Məhkəmə qərarları › İş №2(006)-4079/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4079/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4079/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin təqsiri ucbatından ona vurulmuş 1.200 məbləğdə maddi zərərin və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan Cavabdeh ASC ilə əvəz edilməsinə dair ərizə ünvanlayaraq ona vurulmuş 1.200 məbləğdə maddi zərərin və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumu əvəzinin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxx 2019-cu il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə (Dostluq flialı) aralarında bağlanmış xx xxx 2019-cu il tarixli, 37-228854-29 №-li, “bank əmanəti” Müqavilələrinə əsəsən 6000 və 10000 manat olmaqla, cəmi 16.000 manat pul vəsaitini bankın depozit hesabına qoymuşdur. O, çox sərfəli qiymətə satılan bir evi almaq üçün banka qoyduğu pulların ona geri qaytarılmasını cavabdeh bankdan tələb etmişdir. Bank ona etiraz etmədiyini və bir həftə ərzində banka qoyduğu pulların ona qaytarılacağını bildirmişdir. Lakin bank pullarını ona qaytarmamış və nəticədə də o, evi almaq üçün verdiyi 1.200 manat həddində ev satana verdiyi beh pul batdığı üçün əlavə maddi zərər də vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, bank tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamışdır. Həmçinin əmanətin iddiaçıya qaytarılmasından imtina olunmamışdır. İddiaçı ona dəymiş ziyanın əvəzini beh verdiyi şəxsdən tələb etməlidir. Bank bu məsələdə məsuliyyət daşımır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakşılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx xxx 2019cu il tarixli 37-228854-29 nömrəli Bank əmanəti müqaviləsindən görünür ki, bank əmanətçidən 6000 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 6 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 9 ay müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx xxx 2019cu il tarixli 37-228854-27 nömrəli Bank əmanəti müqaviləsindən görünür ki, bank əmanətçidən 10000 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 9 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 9 ay müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanalanan xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçı 16000 manat pulun geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmış və məsələninin araşdırılıb qısa zaman ərzində həllini tapacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2019-cu il tarixli, 37-228854-29 nömrəli və 37-228854-27 nömrəli Bank əmanəti müqavilələri bağlanmışdır. Hazırda iddiaçı bank tərəfindən əmanətinin vaxtında qaytarılmaması səbəbindən ona vurulmuş 1.200 manat məbləğində (beh haqqında razılaşma üzrə verilmiş) zərərin əvəzinin ödənilməsini bankdan tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1 maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə araşdırması zamanı iddiaçı məhkəməyə xx.xx.2019-cu il tarixli beh haqqında razılaşma üzrə verdiyi 1200 manatın digər tərəfdə qalmasının məhz cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmasına dair sübutlar təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar