Məhkəmə qərarları › İş №2(006)-4064/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4064/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4064/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin e-2(011)-1495/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment və mediasiya xərci kimi ödənilmiş 60 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2017-ci il tarixdə X5 anadan olmuşdur. Faktiki nikahdan anadan olmuş həmin uşağın atası kimi cavabdehin özü tərəfindən könüllü qaydada tanınmış və doğum faktı Xətai rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 5037 nömrə ilə qeydə alınmışdır. Uşaq anadan olduqdan sonra və iddiaçının cavabdehlə faktiki münasibətləri mövcud olduğu zaman, yəni 2021-ci ilin oktyabr ayına qədər cavabdeh alimenti könüllü qaydada ödəmiş, sonradan tərəflərin faktiki münasibətlərinə son qoyulduqda cavabdeh aliment ödəməkdən imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı “alimentin təyin edilməsi barədə” tələblə Xətai Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Həmin məhkəmənin e-2(011)-1495/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlə olan faktiki nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/5 hissəsində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin vaxt cavabdehin himayəsində 2 yetkinlik yaşına çatmayan uşağınının olması səbəbindən, həmin uşaqlar iddiaçının övladı ilə birgə hesablanmaqla göstərilən qaydada aliment təyin edilmişdir. Hal-hazırda isə cavabdehin himayəsində 1 yetkinlik yaşına çatmayan övladı var. İddiaçının övladı isə doğulduğu gündən onun himayəsindədir və onunla yaşayır, böyüyür və iddiaçı tərəfindən tərbiyə olunur. Cavabdehlə birgə yaşadıqları faktiki nikah münasibətləri zamanı cavabdeh uşağın saxlanması üçün könüllü qaydada 700 manat pul ödəmişdir. Lakin iddiaçının cavabdehlə olan münasibətlərinə son qoyması cavabdehdə ona və uşağa qarşı əks hislər yaratmışdır ki, bunun nəticəsində cavabdeh aliment ödəməkdən bilərəkdən yayınmağa başlamışdır. Cavabdehin hərbi qulluqçu kimi təqaüdü yüksəkdir, 2.775 manat həmin təqaüdü, prezident təqaüdü qismində isə 400 manat pensiya olmaqla, cəmi 3.175 manat alır. İddiaçı xadimə işlədiyinə görə uşaq nəzarətsiz qalmasın deyə onu “Ümid” bağçasına qoymuş, saat 08:00-12:00 aralığında uşaq bağçada qalır, iddiaçı bağçaya hər ay 100 manat ödəniş edir, saat 13:00-17:00 aralığında isə uşaq “Caspian” tədris mərkəzində əlavə tədris alır. Uşaq 3 fəndən fərdi təhsil alır və buna görə də iddiaçı hər ay 250 manat ödəniş edir. İddiaçının uşağı cavabdehin digər övladlarına nisbətən daha azyaşlıdır, bu məqamda uşağa daha çox diqqət tələb olunur. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı isə uşağın təhsilinə, inkişafına, tərbiyəsinə yetərli deyildir. Uşağın saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bunu uşağın mənafeyi tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-T seriyalı 038983 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşlar. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, qazi – Cavabdeh kredit müqaviləsi üzrə qalıq borcunu “YAŞAT” Fondu tərəfindən köçürülmüş vəsait hesabına tam ödəmişdir. Cavabdeh sonuncu müayinə aktından çıxarışdan görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə 5 il müddətinə - xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1495/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.1999-cu il tarixli nikahından xx.xx.2001-ci il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. X5 isə xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Qətnamədə, həmçinin, qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər arasındakı faktiki nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur, uşaq hazırda ananın himayəsindədir, iddiaçının aylıq maaşı 397 manat, cavabdehin aylıq əməək haqqı 1.492 manatdır, onun uşağın saxlanması üçün məhkəmə mübahisəsinədək ödədiyi məbləğ aylıq 380 manat həddində olmuşdur, cavabdehin başqa rəsmi nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları var, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən alimentin aylıq qazanca görə tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin aylıq qazancını, aliment ödəməli olan şəxsin himayəsində başqa iki yetkinlik yaşına çatmayan uşaqların olmasını, onun İİ qrup əlil, həmçinin, davamlı müalicədə olmasını nəzərə alaraq, qanunvericiliklə 1 uşağa görə qazanca və başqa gəlirlərə görə dörddə bir hissədə tutulmalı olan aliment miqdarının qismən azaldılmasını mümkün sayır və bu məqsədlə də tutulan aliment payını 1/5 hissədə müəyyən edir”. Qətnamənin nəticə hissəsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun qazancının və başqa gəlirlərinin 1/5 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4216/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətlərinin təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1495/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş debit haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, “YAŞAT” Fondu tərəfindən Cavabdeh məişət avadanlığı üçün 2.500 manat məbləğində pul ödənilmişdir. “YAŞAT” Fondunun hesabatlığı adlı sənəddən görünür ki, Cavabdeh 2021-2024-cü illərdə müalicə xərclərinin qarşılanması və digər təyinatlarla müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Müdafiə Nazirliyinin Baş X1 bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış epikrizində qeyd edilmişdir ki, Cavabdeh mütəmadi reabilitasiya kursuna ehtiyacı var. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 həmin mərkəzdə xx.xx.2024-cü il tarixindən bir neçə fənn istiqaməti üzrə təhsil alır və hal-hazırda təhsilini davam etdirir. İddiaçı tərəfindən, həmçinin, “məktəb.d.h” təyinatı ilə 100 manat ödənilməsinə dair 1 ədəd və “dərs üçün” təyinatı ilə 3 ədəd 250 manat ödənilməsinə dair qəbzlər məhkəməyə təqdim edilmişdir. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00923 nömrəli arayışdan görünür ki, Cavabdeh alimentin artırılması tələbinə dair mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı 16 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində pul mədaxil etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1495/2022 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, e-2(011)-1495/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4216/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir, iş icra mərhələsindədir. xx.xx.2024-cü il tarixli qəbzdən Cavabdeh tərəfindən İddiaçı məxsus bank kartına 81 manat, xx.xx.2024-cü il tarixli qəbzdən 85 manat, xx.xx.2024-cü il tarixli qəbzdən 81 manat ödənilməsi müəyyən edilir. xx.xx.2024-cü il tarixli qəbzdən İddiaçı məxsus bank kartına “aliment ödənişi” təyinatı ilə 400 manat, xx.xx.2024-cü il tarixli qəbzdən “aliment ödənişi” təyinatı ilə 555 manat ödənilməsi müəyyən edilir. Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ “Ailə Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh partlayış travması ilə əlaqədar daimi ambulator müalicədədir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: - İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində xadimə işləyir, aylıq əmək haqqı 397 manat təşkil edir; - Cavabdeh 400 manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlilliyə görə; 2.767,38 manat yaşa görə; 80 manat müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü kimi almaqla, onun aylıq gəliri 3.247,38 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında aliment mübahisəsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamədə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisiya təşkil etməsi, yəni yenidən mübahisələndirilməsinin yolverilməzliyi barədə mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sözügedən qətnamə ilə müəyyən edilmiş faktları mübahisəsiz hallar hesab edib, yenidən araşdırmır. Buna görə də məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X2 anadan olması, cavabdehin X6 ilə xx.xx.1999-cu il tarixli nikahından 3 uşaqlarının – xx.xx.2001-ci il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olması, yəni cavabdehin himayəsində hazırda 1 yetkinlik yaşına çatmayan övladının olması, iddiaçının himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun qazancının və başqa gəlirlərinin 1/5 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsinin qət edilməsi və həmin qətnamədən verilmiş şikayətlərin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması hazırkı iş üzrə mübahisəsiz hallar hesab olunur. Hazırda iddiaçı tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik olduğuna, yəni əvvəlki qətnamə qəbul edilərkən cavabdehin himayəsində 2, hazırda isə 1 yetkinlik yaşına çatmayan uşaq olduğuna, cavabdehlə birgə münasibətlərindən dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 ödənişli bağçaya (100 manat) və kursa (250 manat) getməsinə istinad edərək, özünün az əmək haqqı almasını və cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini bildirib, alimentin miqdarının artırılaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment və mediasiya xərci kimi ödənilmiş məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını; cavabdeh tərəf isə əvvəlki qətnamə qəbul edildikdən sonra cavabdehin aylıq gəlirinin artması səbəbindən iddiaçının xeyrinə ödənilən alimentin miqdarının da artmasını və cavabdehin yetkinlik yaşın çatmayan digər uşağının da nəzərə alınmalı olmasını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının tələbinin və cavabdeh tərəfin etirazının əsaslandığı halları iş materialları ilə müqayisəli şəkildə uşağın üstün mənafeyini əsas götürməklə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişiklikləri – əvvəlki qətnamə qəbul edilərkən cavabdehin himayəsində 2, hazırda isə 1 yetkinlik yaşına çatmayan uşağın olması, cavabdehlə birgə münasibətlərindən dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 ödənişli bağçaya (100 manat) və kursa (250 manat) getməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edilərkən cavabdehin digər nikahından olan uşaqlardan biri yetkinlik yaşına çatmış və bu hal məhkəmə tərəfindən nəzərə alınmışdır. Ödənişli bağça və kurs məsələsi ilə bağlı isə qeyd edilməlidir ki, X2 7 yaşı vardır və hər bir vətəndaş kimi o da təhsil hüququna malikdir. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə ölkədə dövlət büdcəsindən maliyyələşən kifayət qədər məktəbəqədər təhsil müəssisəsi – bağça olması (maddə 22), habelə yaxın gələcəkdə uşaq məktəbə gedən zaman Azərbaycan Respublikasının Konstitusiyasına (maddə 42) və “Təhsil haqqında” Qanuna (maddə 5.4) görə icbari ümumi orta təhsil almağın pulsuz olması nəzərə alındıqda, uşağın ödənişli əsaslarla özəl məktəbəqədər təhsil müəssisəsinə və digər ödənişli kurslara göndərilməsi onun himayəsində olduğu valideynin müstəqil qərarı olduğundan, məhkəmə qərarı ilə uşağın saxlanması üçün aliment ödənişinə cəlb edilmiş digər valideyndən tutulan alimentin miqdarının məhz bu əsasa istinadən artırılması ədalətli hesab oluna bilməz. Çünki bu ödənişlər uşağın saxlanması üçün zəruri xərclər deyildir və belə ödənişlərlə bağlı qərarın verilməsində həmin valideyn birbaşa iştirak etməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf haqlı olaraq etirazında göstərmişdir ki, əvvəlki məhkəmə qətnaməsi qəbul edilən gündən keçən müddət ərzində cavabdehin aylıq gəliri artdığından, iddiaçının aldığı alimentin miqdarı da artmışdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdehin həmin vaxt 1.492,96 manat + 350 manat məbləğində təqaüd alması, lakin hazırda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlilliyə görə 400 manat; yaşa görə 2.767,38 manat pensiya; müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü kimi 80 manat olmaqla, cəmi 3.247,38 manat gəlir əldə etməsi müəyyən edilir. Belə olan halda, 2022-ci ildə qətnamə qəbul edilən vaxt iddiaçının xeyrinə cavabdehin qazancının 1/5 hissəsi miqdarında – 368,60 manat, hazırda isə 649,50 manat məbləğində aliment ödənilməsi aydın olur. Deməli, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik baş versə də, aliment cavabdehin qazancının müəyyən hissəsi kimi tutulduğundan, bu dəyişiklik təbii olaraq iddiaçıya ödənilən alimentin məbləğinin də artmasına təsir etmişdir. Qanunla ölkədə 2024-cü il üzrə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində təsbit edilməsini nəzərə alan məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı – 649,50 manat yaşayış minimumundan əhəmiyyətli dərəcədə - 2 dəfədən çox artıqdır (2.76 dəfə). Belə olan halda, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hazırda cavabdehdən tutularaq iddiaçıya ödənilən alimentin məbləği, yəni 649,50 manat uşağın üstün mənafeyinə uyğun və onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanmasını təmin edən məbləğ hesab olunur. Göstərilənlərə əsasən və cavabdehin himayəsində başqa nikahdan yetkinlik yaşına çatmayan bir uşağın da olmasını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin qazancının ¼ hissəsində alimentin tutulması barədə iddia tələbi rədd edilməli, cavabdehin qazancının və digər gəlirlərinin 1/5 hissəsində alimentin tutulması davam etdirilməlidir. Əlavə olaraq, cavabdehin müalicəsi üçün ödənişlərin müvafiq Fond tərəfindən qarşılanması, iddiaçının əmək haqqının az olması və s. barədə dəlillər təqdim edilmiş sübutlarla birgə araşdırılmış və məhkəmə bütün bu dəlillərin alimentin artırılması üçün əsas olmadığı qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş mediasiya xərci İddiaçı aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar