Məhkəmə qərarları › İş №2(006)-4102/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4102/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4102/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə iddiaçı X1 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "borcun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin onunla 09.07.2014-cü il tarixində bağladığı ********* saylı kredit müqaviləsinə əsasən yaranmış borcunun Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanına uyğun olaraq həll olunması dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə 09.07.2014-cü il tarixində ********* saylı kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsinə əsasən illik 24% olmaqla 24 ay müddətinə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində borc pul götürmüşdür. Həmin kreditlə əlaqədar ondan asılı olmayan səbəblərdən borc yaranmışdır. O, borcunu bağlamağa hazırdır. Göstərmək istəyir ki, onun borcunun Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqda Azərbaycan Respublikası prezidentinin 28.02.2019-cu il tarixli fərmanının təsirinə düşür. Dəfələrlə cavabdeh "xxxx" ASC-yə mənim borcumu araşdırması və yuxarıda göstərilən fərmana uyğunlaşdırılması ilə bağlı müraciət eləmiş olsa da, müraciətinə heç bir cavab ala bilməmiş və artıq həmin kredit təşkilatı öz fəaliyyətini dayandırdığından heç bir tədbir görülməmişdir. Bu isə yuxarıda göstərilən Azərbaycan Respublikası Prezidentinin fərmanının ruhuna ziddir. Belə ki, Azərbaycan Respublikası prezidenti problemli kreditlərlə bağlı məsələləri həmin fərmanla həll edərkən eyni zamanda kredit təşkilatlarının da maliyyə vəziyyətini də düzəldərək dövlət büdcəsindən müvafiq köçürülmələr edilmişdir. "xxxx" ASC-nin onun kreditilə bağlı məsələni həll etməməsi kredit təşkilatının əsassız varlanması kimi qiymətləndirilməlidir. Faktiki olaraq bank həm dövlət büdcəsindən onun kredit borcu ilə bağlı pul götürür, həm də hal-hazırda ondan pul tələb edir. Təbii ki, o, borcunu bağlamalıdır, amma dövlət hüquqi dövlət olduğu üçün bu qanunvericiliyə uyğun həll edilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, bundan əvvəlki müraciətlərinə baxıldıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankının 19.03.2021-ci il tarixli 26-03985-2021 saylı məktubunda müraciəti kredit borcuna mümkün güzəşt imkanlarının araşdırılması məqsədi ilə aidiyyatı üzrə bankın ləvğedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş və işin nəticəsi barədə məlumatlandırılacağı qeyd olunmuşdur. Bu günədək ona heç bir məlumat verilməmiş və heç bir tədbir görülməmişdir. İddiaçı X3 məhkəməyə ərizə ilə müraciət edərək, hazırda iş üzrə zəruri olduğu üçün "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO "xxxx" ASC ilə əvəz edilməsini və Azərbaycan Respublikası Mərkəzi Bankının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X5 iddiaya etiraz etmiş, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh KB-nin Xətai filialı ilə X3 arasında bağlanmış ********* saylı, 09.07.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank borcalana 24 ay müddətinə illik 25% dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Camaludin Allahverdiyevə ünvanlanmış 19.03.2021-ci il tarixli məktubdan görünür ki, onun ləğv prosesində olan “DəmirBank" ASC ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) daxil olmuş müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Odur ki, müraciəti kredit borcuna mümkün güzəşt imkanlarının araşdırılması məqsədi ilə aidiyyəti üzrə bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir. “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq araşdırmanın nəticəsi barədə ona məlumat təqdim ediləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Banka daha əvvəl daxil olmuş müraciəti ilə bağlı tərəflərindən ona 12 iyun 2020-ci il tarixli, 26-10380-2020 saylı cavab məktubu göndərilmişdir. Problemli kreditlərin kompensasiya edilməsinə dair 19.03.2021-ci il tarixli çıxarışdan görünür ki, X2 cəmi 3008,08 ABŞ dolları kompensasiya hesablanmışdır. Restrukturizasiya ediləcək məbləğ isə 3510,46 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi ********* saylı, 09.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən X2 24 ay müddətinə illik 25% dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. X2 cəmi 3008,08 manat kompensasiya hesablanmışdır. Restrukturizasiya ediləcək məbləğ isə 3510,46 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı X3 məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin onunla 09.07.2014-cü il tarixində bağladığı ********* saylı kredit müqaviləsinə əsasən yaranmış borcunun Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanına uyğun olaraq həll olunması dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci, 4.2-ci və 5.1-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Həmin Qaydaların 6.7-ci, 8.1-ci və 8.8-ci bəndlərinə görə palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılır. Fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1-ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsin adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin müəyyən edilməsi, kompensasiya məbləğinin hesablanması və həmin məbləğin müvafiq bank hesablarına köçürülməsi, eyni zamanda kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi (restrukturizasiya) əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasının, Palatanın mövcudluğuna xitam verildiyi andan isə Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr Mərkəzi Banka aid edildiyindən, LPO Cavabdeh ASC isə hazırkı iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia Cavabdeh ASC ilə aralarında bağlanmış 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən yaranmış borcuna "Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 55 nömrəli Fərmanın tətbiq edilməsi və borcunun restrukturizasiya olunması” hissəsində əsassız olduğu üçün rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "borcun restrukturizasiya olunması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar