Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4088/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin, «Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası Qaydası»nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin və "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6.16-cı bəndlərinin tələblərinin pozulması səbəbindən baş vermiş yanğın hadisəsi nəticəsində Ağsu rayonu Kalağaylı kəndinin ərazisində əkdiyi taxıl sahəsinin yanıb kül olduğundan ona vurulmuş 1.400 manat maddi ziyan və ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, cəmi 1.434 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, həmçinin daha 7 nəfər həmkəndliləri X18, X8, X30, X15, X10, X11, X2 rayonu Kalağaylı kəndinin ərazisində yerləşən pay torpaqlarında taxıl əkərək yetişdirdikləri, lakin biçilməmiş sahələrində xx.xx.2023-cü il tarixində, təxminən saat 12 radələrində yanğın baş vermiş və nəticədə biçilməmiş taxıl sahələri tam yandığından məhsul götürmək mümkün olmamışdır. Taxıl sahələri biri digəri ilə qonşuluqda yerləşdiyindən yanğın birindən digərinə keçərək hamısını əhatə etmişdir. Baş vermiş yanğınla əlaqədar dərhal müvafiq qurumlara mobil telefonla məlumat verilmiş, lakin yanğının qarşısı alına bilməmişdir. Müraciətləri əsasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və onlara ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-18-23/2-1603/2024 saylı məktubda göstərilmişdir ki, yanğın hadisəsinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri və ya lazımi qaydada yerinə yetirməmələrindən baş verdiyi müəyyən olunduğu üçün toplanmış material xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Ağsu rayon prokurorluğuna göndərilmişdir. Fakt üzrə Ağsu rayon Prokurorluğunda 28C-2024 saylı material üzrə aparılmış araşdırma nəticəsində 06 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edilərək surətləri məlumat üçün ona və digər həmkəndlilərinə göndərilmişdir. Qərarda göstərilir ki, FHN Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına əsasən xx.xx.2023-cü tarixdə, saat 12 radəsində Ağsu rayonu Kalağaylı kəndində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahəsində yanğın hadisəsi baş vermişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində yanğın hadisəsinin hər hansı şəxs və ya şəxslər tərəfindən törədilməsi ilə əlaqədar şöbəyə əməliyyat məlumatları daxil olmamışdır. Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2024cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9629 saylı məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyinə əsasən, iş materiallarında olan məlumatlara əsasən, Ağsu rayonu Kalağaylı kəndində yerləşən X23 və digərlərinə məxsus yanğın hadisəsi baş vermiş biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izolyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzləri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 10/35/10 kvluq «Ağsu» yarımstansiyasından çıxan 10 kv-luq «Sabir» hava elektrik xəttinin dirəyinə traverssiz bərkidilmiş izolyatorun qırılması və izolyatorla əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin tədqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin, «Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası Qaydası»nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin və "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6.16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kv-luq hava xəttinin qaydalarının tələblərinə uyğun quraşdırılması (izolyatorun dirəyə travers vasitəsi ilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nazaslıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanması təmin edilmədiyinə görə, vəzifə təlimatlarının yuxarıda göstərilən bəndlərinin, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin, «Elektrik və istilik qurğularının istismarının təhlükəsizlik texnikası Qaydası»nın 1.2.1-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin rayon elektrik şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. Həmçinin qərarda göstərilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16- 5292/2023-cü il tarixli məktubuna əsasən yanğın hadisəsi baş vermiş, Ağsu rayonu Kalağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsində quraşdırılmış elektrik hava xətləri 110/35/10 kv-luq Ağsu Yarımstansiyasından çıxan 10 kv-luq Sabir hava xətti vasitəsi ilə qidalanır. 10 kv-luq «Sabir» hava xəttinə istismar üzrə aparıcı mühəndis İ.Cəfərov, sahə ustası V.Bəyalıyev, elektrik mantyorları R.Dvalidze, T.Həsənov və Ə.Vahidov xidmət edirlər. Sonuncu dəfə 10 kv-luq «Sabir» hava xəttinə 2023-cü ilin aprel ayında baxış keçirilmiş və növbəti baxış vaxtı təmir plan qrafikinə əsasən 2023-cü ilin sentyabr ayında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5612 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təqdimatına təqdim edilmiş məlumatlarda göstərilən vətəndaşlara aid buğdanın qiyməti ilə ümumi dəyəri nəzərə alaraq təxminən 7.175 manat ziyan müəyyən edilir. O cümlədən: X3 məxsus 0,4 ha sahədə 1,5 ton buğda – 525 manat (1,5 ton x 350 manat); İddiaçı məxsus 1,2 hektar sahədə 4 ton buğda – 1.400 manat (4 ton x 350 manat); X23 məxsus 2 hektar sahədə 6 ton buğda – 2.100 manat (6 ton x 350 manat); X4 məxsus 0,3 hektar sahədə 0,9 ton buğda – 315 manat (0,90 ton x 350 manat); X5 məxsus 0,8 hektar sahədə 2,2 ton buğda – 770 manat (2,2 ton x 350 manat); X9 məxsus 0,47 hektar sahədə 1 ton buğda – 350 manat (1 ton x 350 manat); X12 məxsus 0,3 hektar sahədə 0,9 ton buğda – 315 manat (0,90 ton x 350 manat). Beləliklə, Ağsu rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, hadisənin baş verməsində təqsirkar Ağsu rayon Elektrik Şəbəkəsi və onun Ağsu Yarımstansiyasının qeyd edilən işçiləridir və nəticədə qeyd edilən iddiaçılara qeyd edilən miqdarda maddi ziyan dəymişdir. Odur ki, X26 tabe olduğu "xxxx" ASC cavabdeh qismində maddi ziyanın ödənilməsində məhkəməyə verilməlidir. Yanğın hadisəsinin eyni vaxtda baş verməsi və bütün iddiaçıların taxıl sahəsini əhatə etməsi, bütün iddiaçılar üçün eyni bir cavabdeh olması iddianın müştərək qaydada bir cavavdehə qarşı verilməsi həm qanunun tələbinə və həm də işin məhkəmə baxışının asanlaşmasına xidmət etdiyindən iddia müştərək qaydada verilmişdir. Onlar, 8 nəfər vurulmuş ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə Ağsu rayon məhkəməsinə cavabdehə qarşı iddia ərizəsi ilə müraciət etmişlər. Ağsu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(016)-686/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 35 və 152.1.3-cü maddələrini rəhbər tutaraq ərizələrini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərardadda iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi göstərilmişdir. Bundan sonra 8 nəfər iddiaçı olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Bakı şəhəri Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Lakin Bakı şəhəri Nəsimi rayon məhkəməsi xx.xx.2024-cü il tarixli 2(006)-3344/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsaslanaraq iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşməsi kimi qiymətləndirib iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Odur ki, hazırda cavabdehə qarşı təklikdə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X20 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, qeyd olunan taxıl sahəsi iddiaçının təqdim etdiyi sənədlərdən, habelə FHN və Prokurorluğun təqdim etdiyi materiallardan göründüyü kimi 10 kv-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiqlənmiş «Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair» Tələblərinin 2.1-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu Tələblərin 2.2-2.4-cü bəndləri ilə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. Habelə həmin Tələblərin 2.2.2-ci bəndinə əsasən 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün məsafə - 10 metr müəyyən edilmişdir. Göründüyü kimi elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin əkin sahəsi kimi istifadə olunması qanuna ziddir. Məlumat üçün bildirir ki, mühafizə zonası ondan istifadə üçün yox, məhz gələcəkdə baş verə biləcək qəzaların və təhlükələrin qarşısını almaq üçün müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: 14 iyun 2023-cü il tarixdə İddiaçı və digər şəxslərin Şimal-Qərb regional X35 İdarəsinin rəisi, daxili xidmət polkovniki Natiq Mirzəyevə yazdıqları ərizələrdən, eləcə də, Azərbaycan Respublikası FHN DYNX-nin müvafiq qurumunun inspektoru, daxili xidmət kapitanı Bayram Aslanova yazdıqları eyni tarixli izahatlardan görünür ki, həmin gün günorta vaxtı Ağsu rayonu Kalağaylı kəndi ərazisində yerləşən, onlara məxsus əkin sahələrinin yanması barədə məlumat almışlar. Onlar (sahələri yanan şəxslər) əraziyə gəldikdə, Ağsu rayon DYMH-nın 2 ədəd yanğınsöndürən maşınının cəlb edildiyini və yanğının söndürülməsi üçün mücadilə aparıldığını görmüşlər. Yanğının başqa ərazilərə yayılmasının qarşısı alınıb, söndürülsə də, ərizəçilərə məxsus sahələrdəki məhsul yanaraq məhv olmuşdur. Yanğının baş verməsinə ərazidən keçən, 10 kv-luq elektrik xəttinin qəzalı, nasaz vəziyyətdə olması səbəb olmuşdur. Ərizəçilərin hər birinin şikayət və iddiaları var, aidiyyəti üzrə göndərilməsini xahiş edirlər. Ərizələrdə həmçinin qeyd olunmuşdur ki, dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, ərazidən keçən elektrik xəttindəki nasazlıq aradan qaldırılmamışdır və nəticədə, bu yanğının baş verməsinə səbəb olmuşdur. Ağsu meteoroloji məntəqəsinin 14 iyun 2023-cü il tarixdə Ağsu rayonu Kalağaylı kəndi ərazisində müşahidə olunan hava şəraiti haqqında arayışından görünür ki, Ağsu meteoroloji məntəqəsi: Faktiki hava: xx.xx.2023-cü il tarixdə havanın maksimal temperaturu 37,2°C, minimal temperaturu 22,9°C olmuşdur. Yağıntı qeydə alınmamışdır. İsmayıllı hidrometeoroloji stansiyası: Faktiki hava: xx.xx.2023-cü il tarixdə hava dəyişkən buludlu (7/4), meteoroloji görünüş məsafəsi 10-20 km, havanın orta temperaturu 23,7°C, minimal temperaturu 17,10C. maksimal temperaturu 30.5°C, Cənub-Cənub-Qərb istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. Saat 17:20-dən 18:35-dək ildırımla müşayiət olunan leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 13.4 mm olmuş, 17:28-17:29-dək isə diametri 5 mm olan dolu düşmüşdür. 10:00 müşahidə müddətində hava aydın buludsuz (0/0), meteoroloji görünüş məsafəsi 20 km, havanın faktiki temperaturu 27,1°C, minimal temperaturu 17.2°C, maksimal temperaturu 27,4°C, Cənub-Şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. 13:00 müşahidə müddətində hava aydın buludsuz (0/0), meteoroloji görünüş məsafəsi 20 km, havanın faktiki temperaturu 30,2°C, minimal temperaturu 26,7°C, maksimal temperaturu 30,5°C, Şərq-Cənub-Şərq istiqamətli küləyin maksimal sürəti 4 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. 16:00 müşahidə müddətində hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 20 km, havanın faktiki temperaturu 30,00°C, minimal temperaturu 29,8°C. maksimal temperaturu 30,4°C, Cənub-Şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. 19 iyun 2023-cü il tarixdə Padar kənd ərazi dairəsi üzrə icra nümayəndəsi Samir Əhmədov və Kalağaylı bələdiyyəsinin sədri Mənsim Yolçiyev tərəfindən tərtib və təsdiq edilmiş aktdan görünür ki, 14 iyun 2023-cü il tarixdə Ağsu rayonu Kalağaylı kənd sakinlərinin əkin sahələrinə yanğın nəticəsində maddi ziyan dəymişdir. Odur ki, vətəndaşların əkin sahəsinə dəymiş maddi ziyan indiki bazar qiyməti ilə aşağıdakı siyahı üzrə hesablanmışdır. 1. X1 – 1.20 ha sahədə 4 ton buğda 1.200 manat dəyərində; 2. X8 – 40 sot sahədə 1.5 ton buğda 450 manat dəyərində; 3. X30 – 2 ha sahədə 6 ton buğda 1.800 manat dəyərində; 4. X13 – 80 sot sahədə 2.2 ton buğda 780 manat dəyərində; 5. X21 – 30 sot sahədə 900 kq. buğda 300 manat dəyərində; 6. X11 – 30 sot sahədə 900 kq. buğda 300 manat dəyərində; 7. X15 – 47 sot sahədə 1 ton buğda 300 manat dəyərində; 8. X22 – 1 ha sahədə 4 ton buğda 1.200 manat dəyərində qiymətləndirilmişdir. Vətəndaşlara ümumilikdə dəymiş maddi ziyan 6.330 manat dəyərində qiymətləndirilmişdir. 20 iyun 2023-cü il tarixdə tərtib olunmuş yanğın haqqında aktdan görünür ki, Komissiya tərəfindən (tərkibi - Azərbaycan Respublikası FHN DYNX-nin müvafiq qurumunun inspektoru, daxili xidmət kapitanı Bayram Aslanov, Padar kənd icra nümayəndəsi, Kalağaylı kənd bələdiyyəsinin sədri) sakinlərə məxsus əkin sahələrinə baxış keçirilmişdir. Aktda yanğın baş vermiş obyektin xüsusiyyəti; yanğın baş verdiyi vaxta kimi obyektin yanğına qarşı vəziyyəti; yanğın baş vermə ərəfəsində vəziyyət; yanğının aşkar edilməsi və onun söndürülməsi; yanğın nəticəsində dəymiş ziyan; yanğının səbəbi və s. müfəssəl şəkildə qeyd olunmuşdur. İcraçı tərəfindən 20 iyun 2023-cü il tarixdə, aidiyyəti rəis tərəfindən 23 iyun 2023-cü il tarixdə imzalanmış «Yanğının hesabat vərəqəsi»ndən görünür ki, yanğın hadisəsi ilə bağlı zəruri məlumatlar hesabatlılığın təmin edilməsi məqsədi ilə vərəqədə müvafiq bəndlər üzrə öz əksini tapmışdır. Padar kənd İƏD üzrə nümayəndəliyin 27 iyul 2023-cü il tarixli 5-34-20/2-2-45/2023 saylı məktubundan görünür ki, şifahi sorğuya əsasən 14 iyun 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı vətəndaşlara dəymiş ziyan barədə (19 iyun 2023-cü il tarixdə tərtib edilmiş akta əsasən) FHN Əməliyyat İstintaq İdarəsinə məlumat verilmişdir. "xxxx" ASC-nin FHN Əməliyyat İstintaq İdarəsinə ünvanladığı 14 avqust 2023-cü il tarixli 13-13/2-1/16-5292/2023 saylı məktubundan görünür ki, Ağsu rayonu Kalağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar müvafiq sənədlərin Nazirliyin İstintaq orqanına təqdim olunması barədə "xxxx" ASC-yə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan sahənin enerji təchizatı 110/35/10 kv-luq «Ağsu» Yarımstansiyasından çıxan 10 kV-luq «Sabir» hava xətti vasitəsi ilə qidalanır. 10 kV-luq «Sabir» hava xəttinə istismar üzrə aparıcı mühəndis İ.Cəfərov, sahə ustası V.Bəyalıyev, elektrik montyorları R.Dvalidze, T.Həsənov və Ə.Vahidov xidmət edirlər. Sonuncu dəfə 10 kV-luq «Sabir» hava xəttinə 2023-cü ilin aprel ayında baxış keçirilmiş və növbəti baxışın vaxtı təmir-plan qrafikinə əsasən 2023-cü ilin sentyabr ayında nəzərdə tutulmuşdur. Həmin xətt 1960-cı illərdə inşa edilmişdir. Məktuba hava xəttinin pasportu, sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə akt, 2023-cü il üçün elektrik qurğularının, elektrik avadanlıqlarının, hava və kabel xətlərinin cari və əsaslı təmiri plan-qrafikləri və s. sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/5612 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlarda göstərilən vətəndaşlara aid buğdanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 7.175 manat müəyyən olunur. O cümlədən: - İddiaçı məxsus 1,2 hektar sahədə 4 ton buğda – 1.400 manat (4 ton x 350 manat); - X3 məxsus 0,4 ha sahədə 1,5 ton buğda – 525 manat (1,5 ton x 350 manat); - X23 məxsus 2 hektar sahədə 6 ton buğda – 2.100 manat (6 ton x 350 manat); - X5 məxsus 0,8 hektar sahədə 2,2 ton buğda – 770 manat (2,2 ton x 350 manat); - X12 məxsus 0,3 hektar sahədə 0,9 ton buğda – 315 manat (0,90 ton x 350 manat); - X4 məxsus 0,3 hektar sahədə 0,9 ton buğda – 315 manat (0,90 ton x 350 manat); - X9 məxsus 0,47 hektar sahədə 1 ton buğda – 350 manat (1 ton x 350 manat); - X14 məxsus 1 hektar sahədə 4 ton buğda – 1.400 manat (4 ton x 350 manat). Padar kənd İƏD üzrə icra nümayəndəliyinin 13 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, icra nümayəndəsinin müavini FHN Əməliyyat İstintaq İdarəsinin rəisinə müraciət edərək, 14 iyun 2023-cü il tarixdə Ağsu rayonu Kalağaylı kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahəsində yanğın hadisəsi baş verdiyini, həmin sahənin üzərindən keçən Ağsu rayon «Sabir» elektrik xəttində qısa qapanma olduğunu, nəticədə yanğın hadisəsi baş verdiyini, vətəndaşların müraciətinə əsasən onlara dəymiş maddi ziyanın hələ ki ödənilmədiyini bildirmiş və dəymiş ziyanın elektrik şəbəkəsi tərəfindən ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Növbə ərzində olan yazıların məzmunu və növbənin təhvil verilməsi, qəbulu haqqında qeydlərin yer aldığı jurnaldan (kitabdan) görünür ki, müvafiq qeydlər (hava xəttində aparılan təmir və s. işlərlə bağlı) tarix, saat və dəqiqəsi göstərilməklə zəruri məlumatlar ətraflı şəkildə öz əksini tapmışdır. "xxxx" ASC-nin FHN Əməliyyat İstintaq İdarəsinə ünvanladığı 07 dekabr 2023-cü il tarixli 13-13/2-1/16-11144/2023 saylı məktubundan görünür ki, Ağsu rayonu Kalağaylı kəndində yerləşən biçilməmiş taxıl sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar müvafiq sənədlərin Nazirliyin İstintaq orqanına təqdim olunması barədə "xxxx" ASC-yə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan sahənin enerji təchizatı 110/35/10 kv-luq «Ağsu» Yarımstansiyasından çıxan 10 kV-luq «Sabir» hava xətti vasitəsi ilə qidalanır. Xəttin Kalağaylı kəndi ərazisindən keçən hissəsində xx.xx.2023-cü il tarixdə taxıl sahəsində baş vermiş yanğın nəticəsində yaranmış istilikdən ağac dayaqda olan qarmağın yerindən çıxdığı aşkar olunmuş və saat 13:30-13:48 radələrində qarmaq yerinə bərpa olunmuşdur. Məktuba 17 vərəqdən ibarət sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9629 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən Ağsu rayonu Kalağaylı kəndində yerləşən kənd sakinlərinə məxsus biçilməmiş taxıl sahələrində baş vermiş yanğının mənbəyi, izolyatoru qırılmış dayağın aşağı hissəsində olmuş və quru otların üzəri ilə ətrafa yayılmışdır. Yanğın, iş materiallarında və qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 110/35/10 kV-luq «Ağsu» yarımstansiyasından çıxan 10 kV-luq «Sabir» hava xəttinin dirəyinə traverssiz bərkidilmiş izolyatorun qırılması və izolyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması nəticəsində baş verə bilərdi. Hadisənin tədqiqat tərəfindən müəyyən edilmiş səbəbini nəzərə almaqla, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİ-nin Rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin və "xxxx" ASC-nin RETSİ-nin Rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. Hadisə baş vermiş ərazidən keçən 10 kV-luq hava xəttinin qaydaların tələblərinə uyğun quraşdırılması (izolyatorların dirəyə travers vasitəsi ilə bağlanması) və xəttə keçirilən sonuncu (xx.xx.2023-cü il) texniki baxış zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılaraq texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatlarının yuxarıda göstərilən bəndlərinin, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin tələbləri "xxxx" ASC-nin RETSİ-nin Ağsu Rayon Elektrik Şəbəkəsinin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Ağsu rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas Vasif Əhmədov tərəfindən 14 iyun 2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı 28C-2024 nömrəli material üzrə araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış, zəruri sənədlər toplanmışdır. X16 və X17 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi ilə müraciət olunması üçün iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinin İ hisssinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Ağsu rayonu Kəlağaylı kəndi ərazisində yerləşən, iddiaçının istifadəsində olan əkin sahəsində biçilməmiş məhsulun yanmasına və məhv olmasına səbəb, ərazidən keçən 110/35/10 kV-luq «Ağsu» yarımstansiyasından çıxan 10 kV-luq «Sabir» hava xəttinin dirəyinə traverssiz bərkidilmiş izolyatorun qırılması və izolyatora əlaqələndirilmiş naqilin digər xəttin üzərinə düşməsi nəticəsində yaranan qığılcımların xəttin aşağı proyeksiyasında olan quru otları alışdırması olmuşdur. Nəticədə iddiaçıya 1.400 manat maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən elektrik xəttinin cavabdehin balansında olması işin mübahisə edilməyən halıdır. Həmin elektrik xəttinin saz vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır. Təqdim edilmiş sübutlardan göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.4.4.2-ci bəndinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 1.2.1-ci bəndinin, "xxxx" ASC-nin RETSİnin Rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatının 39, 42-ci bəndlərinin və "xxxx" ASC-nin RETSİ-nin Rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatının 6, 16cı bəndlərinin tələbləri pozulmuşdur və bu pozuntuya məhz cavabdeh tərəfindən yol verilmişdir. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, vurulmuş 1.400 manat maddi ziyan və ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, cəmi 1.434 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 1.400 (bir min dörd yüz) manat və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu olmaqla, cəmi 1.434 (bir min dörd yüz otuz dörd) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4088/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4088/2024
14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver