Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4094/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Əhmədova (Cəfərova) Lalə İlham qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Əhmədova (Cəfərova) Lalə İlham qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 11,05.2023-cü il tarixli, 2(006)-1905/2023 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər uşaq üçün müəyyən edilmiş 220 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı Şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1189/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 1 saylı Bakı Asan Xidmət X3 bağlanmış xx.xx.2013-cü il tarixli, 1301 saylı X6 Akt Qeydi pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmışdır. Birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər uşaq üçün 175 manat sabit pul məbləğində olmaqla hər ay cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2590/2022 saylı qətnaməsi ilə alimentin məbləği hər üşüq üçün artırılaraq 193 manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(006)-1905/2023 saylı qətnaməsi ilə alimentin məbləği hər üşüq üçün artırılaraq 220 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdən uşaqlar üçün minimum ehtiyyac meyarının məbləği 235 manat müəyyən edildiyindən alimentin məbləğinin artıraraq hər uşaq üçün 235 manat məbləğində ödəməyi Cavabdeh təklif etmişdir. Lakin 10 gündən çox zaman keçməsinə baxmayaraq Cavabdeh təklifinə heç bir münasibət bildirməmişdir. Beləliklə Cavabdeh bu günə kimi təklifinə heç bir cavab verməmiş və təklifi icra etməmişdir. Ona görə də ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli olmuşdur. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün imtina barədə xx.xx.2024-cü il tarixi, MŞB18/2024-00163 saylı arayış verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2016-cı il təvəllüdlü X12 onkoloji xəstəlikdən əziyyət çəkir, kimya terapiyalar qəbul edir, bununla bağlı gözündən əməliyyat olunmuşdur. Bunu təsdiq edən epikriz də mövcuddur. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1905/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, 17 may 2016-cı il təvəllüdlü X7 və 08 dekabr 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2590/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması, 50 manat mediasiya xərci cavaodeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “X5” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1745/24 nömrəli epikrizin surətindən görünür ki, X2 orbitada yerləşən törəmə diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə xəstə sağ göz qapağından xətti kəsiklə törəmənin gross total xaric edilməsi əməliyyatı icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə, habelə xx.xx.2016-cı il təvəllüdlü X7 onkoloji xəstə olmaqla daimi müalicəyə ehtiyacının olmasına əsaslanmaqla tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1905/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin çıxarılmasından sonra minimum yaşayış tələbatlarının artması, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşaqların saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bundan başqa işdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 onkoloji xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar mütəmadi həkim qəbulunda olmaqla müvafiq müalicələr alır (epikriz iş materiallarına əlavə edilmişdir). Qeyd olunanlar uşaqların maddi cəhətdən saxlanılmasında valideyn kimi Cavabdeh iştirakını zəruri etməklə məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının artırılması əsası kimi çıxış edir Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının bir uşağın saxlanması üçün 235 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X13rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hçr uşaq üçün 235 manat, cəmi 470 manat olmaqla sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-1905/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əhmədova (Cəfərova) Lalə İlham qızının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 5640 manat (470 man x12ay) olduğundan, cavabdehdən 76,4 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-1905/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Əhmədova (Cəfərova) Lalə İlham qızının xeyrinə ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 76,40 manat (yetmiş altı manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4094/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4094/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver