Məhkəmə qərarları › İş №2(006)-4080/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4080/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4080/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı "borc öhdəliyinə xitam verilməsi barədə qeydin Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-yə qarşı "borc öhdəliyinə xitam verilməsi barədə qeydin Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB-nin “Sumqayıt” filialı ilə aramızda xx.xx.2007-ci il tarixli 120A051307 saylı kredit müqaviləsi bağlanılmışdır. Kreditin məqsədi İddiaçı tərəfindən Ford Expedition markalı avtomobilin alınması dəyərinin ödənilməsi olmuşdur. QSC “Bank Standard” KB-nin “Sumqayıt” filialı ilə aralaarında xx.xx.2007-ci il tarixli 120A051307 saylı girov müqaviləsi bağlanılmışdır. Həmin girov müqaviləsinə əsasən qeyd olunan kreditin təminatı qismində 2005-ci il buraxılış, qara rəngli Ford Expedition markalı avtomobil girov qoyulmuşdur. Bundan sonra, bankın əməkdaşlarının müraciəti əsasında kreditin tam bağlanılması məqsədi ilə 2005-ci il buraxılış, qara rəngli Ford Expedition markalı avtomobil könüllü olaraq Banka təhvil verilmiş, İddiaçı bank qarşısında olan kredit borcu tam bağlanılmışdır. Bunun təsdiqi olaraq, Bankın xx.xx.2007-ci il tarixli 05-04/4 saylı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə yazılı müraciət edilmiş və həmçinin Bankın sistemində kreditin tam bağlanılması ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Bundan sonra, onu 16 il müddətində Bankdan narahat edən olmamışdır və ümumiyyətlə qeyd olunan kreditin bağlanılmaması ilə bağlı ona nə yazılı nə də ki şifahi müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinin tələbinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Lakin qeyd olunan kreditin bağlanılmasından 16 il keçsə də, tərəfindən digər Bankdan kredit götürülməsi ilə bağlı müraciət olunarkən ona məlum olmuşdur ki, 2007-ci il tarixli kreditin bağlanılması ilə bağlı müvafiq reyestrə məlumatlar əlavə edilməmiş və mərkəzləşdirilmiş kredit reyestrində İddiaçı borclu şəxs olaraq qalmaqdadır. Halbuki, həqiqətdə, İddiaçı bank qarşısında borc öhdəliyi hələ 2007-ci ildə bağlanılmışdır. Bu isə İddiaçı mülki dövriyyə iştirakçısı kimi hüquqlarının əsassız məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan QSC “Bank Standard” KB ilə İddiaçı arasında xx.xx.2007ci il tarixli 120A051307 saylı kredit müqaviləsi üzrə İddiaçı borc öhdəliyinə xitam verilməsi haqqında bank sistemində və Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq yazılı qeydin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO QSC “Bank Standard” KB ilə əvəz edilməsi və cavabdehin üzərinə xx.xx.2007-ci il tarixli 120A051307 nömrəli kredit müqavilə üzrə heç bir borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirmişdir ki, cavabdeh bankla aralarında xx.xx.2007-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kreditin məqsədi tərəfindən “Ford Expedition” markalı avtomobilin dəyərinin ödənilməsi olmuşdur. Həmin kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi bağlanmış və adıçəkilən avtomobil girov qoyulmuşdur. Daha sonra isə kredit müqaviləsi üzrə borcun tam bağlanması məqsədi ilə adıçəkilən avtomobil satılıb borca yönəldilməsi üçün 2005-ci ildə cavabdeh banka təhvil verilmişdir. Nəticədə kredit müqaviləsi üzrə borc tam bağlanmışdır. Bunun təsdiqi olaraq, bank tərəfindən xx.xx.2007-ci il tarixli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə yazılı müraciət ünvanlanmış və kredtin bağlanması ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Həmin vaxtdan sonra onu həmin məsələ ilə bağlı narahat edən olmamışdır. Bir müddət öncə isə başqa bir bankdan kredit götürmək istəyərkən ona məlum olmuşdur ki, onun adına 2007-ci ildən qalmış borc mərkəzləşdirilmiş kredit reyestrində görünməkdədir. Halbuki borc 2005-ci ildə tam bağlanmışır. Nəticədə onun konstitusion hüququları pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan ləğv prosesində olan LPO QSC “Bank Standard” KB tərəfindən İddiaçı ünvanlanmış **********257 saylı, 06 fevral 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, LPO QSC “Bank Standard” KB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 120A051307 (**********) nömrəli kredit müqaviləsi üzrə ona 18 ay müddətinə, illik 25 % olmaqla 27850 manat məbləğində kredit verilmişdir. ləğv prosesində olan LPO QSC “Bank Standard” KB-yə xx.xx.2007-ci il tarixli 120A051307 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə, bank əməliyyat sistemində 18.854,50 manat məbləğində əsas borc öhdəliyi mövcuddur.

8. İş materiallarında olan İddiaçı ilə LPO QSC “Bank Standard” KB-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 120A051307 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 18 ay müddətinə, 27,850 AZN məbləğində kredit vermişdir.

9. İş materiallarında olan İddiaçı ilə LPO QSC “Bank Standard” KB-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 120A051307 nömrəli girov müqaviləsinin surətindən görünür ki, borclu tərəfindən bank qarşısında 2005-ci il buraxılış ili, qara rəngli Ford Expedition markalı avtomobil kreditin təminatı qismində girov qoyulmuşdur.

10. İş materiallarında olan LPO QSC “Bank Standard” KB-nin xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, LPO QSC “Bank Standard” KB ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 120A051307 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən cavabdeh İddiaçı ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Yuxarıda qeyd edilən iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı və LPO QSC “Bank Standard” KB kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı tərəfindən öhdəliklərin tam yerinə yetirilməsinə baxmayaraq LPO QSC “Bank Standard” KB borcun olmaması barədə məlumatı öz bank sisteminə daxil etməmişdir. Hazırda İddiaçı LPO QSC “Bank Standard” KB-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixli 120A051307 saylı kredit müqaviləsi əsasında borcun silinməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

16. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

17. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, LPO QSC “Bank Standard” KB həmin borcun mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir.

19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

20. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli 120A051307 saylı kredit müqaviləsi üzrə analitik hesabdan çıxarışla cavabdeh LPO QSC “Bank Standard” KB-yə borclu olmadığı, yəni iddiaçının öhdəliyinin olmaması öz təsdiqini tapdığından həmin qeydlər silinməlidir.

21. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

22. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

23. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2007-ci il tarixli 120A051307 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO QSC “Bank Standard” KB-nin üzərinə qoyulmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixli 120A051307 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO QSC “Bank Standard” KB-nin (ləğvedicisi kimi X1 vasitəsilə) üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar