Məhkəmə qərarları › İş №2(006)-4076/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4076/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4076/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun restrukturizasiyası» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun restrukturizasiyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilmiş 3.339 manat 24 qəpik məbləğə yönəldilməsi və yeni müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh ASC-dən illik 31 % dərəcəsi ilə 5.100 ABŞ dolları məbləğində 24 ay müddətinə kredit götürmüşdür. Kredit müqaviləsinin şərtləri onun tərəfindən 2015-ci ilin devalvasiyasına qədər yerinə yetirilmiş, ödənişlər aparılmışdır. Məlum devalvasiyadan sonra manatın məzənnəsi ABŞ dollarına nisbətdə hal-hazırki dövrdə 100 faiz dəyərdən düşərək 1 ABŞ dolları 1 manat 63 qəpik civarında olması səbəbindən ödənişlərində çətinliklər yaranmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)-185/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin ona və X2 qarşı iddia tələbi təmin edilərək, onlardan müştərək qaydada, cəmi 6.022,07 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)- 185/2017 saylı qətnaməsi icra edilməsi üçün Göyçay rayon İcra Şöbəsinə yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 551 saylı Fərmanın tələblərinə uyğun olaraq kredit borcu restrukturzasiya edilərək 3.339,24 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi ilə restrukturzasiya edilmiş 3.339,24 manat məbləğ üzrə yeni müqavilənin bağlanmasını Cavabdeh ASC-dən dəfələrlə xahiş etmişdir. Sonuncu dəfə isə poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli ərizə ilə Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna pretenziya qaydasında müraciət edərək, xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun, onunla yeni kredit müqaviləsi bağlanmasını xahiş etsə də, nəinki aralarında yeni müqavilə bağlanmış, heç müraciətinə belə cavab verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, övladı talassemiya xəstəliyindən əziyyət çəkir. Bankdan borcu da məhz övladının müalicə xərclərini qarşılamaq üçün almışdır. Hazırda da, övladını müalicə etdirmək üçün min cür əziyyət çəkirlər, müalicəni maliyyələşdirmək üçün əllərindən gələni edirlər. Dövlət ABŞ dollarının bahalaşması səbəbindən əhaliyə dəyən ziyanı qarşılamaq üçün kompensasiya qərarı qəbul edəndə həm o, həm həyat yoldaşı, həm də talassemiya xəstəliyindən əziyyət çəkən övladı sevinmişlər ki, Dövlət borcları bağışladı. Lakin sonradan məlum olmuşdur ki, Dövlət bütün borcları bağışlamayıb, dolların bahalaşması səbəbindən əhaliyə dəyən zərəri qarşılayıb. Buna görə də, Dövlətə minnətdardırlar. Yoxsa durumları indikindən qat-qat pis olardı. Məlum olanda ki, borcların hamısı bağışlanmayıb, bir neçə dəfə banka müraciət etmişlər. Heç bir nəticə əldə olunmadığından, ən sonda 15 yanvar 2023-cü il tarixdə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişlər. Müraciətləri təmin olunmamışdır. Onlar bankdan borcun bağışlanmasını istəmirlər, sadəcə olaraq restrukturizasiya aparılmasını və yeni müqavilə bağlanmasını xahiş edirlər ki, borcun ödənilməsi üçün nisbətən əlverişli şərait yaransın. Ümid edir ki, istər ləğv prosesində olan bank, istərsə də, həmin bankın ləğvedicisi durumlarını nəzərə alar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı 31 dekabr 2019-cu il tarixədək banka müraciət etmiş olsaydı, onun borcu restrukturizasiya edilərdi. Lakin iddiaçı banka vaxtında müraciət etməmişdir. Bundan başqa, borcla bağlı məhkəmə qətnaməsi mövcuddur. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Göyçay Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli 2(046)-185/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddiası qismən təmin edilmiş, 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X1 müştərək qaydada 3.961,14 ABŞ dolları əsas kredit məbləği, 1.960,93 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 6.022,07 ABŞ dollarının manat ekvivalenti ilə və ödənilmiş 27 manat 04 qəpik dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Problemli kreditlərin kompensasiyası ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, iddiaçının bank qarşısında olan borcuna müvafiq kompensasiya məbləği hesablanaraq, 3.369 manat 71 qəpik borcun azaldılmasına yönəldilmiş, iddiaçının 3.339 manat 24 qəpik borcu qalmışdır. Həmin borc məbləği restrukturizasiya olunması təklif edilən kredit kimi qeyd olunmuşdur. - 15 yanvar 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edərək, məlum Fərmana əsasən hələ 2019-cu ildə dəfələrlə Cavabdeh ASC-yə, eləcə də ƏSF-ya müraciət edərək yeni müqavilənin bağlanmasını xahiş etsə də, bu günə kimi onunla həmin kredit borcuna dair Fərmanın tələblərinə uyğun müqavilə bağlanmadığını bildirmiş və 3.339 manat 24 qəpik kredit borcu üzrə yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda cavabdeh güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmadığını iddiaçının vaxtında LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsi ilə əlaqələndirsə də, işdə olan sübutlardan göründüyü kimi, yuxarıda adı çəkilən Fərmana əsasən iddiaçının bankla bağladığı kredit müqaviləsi üzrə borcuna kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borcundan silinmişdir. Lakin ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunmuş siyahıda iddiaçı ilə Cavabdeh ASC arasında imzalanmış kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi göstərilməmişdir. Halbuki, onun adı, eləcə də restrukturizasiya edilməsi təklif olunan məbləğ həmin siyahıda göstərilməli idi. İddiaçı da ona restrukturizasiya edilməsi təklif edilən məbləğlə tanış olaraq, banka müvafiq qaydada müraciət etməli idi. İddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin həmin siyahıda göstərilməməsi, iddiaçını vaxtında aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin müvafiq siyahıda göstərilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Məhkəmənin iddiaçının izahatından gəldiyi qənaətə görə, iddiaçı LPO Cavabdeh ASC-yə borcun kompensasiya edilib-edilməməsi, edlmişdirsə hansı hissəsinin kompensasiya edilməsini öyrənmək, eləcə də, qalıq borcun restrukturizasiya edilməsi və yeni müqavilə bağlanması üçün banka rəsmi qaydada deyil, şifahi şəkildə müraciət etmişdir. İddiaçının vəziyyətini məhkəmənin qənaətinə görə, hüquqlarını bilməməsi, Dövlət tərəfindən problemli kreditlərlə bağlı qəbul edilmiş qərarların mahiyyətini yaxşı dərk etməməsi, övladının talassemiya xəstəliyindən əziyyət çəkməsi ilə bağlı daim aşılması çox çətin olan problem və qayğıların ağırlığı altında qalması daha da pisləşdirmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 24 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 24 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar