Məhkəmə qərarları › İş №2(006)-4112/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4112/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4112/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla, cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «avtomaşının qaytarılması, alğı-satqı müqaviləsi bağlanması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla, cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «avtomaşının qaytarılması, alğı-satqı müqaviləsi bağlanması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Mitsubishi Grandis" markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçıya verilməsi, pul ödənilməsi öhdəliyini yerinə yetirməsi ilə bağlı “Mitsubishi Grandis" markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmasının Cavabdeh öhdəsinə qoyulması, maddi zərərin əvəzi olaraq 15000 manatın, mənəvi ziyana görə 5000 manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutuluraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi, MMC-nin direktor müavini X3 arasında 10 iyun 2021-ci il tarixdə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "Mitsubishi Grandis” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin 4500 manata ona satılması nəzərdə tutulmuşdur. Cavabdehin mülkiyyətində olan “Mitsubishi Grandis” markalı ** MX *** dövlət qeydiyyal nişanlı avtomobilin dəyərini hissə-hissə ödəmək şərtilə onun mülkiyyətinə verilməli idi. Avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin əsli onda olmuşdur və hər ay illik fazi dərəcəsi 26% olmaqla 12 ay müddətinə 395 manat ödənilməsi razılaşdırılmışdır. Avtomobilin idarə edilməsi ilə bağlı cavabdeh tərəfindən ona yol vərəqəsi verilmiş, fiziki şəxs olmasına baxmayaraq qeyriqanuni ona yol vərəqəsi vermişdir. Lakin avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməmişdir, dəfələrlə etibarnamə verməsini tələb etsə də bundan yayınmışdır. Cədvələ uyğun olaraq hər ay ödənişlər yerinə yetirilmişdir, belə ki, hər ay nəzərdə tutulmuş məbləğdən çox ödəniş edərək müqavilənin şərtlərini yerinə yetirmiş və sonuncu ödənişi edib alqı-satqı yolu ilə mülkiyyətinə qaytarılmasını bildirmiş, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək guya faiz borcu qalmasını bildirmiş, ondan əlavə pul tələb etmişdir. 2021-ci ilin dekabr ayında avtomobili idarə edərkən X5 əməkdaşları tərəfindən saxlanılmış, belə ki, etibarnaməsiz idarə edildiyindən saxlanılmış və cərimə meydançasına yerləşdirilmişdir, cavabdeh avtomobili cərimə meydançasından götürmüşdür. Cavabdehdən avtomobili qaytarması və aralarındakı razılaşma üzrə öhdəliyini, alqı-satqı yolu ilə mülkiyyətinə qaytarılmasını yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Müqavilənin müddəti 2022-ci ilin iyun ayında bitmişdir . Cavabdehlər tərəfindən hüquqları kobud şəkildə pozulmuş və cavabdeh tərəf avtomobili ələ keçirmək məqsədi güdür. Göründüyü kimi öhdəliyi yerinə yetirmiş, cavabdehlər isə öhdəliyin yerinə yetirilməsindən yayınmışlar. "Mitsubishi Grandis" markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmalı, avtomobillə bağlı alğı-satqı müqaviləsi bağlanması cavabdehin öhdəsinə qoyulmalıdır. Cavabdehlərin razılaşmanı pozması səbəbindən maddi zərərə məruz qalmış, avtomobildən istifadə edə bilməməsi, faktiki əmlakının əlindən alınması əlavə xərclərə düşməsinə şərait yaratmışdır. Ona vurulmuş 15000 manat maddi zərərə cavabdehlərdən tutulmalıdır. Cavabdehlərin təqsiri üzündən dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaratmış, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən mənəvi zərərə məruz qalmışdır. Bu hal gündəlik həyatına və işinə mənfi təsir göstərir. Əmlakının əlindən alınması, maddi zərərə məruz qalması şüuruna təsir göstərməklə mənəvi psixoloji reaksiyaya səbəb olur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004/21 saylı Əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı özünə məxsus “Mitsubishi Grandis minik” markalı avtomobilini alıcıya nisyə olmaqla satmağı, alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq satıcıya ödəməyi öhdələrinə götürmüşlər. AD seriyalı 330805 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mitsubishi Grandis minik” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-nə və DTX-nə ünvanladığı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli 004/21 saylı Əşyanın nisyə alqısatqısı haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı özünə məxsus “Mitsubishi Grandis minik” markalı avtomobilini alıcıya nisyə olmaqla satmağı, alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq satıcıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobilin dəyəri ödənilmədiyinə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil iddiaçıdan geri alınmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı “Mitsubishi Grandis minik” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyi yerinə yetirərək, alınan avtomobili iddiaçıya vermiş, bunun nəticəsində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıdan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, iddiaçı isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmış, lakin iddiaçı tərəfindən həmin öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, Müqavilənin 5.1.3-cü bəndinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti avtomobili geri almaqda haqlı olmuşdur. İddiaçı tərəfindən avtomobilin geri qaytarılması Cavabdeh tələb edilsə də, məhkəmə tədqiqatı zamanı avtomobilin alqı-satqısının Cavabdeh ilə deyil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu halda iddiaçının avtomobili Cavabdeh tələb etməsinin hüquqi əsası olmadığından iddia göstərilən hissədə təmin oluna bilməz. İddia tələbinin avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmasının Cavabdeh öhdəsinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən tələb üzrə məhkəmənin hüquqi mövqeyi tələbin avtomobilin geri qaytarılması hissəsinin hüquqi mövqeyi ilə eyni olduğundan, iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. İddiaçı iddia tələbində maddi zərərin əvəzi olaraq 15000 manat pulun ödənilməsini tələb etsə də, maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, eyni zamanda göstərilən məbləğdə maddi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia maddi zərərə aid hissədə də təmin oluna bilməz. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İddiaçının, "KRZ” MMC-nin direktor müavini X1 və Cavabdeh əməllərində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə qeyd edir ki, tələb üzrə adıçəkilən şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda iddiaçı həmin şəxslərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar