Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-406/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2165 (iki min yüz altmış beş) manat pul, həmçinin məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mənzil İddiaçı məxusdur və kommersiya təyinatı lə istifadə olunmaqdadır. İddiaçı illərdir üst mərtəbədə qonşu olan Cavabdeh məxsus 49 saylı mənzildən olan su sızıntısından əziyyət çəkir. Bu barədə dəfələrlə xəbərdarlıq etmişdir, lakin buna heç bir məhəl qoyulmadığından hər dəfə mənzili öz şəxsi hesabına təmir etmişdir. Eyni zamanda qonşuluq münasibətlərinin korlanmaması üçün rəsmi qardada məhkəməyə müraciət etməsə də, hər su sızıntısı zamanı 33 saylı Mənzil Komunal İstismar Təsərrüfatı Birliyinə öz iradını bildirərək mövcud ziyana baxış keçirməsini təmin etmişdir. Həmçinin cavabdehin təqsiri nəticəsində cavabdehə məxsus mənzildən iddiaçının mənzilinin iki otağına əsasən isə bir otağına xeyli miqdarda su sızıntısı baş vermişdir. Bunun nəticəsində divarların boyasına alçı qatına, tavanına, elektrik spotlarına, elektrik yuvalarına, elektrik xətlərinə, elektrik şitinə, kamera və kamera xətlərinə və döşəmə hissəsinə ciddi ziyan dəyərək yararsız vəziyyətə düşmüşdür. Hazırda mənzil kirayə verilmişdir və sözügedən problemə görə kirayəçi ilə arasında ciddi narazıçılıq yaranmışdır. Ümumilikdə mənzilə 2165 (iki min yüz altmış beş) manat dəyərində maddi ziyan dəymişdir. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclası barədə məlumatlandırılsalar da, heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10 ünvanında yerləşən 46 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 171 saylı reyestr kitabının 17986 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Təsərrüfat İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, aktı tərib edən şəxslər 33 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov, sahə nəzarətçisi C.İbrahimov 3-cü mkr. Cavadxan küçəsi 10 saylı evin 46 saylı mənzilinin sahibi İddiaçı xx.xx.2024-cü il tarixində yazmış olduğu ərizəsinə əsasən həmin ünvanda olmuşlar, onlar tərəfindən 46 saylı mənzilə baxış keçirilən zaman məlum oldu ki, 46 saylı mənzildən kommersiya kimi istifadə olunduğu və həmin binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus 49 saylı mənzildən 46 saylı mənzilə (lombard) su axıntısı baş verdiyi, su axıntısı nəticəsində 46 saylı mənzilə (lombard) ziyan dəydiyi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Təsərrüfat İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 04 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10 ünvanında yerləşən 49 saylı mənzil Cavabdeh məxsusdur, sonuncu həmin ünvanında ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Təsərrüfat İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 05 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10 ünvanında yerləşən 46 saylı mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 prel 2025-ci il tarixli 10/9714 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 46 saylı qeyri-yaşayış sahəsinin 1 ədəd tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin qərardada əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 10 saylı evin 46 saylı qeyri-yaşayış sahəsinin 1 ədəd tikilisinin ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 10 saylı evin 49 saylı mənzilin sanitar-qovşağı tikilisinin faktiki olaraq söküldüyündən, təmir işlərinin aparıldığından, su-kanalizasiya xətlərinin yenisi ilə əvəz edildiyindən 46 saylı qeyriyaşayış sahəsinin 1 ədəd tikilisinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 10 saylı evin 46 saylı qeyriyaşayış sahəsinin 1 ədəd tikilisində su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada (tavan və divara vurulmuş şpaklyovka və boya qatının qaşınması-105 kv.m; tavan və divarlara şpaklyovka çəkilməsi, divar kağızının və boyanın vurulması-105 kv.m; şpaklyovka-14 kisə; boya-37 kq; yararsız hala düşmüş laminatın sökülməsi və yenisinin vurulması-24 kv.m; laminat-24 kv.m) göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş QXM 410 nömrəli qiymətləndirmə hesabatından görünür ki, iddiaçının nümayəndəsi Qanuni nümayəndə müraciəti əsasında əmlaka dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmış və aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən ofisin təmir işlərinə çəkilmiş xərclərin dəyərinin 2.165 manat olduğu müəyyən edilmişdir. Qiymətləndirmə işinə görə xidmət haqqı 150 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, 32 saylı mənzil X3, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 10, 49 saylı mənzil X1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, 49 saylı mənzil hazırda Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10 ünvanında yerləşən (əvvəl 32 saylı mənzil olmuş) 106.6 kv.m olan qeyriyaşayış sahəsi kimi hazırda X4 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli, 22696 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəfindən iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İddiaçının dəlili və tələbi onun mənzilinə cavabdehin mülkiyyətində olan mənzildən su axıntısı nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdehdən tutulmasından ibarətdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının izahatı, təqdim etdiyi sənədlər və müvafiq rəylərlə ona məxsus mənzilə su axıdılması faktı öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək iddiaya qarşı öz etiraz və dəlillərini təqdim etməmişdir. İddiaçının mənzilinə su axıdılmasının texniki səbəbinin müəyyən edilməməsinə dair ekspert rəyində göstərilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, texniki səbəbin müəyyən edilməməsi adından da göründüyü kimi texniki məsələdir və bu hal mübahisənin obyektiv qiymətləndirilməsinə hazırki məqamda mane olmur. Belə ki, iddiaçının mənzilinə məhz cavabdehə məxsus mənzildən su axıdılması tam təsdiqini tapmışdır. Artıq həmin su sızmanın texniki səbəbi bir əhəmiyyət kəsb etmir. Cavabdeh bunların qarşısını almaq üçün zəruri tədbirlər görməli olduğu halda bunu etməmişdir. Müəyyən edildiyi kimi cavabdehin hüquqazidd əməlləri (mülkiyyətlərində və idarəetmələrində olan mənzilin başqalarının mənzilinə ziyan vurmanı istisna edən şəkildə saxlanmasına məsul olduqları halda zəruri tədbirlərin görülməməsindən irəli gələn hərəkətsizlik) nəticəsində iddiaçının mənzilinə ziyan vurulmuşdur. Məhkəmə dəymiş ziyanın məbləğinə münasibətdə tərtib edilmiş mütəxəssis rəyini sübut qismində qəbul edərək ziyanın həcminin 2.165 manat məbləğində müəyyən edilməsini qanuni hesab edir. Odur ki, iddia tələbi maddi zərərin tutulması hissəsində mütəxəssis rəyində müəyyən edilən məbləğdə, yəni 2.165 manat məbləğində təmin edilməli, həmçinin çəkilmiş məhkəmə xərcləri iddiaçının xeyrinə və ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, dəymiş maddi ziyana görə 2.165 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və qiymətləndirmə işinə görə xidmət haqqı xərci olaraq ödənilmiş 150 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qiymətinə görə ödənilməli dövlət rüsumunun kəsir hissəsini təşkil edən məbləğ 11,65 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Dəymiş maddi ziyana görə 2.165 (iki min yüz altmış beş) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumuna görə, iddiaçı tərəfindən qiymətləndirmə xidməti üçün ödənilmiş 150 (yüz əlli) manat, cəmi 2.345 (iki min üç yüz qırx beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsir hissəsini təşkil edən 11,65 (on bir manat, altmış beş qəpik) Cavabdeh tutulara dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-406/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-406/2025
13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver