Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4080/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq o və mərhum həyat yoldaşı ilə Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 1645 (bir min altı yüz qırx beş) manat məbləğində borcun restrukturizasiya olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X4 Cavabdeh2 ASC ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bankdan 6370 ABŞ dolları məbləğində kredit götürmüş və iddiaçı ona zamin olmuşdur. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsasında Şəki Rayon Məhkəməsinin 2(075)-12385/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X1 və İddiaçı birgə qaydada kredit müqaviləsinə əsasən 4662,44 ABŞ dolları əsas, 1945,51 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6907,95 ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh2 ASC-yə verilməsi qət edilmişdir. İddiaçı borcu ödəməkdən imtina etmir, düzgün qaydada və restrukturizasiya ilə hesablanarsa, hər ay borcu ödəməkdə çətinlik çəkməz. Kredit məbləği restrukturizasiyaya düşdükdən sonra yerdə qalan borc məbləği 2404,43 (iki min dörd yüz dörd manat qırx üç qəpik) manat olmuş və həmin məbləğin 760 (yeddi yüz altmış) manatı iddiaçının pensiya kartından tutulmuşdur. İddiaçı kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, ona şifahi şəkildə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərmanın qəbul edilməsinə baxmayaraq, bank tərəfindən ona borcunun restrukturizasiya olunmasına dair heç bir təklif edilməmişdir.
3. İddiaçı (və nümayəndəsi) ərizə təqdim edərək, LPO Cavabdeh2 ASC-nin iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Cavabdeh2 ASC (Kreditor) ilə X4 (Borcalan) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana “şəxsi istehlak” məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) % ödəmək şərti ilə 6370 (altı min üç yüz yetmiş) USD məbləğində kredit vermişdir.
9. Cavabdeh2 ASC (Kreditor) ilə İddiaçı (Zamin) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 210004704/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmetini ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan X4 tərəfindən kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəlik 2-ci bənddə göstərilmişdir. Həmin öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar.
10. Ölüm haqqında AZ-İ seriyalı 693141 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
11. Şəki Rayon Məhkəməsinin 2(075)-12385/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər X4 və İddiaçı müştərək qaydada 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4662,44 ABŞ dolları məbləğində əsas borc, 1945,51 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6907,95 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, iddianın 818,26 ABŞ dolları cərimə tələbinin 518,26 ABŞ dollarına dair hissəsinin təmin edilməməsi qət edilmişdir.
12. Şəki Rayon Məhkəməsinin 2(075)-12385/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsi 27 yanvar 2017-ci ildə verilmişdir.
13. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, atası X4 ilə Cavabdeh2 ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun Fərmana uyğun restrukturizasiya olunmasını xahiş etmişdir.
14. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığının nəzərə alınması xahiş olunmuşdur.
15. LPO Cavabdeh2 ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair İddiaçı nümayəndəsi Nümayəndə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, onun müraciəti kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Müraciətlə bağlı ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciət qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığının nəzərə alınmasının xahiş olunduğu bildirilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı ilə Tərlan Cəbrayılovun xx.xx.1976-cı ildə Şəki rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahına sonuncunun xx.xx.2014-cü ildə vəfat etməsi ilə xitam verildiyi məlum olmuşdur. Məktuba nikah və ölüm haqqında akt qeydlərinin surəti əlavə edilmişdir.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Şəki Regional “ASAN Xidmət” Mərkəzindəki notariat ofisində X2 əmlakına dair vərəsəlik işi açılmış, ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilməklə məhkəməyə təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli, 2V-1032 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Nümayəndədur. Şəhadətnamə verilən miras əmlak Şəki şəhəri, İ.Osmanlı küçəsi, döngə-1, ev 24 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak - 0.0534 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 90.7 kv.metr olan yaşayış evinin ¼ hissəsindən ibarətdir.
19. Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Şəki Rayon Məhkəməsinin 2(075)-12385/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X1 və İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə cəmi 6907,95 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə üzrə hazırda qalıq borc 2.475,6 (iki min dörd yüz yetmiş beş dollar altmış sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu təşkil edir.
20. Problemli kreditlərin kompensasiyası adlı sənəddən görünür ki, X2 LPO Cavabdeh2 ASC-yə olan 2.404,43 manat məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir.
21. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 37 (otuz yeddi) manat rüsum ödənilmişdir.
22. İş materiallarına, həmçinin, İddiaçı məxsus bank hesabından çıxarış əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X4 (iddiaçının mərhum əri) ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 6.370 ABŞ dolları məbləğində təminatlı kredit verilmiş, öhdəliyin icrasının təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır.
24. X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
25. İddiaçı və mərhum əri tərəfindən borcun tam ödənilməsi təmin edilmədiyindən, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onlardan müştərək qaydada cəmi 6.907,95 ABŞ dolları əsas borcun (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət edilmişdir.
26. Tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, həmin müqavilə üzrə 2.404,43 manat məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir.
27. xx.xx.2019-cu il tarixdə Nümayəndə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
28. Hazırda iddiaçı özünün zamin olduğu və məhkəmə qərarı ilə ondan pul tutulmasına əsas olan kredit müqaviləsinə münasibətdə Fərmanın tətbiq edilməsini, yəni cavabdeh LPO Cavabdeh2 ASC və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanaraq 1.645 manat məbləğində borcun Fərmana uyğun restrukturizasiya edilməsini; cavabdeh LPO Cavabdeh2 ASC və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə kreditin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilməsinə baxmayaraq, həmin kreditin restrukturizasiya olunması üçün Fərmanla müəyyən edilmiş müddət ərzində banka müraciət etməməsi səbəbindən iddianın rədd edilməsini xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum əri ilə hazırda ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməyən 2.404,43 manat məbləğində əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi və restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilməsi, lakin iddiaçının və ya ərinin vərəsəsi olan oğlunun həmin müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nda müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ya bankın özünə rəsmi qaydada müraciət etməməsi işin mübahisəsiz halını təşkil edir.
30. Belə ki, iddiaçı tərəf həmin müddət ərzində cavabdehlərə müraciət etdiklərini, lakin buna dair heç bir sübutlarının olmadığını bildirmiş, həmçinin, onlara bank və ya Fond tərəfindən heç bir bildiriş və təklif gəlmədiyini iddia etmişdir.
31. Qarşı tərəf isə iddiaçı tərəfin restrukturizasiya məqsədilə məhz xx.xx.2024-cü il tarixdə müraciət etdiyini sübuta yetirmişdir (hazırkı qətnamənin 13-cü bəndində göstərilən ərizə).
32. Məhkəmə bankın və ya Fondun bildiriş verməməsi ilə bağlı dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin özünün təqdim etdiyi problemli kreditlərin kompensasiyası adlı sənəddə “restrukturizasiya olunması təklif olunan kreditlər siyahısı” adlı başlıqda “X2 LPO Cavabdeh2 ASC-yə olan 2.404,43 manat məbləğində əsas borcunun” göstərilməsi elə iddiaçı tərəfə həmin məbləğ barəsində güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlamaq üçün edilmiş təklif – oferta olmuşdur.
33. Lakin iddiaçı tərəf Fərmana müvafiq olaraq restrukturizasiya barədə tələblə müəyyən edilmiş zaman kəsiyində banka və ya Fonda müraciət edərək, ofertanı aksept etmədiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçı tərəfə münasibətdə həmin Bank üçün məcburi olmamışdır.
34. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması (iddiaçının mərhum ərinin vərəsəsi kimi oğlunun (hazırkı iş üzrə iddiaçının nümayəndəsinin) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni də məhz bu müddət ərzində alması), lakin onların hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 5 ilə yaxın vaxt keçdikdən sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Hətta nəzərə alınsa ki, iddiaçı bu kredit müqaviləsi ilə bağlı Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamənin icrası ilə əlaqədar pensiyasından pul tutulduğuna görə hazırkı iddia tələbini irəli sürmüşdür, belə olan halda onun hüquqlarından sui-istifadə etməsi istisna olunmur.
35. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmadığından, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh deyildir. Yuxarıda göstərilən bütün əsasları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
36. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407.1-407.2. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. Maddə 409.3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 560.1, 560.2, 560.3, 560.3.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadənin xüsusi növüdür.
38. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı: Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyə edilmişdir.
1. Devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür.
39. Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”: 6.16-cı bənd. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır; 7.1-7.3-cü bəndlər. Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar. Portalda bu Qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır. 2.1.12-ci bənd. Elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır.
40. Mülki Prosessual Məcəllə: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması” tələbinə dair iddiası təmin edilməməlidir.
42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir.
Nəticə:
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova