Məhkəmə qərarları › İş №2(006)-4057/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4057/2024

02.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4057/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kompensasiya ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kompensasiya ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçını qeydiyyata alaraq, həmin ünvanda yaşamaq haqqında hüquqlarının tanınmasının təmin edilməsi;

2. Cavabdeh1 MMC-nin apardığı söküntü və tikinti işləri heç bir dövlət proqramı, Nazirlər Kabineti və yaxud Prezidentin sərəncamı çərçivəsində aparılmadığına, ekspertiza düzgün aparılmadığına, fərdi yaşayış evinin ümumi sahəsinin düzgün ölçülmədiyinə, kompensasiya və kirayə haqqı bazar qiymətindən həddindən artıq aşağı olduğuna, 15 illik əziyyət və xərclər nəzərə alınmadığına, iddiaçının və hal-hazırda həmin ünvanda yaşayan oğlunun hüquqları pozulduğuna görə, Cavabdeh1 MMC-nin iddiası əsasında aparılan məhkəmə qərarının icraatının dayandırılması və işə yenidən baxılması;

3. məhkəmə Cavabdeh1 MMC-nin apardığı söküntü və tikinti işlərini qanunauyğun hesab etdiyi təqdirdə, iddiaçının hüquqlarının qeydə alınaraq, iddiaçıya və oğluna əlavə kompensasiya və ya əlavə mənzil və kirayə haqqı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş forma və məzmununa riayət etməmişdir. İddia ərizəsinin nəticə hissəsindən görünür ki, iddiaçı mübahisə predmeti olan evə qeydiyyata alınmaq və həmin evdə yaşamaq hüququnun təmin edilməsi ilə yanaşı, cavabdehlər arasında digər məhkəmə mübahisəsi üzrə çıxarılmış məhkəmə qərarının müxtəlif səbəblərə görə icrasının dayandırılmasını və işə yenidən baxılmasını, üstəlik cavabdeh olan tikinti şirkətinin apardığı işlər qanunauyğun hesab edildiyi təqdirdə, hüquqlarının qeydə alınaraq özünə və oğluna əlavə kompensasiya və ya əlavə mənzil və kirayə haqqı ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, “evə qeydiyyata alınmaq, sadalanan əsaslara görə məhkəmə qərarının icrasını dayandırmaq, işə yenidən baxmaq” kimi tələblərə məhkəmədə baxılması ümumiyyətlə yolverilməzdir. “Kompensasiya və ya mənzil və kirayə haqqı” qismində qoyulmuş tələb isə qeyrimüəyyəndir. Belə ki, tələbdə “və ya” bağlayıcısından istifadə edilməklə iddiaçının əsl niyyətinin – iddia tələbinin nədən ibarət olması dəqiqləşdirilməmiş, bununla yanaşı, nə tələb edilən kompensasiyanın nədən ibarət olması (məbləği), nə də tələb edilən mənzilin hansı mənzil olması və kirayə haqqının məbləği göstərilməmişdir. Nəhayət, iddiaçı cavabdeh qismində Cavabdeh1 MMC-ni və Cavabdeh2 göstərsə də, kimdən nəyi tələb etməsini iddia ərizəsində qeyd etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 149.3-cü maddəsinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.1, 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kompensasiya ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar