyyat sistemində borclu şəxslərin siyahısından çıxarılmır, kredit müqaviləsinə xitam verilmir. Buna görə də, hüquqlarının müdafiəsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 10.09.2019-cu il tarixli Problemli kreditlərin kompensasiyasından görünür ki, İddiaçı problemli krediti ilə bağlı olaraq, 4524,48 manat məbləğində kompensasiya hesablanmışdır. Həmin məbləğin 2571,62 manatı iddiaçıya güzəşt edilərək, cavabdeh LPO Cavabdeh1 ASC-yə ödənilmişdir. İş materiallarında olan 28 mart 2017-ci il tarixli 1845 saylı, 27.08.2014-cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə Əlavə Saziş № 02-yə əsasən, borcalanın, yəni İddiaçı kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 11247.32 manat təşkil edir. Bocalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7931 manat əsas borc, 2640.05 manat faiz borcu və 676.27 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 28.03.2020-ci il tarixədək təşkil edir. İş materiallarında olan hesabdan çıxarışa əsasən, borclu İddiaçı qalıq borcu 6640 manat təşkil edir. İş materiallarında olan cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanan 18 avqust 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 10 avqust 2021-ci il tarixinə, bank əməliyyat sistemində, 3005.45 manat məbləğində əsas, 4379 manat məbləğində faiz, 810.65 manat məbləğində cərimə borcu olmaqla, 8195.10 manat məbləğində borc öhdəliyi mövcuddur. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim etmək üçün verilən məktubdan görünür ki, cavabdeh LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli KM003T03170037S01 saylı kredit müqaviləsi üzrə 25 oktyabr 2021-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 3005 manat 45 qəpik, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc isə 8627 manat, 24 qəpik təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6301/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 06 yanvar 2022-ci il tarixli, 9/9365 №-li ekspert rəyi daxil olmuş və göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli 02 saylı Əlavə saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, İddiaçı 25.10.2021-ci il tarixinə banka olan borcu əsas borc üzrə 7465,78 manat, faiz borcu üzrə 2880,54 manat təşkil edir. İddiaçı ilə LPO Cavabdeh1 ASC arasında bağlanmış 28.03.2017-ci il tarixli 02 saylı Əlavə saziş müqaviləsinə əsasən “Problemli Kreditlərin Kompensasiyası” olan sənəddə İddiaçı 4524,48 manat məbləğində kompensasiya hesablanmışdır. Lakin, həmin hesablanmış 4524,48 manat məbləğində kompensasiya iş materiallarında olan hesabdan çıxarış məlumatlarında əsas və faiz borcundan silinməsi barədə heç bir məlumat göstərilməmişdir. Hazırki hesablama zamanı həmin kompensasiya məbləği nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə 14.02.2022-ci il tarixdə “təkrar mühasibatlıq ekspertizasının keçirilməsi”nə dair vəsatət təqdim edərək, təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2022 saylı, 11.02.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 mart 2022-ci il tarixli, 9/1874 №-li ekspert rəyi daxil olmuş və göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28.03.2017-ci il tarixli, 02 №-li əlavə sazişinin şərtlərinə müvafiq olaraq İddiaçı LPO Cavabdeh1 ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur. - 10 oktyabr 2019-cu il tarixə (kompensasiyanın ödəniş tarixinə) 3270.52 manat - 28 mart 2020-ci il tarixə (müqavilənin müddətinin sonuna) 3306.31 manat təşkil edir. Qeyd edilir ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 5-ci maddəsinə əsasən, 10.09.2019-cu il tarixdə ödənilən 2571,62 manat kompensasiya məbləği əsas borca silinir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - İddiaçı üzərinə düşür. Lakin, mülki işdə İddiaçı öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini İddiaçı vermişdir. Lakin, İddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarından və əlavə edilmiş ekspertiza rəylərindən görünür ki, iddiaçının müəyyən məbləğdə borcu mövcuddur və iddiaçı götürmüş olduğu kredit məbləğini tam şəkildə cavabdehə ödəməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddia tələbi rədd edildiyinə görə iddiaçıya aid edilməli və ondan tutularaq Dövlət büdcəsinə keçirilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “borcun olmaması, kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcləri mülki iş üzrə İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəsini alır. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-403/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-403/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver