Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4077/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2563.00 manat məbləğində vurulmuş zərərin əvəzinin və 45,63 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2608,63 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Hüseynzadə yol-nəqliyyat hadisəsi törətmiş və İddiaçı mülkiyyətində olan “BMW 520" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Chevrolet Malibu" markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, avtomobillərə maddi zərərin vurulmasına səbəb olmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün “İcbari sığortalar haqqında” AR Qanununun tələblərinə müvafiq olaraq “Toyota Prius” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən “BMW 520” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə digər avtomobilə dəymiş zərərə görə mütənasiblik tətbiq olunaraq 2466,90 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bildirmək istəmişdir ki, “BMW 520” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər çox olsa da, "xxxx" ASC tərəfindən 5030 manat məbləğində müəyyən edilmiş, digər nəqliyyat vasitəsinə dəymiş zərər faktiki olduğundan daha çox qiymətləndirilmiş və nəticədə ona daha az sığorta ödənişi ödənilmişdir. Hadisə ilə bağlı Nəsimi RPİ DYPŞ-niıı xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Cavabdeh "xxxx" ASC iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Nəsimi rayonu, Ə.Hüseynzadə - C.Məmmədquluzadə küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** BZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə ** HZ *** dövlət qeydiyyat nişanlı Kia Forte markalı, ** AE *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı və ** FB *** dövlət qeydiyyat nişanlı BMW 520i markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. ** HZ *** dövlət qeydiyyat nişanlı Kia Forte markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 1050,00 manat, ** AE *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 4115,00 manat, ** FB *** dövlət qeydiyyat nişanlı BMW 520i markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər isə 5030,00 manat məbləğində qiymətləndirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart sığorta müqaviləsi üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan maddələrə və Konstitusiya Məhkəməsinin şərhinə əsasən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə görə "xxxx" ASC-nin məsuliyyət həddi 5 000 manat ilə məhdudlaşır. Sözügedən maddələrin tələblərini nəzərə alaraq mütənasiblik tətbiq etdikdə ** HZ *** dövlət qeydiyyat nişanlı Kia Forte markalı avtonəqliyyat vasitəsinə 514,96 manat, ** AE *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə 2018,15 manat, ** FB *** dövlət qeydiyyat nişanlı BMW 520i markalı avtonəqliyyat vasitəsinə isə 2466,90 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək, onlara dair hissədə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməklə, onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Lakin, həmin məbləğin hissə-hissə ödəmək iqtidarında olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixində saat 19:00-da Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində olan ərazidə “Toyota Prius” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 60 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “BMW 520İ” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5030 manat zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş sığorta aktından görünür ki, “Toyota Prius” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat sığorta edilmişdir. Sığorta hadisəsi nəticəsində İddiaçı məxsus “BMW 520İ” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5030 manat zərərdən, sığorta şirkəti tərəfindən 2466.9 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı AZ64AİİB**********300005104 saylı hesabına 2466.9 manat köçürülmüşdür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 520İ” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan X3 tərəfindən xx.xx.2023-cü il tarixdə X8 üzrə baş inspektora verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ə.Hüseynzadə küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsinə daxil olarkən stop yol nişanı tələbinə məhəl qoymayıb hərəkətə davam etdiyindən soldan C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan “BMW 520İ” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarəetməni itirməklə yolun sağ tərəfində dayanımış “Chevrolet” markalı avtomobilin arxa sol hissəsinə, o isə “Kia” markalı avtomobilin arxa hissəsinə toxunmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 45.63 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından görünür ki, “Toyota Prius” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 tərəfindən Cavabdeh1 həmin avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini tələb edir. İddiaçı tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olmasını “Paşa Sığorta ASC-nin tərtib etdiyi hesabata əsasən müəyyən edilmiş məbləğdən, sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişini çıxmaqla müəyyən etmişdir. Məhkəmə tələb edilən məbləğin müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dən tutulmasına münasibətdə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğundan, tələb olunan məbləğ Cavabdeh1 tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməklə, vurulmuş ziyanın ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, 2563 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 45.63 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2563 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45.63 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-4077/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4077/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver