Məhkəmə qərarları › İş №2(006)-4111/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4111/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4111/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə dəyişdirərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 235 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 31 iyul 2017-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 154 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 1050/2019 saylı qətnaməsinə əsasən 31 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 26 noyabr 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Uşağı cəmi 154 manatla saxlamaq çox çətindir. Bildirir ki, ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir.Uşaqlar üçün yaşayış minimumu 2024-cü il üçün 235 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır.Ona görə də alimentin artırılmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh nə övladı ilə ünsiyyət saxlamır, nə də onun xərclərinin ödənilməsində iştirak etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Övladının təlim-tərbiyəsində iştirak etmir, hazırda iş yeri yoxdur, tələb olunan alimentlə razı deyildir, yalnız 200 manat məbləğində aliment ödəməyə gücü çatır. İş materialları: 5 saylı Bakı “ASAN Xidmət” X2 tərəfindən verilmiş AZ-İ seriyalı, 226685 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikaha xx.xx.2017-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 saylı akt qeydi aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, 31 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 26 noyabr 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. 16 saylı Mediasiya Təşkilatının MŞB/16/2024-01037 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Cavabdeh İMS-də iştirak etməmiş, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. AZ-İV seriyalı 061985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 atası olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat məbləğində aliment tutulması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh alimentin miqdarının 235 manat məbləğində müəyyən edilməsinə razı olmasa da, 200 manat məbləğində aliment ödəməyə razılığını bildirmişdir. Məhkəmə hesab edir ki, atanın övladının saxlanması üçün yaşayış minimumu həddində aliment ödəməsini istisna edən hal müəyyən edilmədiyindən iddia tələbi tam həcmdə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (235-154=81 manat,81 x 12 = 972 manat), cavabdehdən 30 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.07.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar