Məhkəmə qərarları › İş №2(006)-4115/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4115/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4115/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğvetmə prosesində olan "xxxx" ASC və "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi, əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğvetmə prosesində olan "xxxx" ASC və "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi, əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə SAL212000000G110001 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialı ilə onun arasında bağlanılmış müqavilə üzrə öhdəliklərin icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 5564,90 manat məbləğində kredit borcunun adından silinməsi və "xxxx" MMC-yə məlumat verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə SAL212000000G110001 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialı ilə onun arasında bağlanılmış müqavilə üzrə öhdəliklərin icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 5564,90 manat məbləğində kredit borcunun adından silinməsi, həmin borca yönəlmiş kompensasiyanın ödənilməsi və bu barədə "xxxx" MMC-yə məlumat verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə SAL212000000G110001 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialından 2850 manat kredit götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5966/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə götürdüyü kreditlə bağlı qaldırılmış iddia rədd edilmişdir. Müraciəti araşdırılması üçün həmçinin, ləğvetmə prosesində olan "xxxx" ASC-yə göndərilmişdir. Ləğvetmə prosesində olan "xxxx" ASC xx.xx.2022-ci il tarixdə məktub yazaraq xx.xx.2015-ci il tarixdə bağladığı müqaviləyə əsasən, 2850 manat borc öhdəliyinin silinməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5966/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının əsas olmadığını bildirmişdir. Bu tamamilə əsassızdır, o, müqavilə öhdəliyini tamamilə ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. O, öhdəliyini icra etdiyi halda adından sistemdə göstərilən kredit məbləğinin silinməməsi tamamilə əsassızdır. Bundan əlavə, onun kredit borcu olduğu Azərbaycan Kredit Bürosunun məlumat reyestrində yerləşdirilmişdir. Azərbaycan Kredit Bürosu MMC (AKB) Mərkəzi Bank, 30 Bank, 14 ləğv prosesində olan bank, 47 bank olmayan kredit təşkilatı, 22 sığorta şirkəti, 3 mobil operator və 3 kommunal xidmət operatoru olmaqla 128 təşkilatla məlumat mübadiləsi həyata keçirir və burada da onun kredit borclusu kimi reyestrdə adı vardır. Bu isə gələcəkdə ona böyük problem yaradır. Faktiki olaraq borclu olmadığı halda adının kredit reyestrində borclu kimi göstərilməsi düzgün deyildir. Məhkəmə Qərarında qeyd olunanlara əsasən, onun öhdəliyinin icra olunmuş hesab edilməli, kredit borcunun silinməsini təmin etməli, "xxxx" MMC-nin üzərinə kredit reyestrində barəsində olan kredit borcunun silinməsi barədə məlumatlar düzəldilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğvetmə prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlamış və həmin ərizədə qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi ilə iş üzrə iddiaçıya illik 28% (iyirmi səkkiz) faiz ödənilməsi şərtilə 24 ay müddətinə 2850 manat kredit verilmişdir. Lakin, borclu iş üzrə İddiaçı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Ləğv prosesində olan Zaminbank ASC xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etmiş, birinci və apellyasiya instansiyaları məhkəmələri Bankın iddiasını təmin etmiş, AR Ali Məhkəməsi aşağı məhkəmələrin qətnamələrini ləğv edərək, Bankın iddiasını rədd etmişdir. Hesab edilir ki, hazırki iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliklərinin tam icra olunması qeyd edilmişdir. Lakin, göründüyü kimi borclu hazırki iş üzrə iddiaçı öz öhdəliklərini qəsdən, bilərəkdən tam və lazımi qaydada icra etməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən, hesablanmış kompensasiya kimi 149 manat pul vəsaiti hazırki iş üzrə iddiaçının Bank qarşısında yaranmış kredit borcunun əsas borc məbləğindən silinmişdir. Borclunun hesabdan çıxarışından aydın olur ki, pul vəsaiti xx.xx.2019-cu il tarixində daxil olmuş və həmin gün silinmə olmuşdur. Bankın tərəflər arasında olan kredit müqaviləsi üzrə yaranmış borcun tələb olunması ilə əlaqədar məhkəməyə müraciəti isə xx.xx.2020-ci il tarixində baş tutmuşdur. Göründüyü kimi, qeyd edilən dövrdə, yəni Fərmanın imzalanması və icra müddəti dövründə kredit müqaviləsi aktiv olmuş və Bank məhkəmədə tərəflər arasında olan kredit müqaviləsi üzrə hər hansı tələb irəli sürməmişdir. Bu baxımdan kredit müqaviləsi üzrə Fərmanla bağlı daxil olmuş pul vəsaitinin (kompensasiyanın) tələb edilməsi hissəsində də əsassız və qanunsuzdur. Beləliklə də, İddiaçı iddia ərizəsi əsassız olması ilə əlaqədar təmin edilməməli, tələb rədd edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, İddiaçı “kredit borcunun silinməsi, həmin borca yönəlmiş kompensasiyanın ödənilməsi və "xxxx" MMC-yə məlumatın verilməsi”nə dair ərizəsi əsassız olması ilə əlaqədar təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsi və ya iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxış iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 07 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli məktuba ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Həsənov ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli SAL**********6110001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 2850 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1116/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1370/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1370/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-5966/2021 saylı qərarı şikayəti təmin edərək iddia rədd etmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5966/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1370/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1370/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Beləliklə, iş materialları əsasında işin faktiki halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, kreditor, yəni LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc məbləğinin borcludan, yəni İddiaçı borcun tutulması ilə bağlı iddia qaldırılmış, Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarına əsasən, iddia müddəti ötürüldüyündən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi rədd edilmişdir. İddianın rədd edilməsinə baxmayaraq, İddiaçı hesabında həmin borc bugünədək qalmaqdadır. Məhkəmə hazırkı iddia tələbinin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki işin araşdırılması zamanı məhkəmənin ilk növbədə diqqət yetirdiyi hal İddiaçı hesabında 5564,90 (beş min beş yüz altmış dörd manat, doxsan qəpik) manat məbləğində borcun göstərilməsinin əsaslı olub-olmadığı olmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, kreditor tərəfindən borc məbləğinin İddiaçı tələb edilməsi üçün iddia müddətinin ötürülməsi faktı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiqini tapdığından, bu məbləğin borclunun hesabında saxlanılması əsassızdır. Bu isə öz növbəsində iddiaçının gələcəkdə kredit götürməkdə və buna bənzər işlərdə çətinliklərlə üzləşə biləcəyinə gətirib çıxara bilər ki, bu da onun hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə, iddia tələbinin həmin borca yönəlmiş kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən əhatə dövrü-xx.xx.2016-xx.xx.2022-ci il olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən, hesablanmış kompensasiyanın əvəzi olan 149 manat pul vəsaiti xx.xx.2019-cu il tarixində daxil olmuş və elə həmin gün borclunun əsas borcundan silinmə olmuşdur. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, kompensasiya Bank tərəfindən iddiaçının əsas borcundan silindiyindən iddiaçının hazırki iş üzrə həmin kompensasiya məbləğini yenidən tələb etməsi əsassızdır. Həmçinin, məhkəmə iddia tələbini borcun silinməsi barədə "xxxx" MMC-yə məlumat verilməsi hissəsində də əsaslı hesab edir. Belə ki, məhkəmə tələbin bu hissəsini birinci hissə ilə, yəni 5564,90 manat məbləğində borcun iddiaçının adından silinməsi hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab edir ki, tələb bu hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il tarixdə SAL 212000000G110001 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC Salyan filialı ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 5564 (beş min beş yüz altmış dörd) manat 90 (doxsan) qəpik məbləğində kredit borcu silinməli, bu barədə "xxxx" MMC-yə məlumat verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdə SAL 212000000G110001 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC Salyan filialı ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 5564 (beş min beş yüz altmış dörd) manat 90 (doxsan) qəpik məbləğində kredit borcu silinsin. Bu barədə "xxxx" MMC-yə məlumat verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar