Məhkəmə qərarları › İş №2(006)-4132/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4132/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4132/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin borclu tərəfindən ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin borclu tərəfindən ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.04.2017-ci il tarixli, STN01-2462 saylı alqı-satqı müqaviləsi üzrə 701 manat, 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqaviləsi üzrə 2.372 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumi olaraq 3.103 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 26.04.2017-ci il tarixli, STN01-2462 saylı və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı 2 alqı-satqı müqaviləsi imzalanmışdır. 26.04.2017-ci il tarixli, STN01-2462 saylı alqısatqı müqaviləsi əsasında Cavabdeh TEXNOPLUS mağazasından 1.714 manat dəyərində “İphone 7 Black” markalı mobil telefon almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 130 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 1.714 manat ümumi məbləğdən 130 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1.584 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə, hər aya 132 manat ödəniş edir. Ödəniş cədvəlinə əsasən cavabdeh 28.05.2017-ci il tarixdə 112 manat, 02.06.2017-ci il tarixdə 20 manat, 28.06.2017, 29.07.2017, 06.09.2017, 04.10.2017, 04.11.2017, 05.12.2017, 06.01.2018-ci il tarixlərində 132 manat və 12.03.2018-ci il tarixdə 50 manat, ümumilikdə isə 26.04.2017-ci il tarixli, STN01-2462 saylı müqavilə üzrə 1.106 manat ödəniş etmişdir. Hazırda 478 manat qalıq borc, 26.04.2018-ci il tarixinə qədər olan gecikdirmə üzrə dəbbə pulu isə 223 manat etmişdir. 26.04.2017-ci il tarixli, STN01-2462 saylı alqı-satqı müqaviləsi üzrə TEXNOPLUS mağazasına 701 manat ödəniş edilməlidir. 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh TEXNOPLUS mağazasından 1.828 manat dəyərində “LG GR-D602 HLAL” markalı paltaryuyan almışdır. Eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 100 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 1.828 manat ümumi məbləğdən 100 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 1.728 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə, hər aya 144 manat ödəniş edir. Ödəniş cədvəlinə əsasən cavabdeh 13.12.2017, 28.01.2018-ci il tarixlərdə 144 manat və 12.03.2018-ci il tarixdə 50 manat, ümumilikdə isə 12.11.2017-ci il tarixli, STN03-1399 saylı müqavilə üzrə 338 manat ödəniş etmişdir. Hazırda 1.390 manat qalıq borc, 12.11.2018-ci il tarixinə qədər olan gecikdirmə üzrə dəbbə pulu isə 982 manat etmişdir. 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqaviləsi üzrə TEXNOPLUS mağazasına 2.372 manat ödəniş edilməlidir. Hər iki müqavilə üzrə ümumi olaraq isə Cavabdeh TEXNOPLUS mağazasına 3.073 manat ödəniş etməlidir. Sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 16.04.021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də, ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.04.2017-ci il tarixli, STN01-2462 saylı alqı-satqı müqaviləsindən görünür ki, X4 1.714 manat dəyərində “İphone 7 Black” markalı mobil telefonu Cavabdeh satmağı, cavabdeh isə malı qəbul etməyi və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini X3 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqaviləsindən görünür ki, X4 1.828 manat dəyərində “LG GR-D602 HLAL” markalı paltaryuyanı Cavabdeh satmağı, cavabdeh isə malı qəbul etməyi və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini X3 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.04.2017-ci il tarixli, STN01-2462 saylı və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı “Təhvil-təslim aktının kötüyü”ndən görünür ki, “İphone 7 Black” markalı mobil telefon və “LG GR-D602 HLAL” markalı paltaryuyan cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbzə (kötüyə) imza edilməklə telefon və paltaryuyan təhvil alınmışdır. İş materiallarında olan 10.10.2020-ci il tarixli BM-028/20 saylı və 10.10.2020-ci il tarixli BM-029/20 saylı “Bağışlama müqavilə”lərindən görünür ki, X4 26.04.2017-ci il tarixli, STN01-2462 saylı və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqavilələri üzrə tələb hüquqlarını İddiaçı MMC-yə vermişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli Maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya 26.04.2017-ci il tarixli, STN01-2462 saylı müqavilə üzrə 478 manat əsas, 223 manat cərimə borcu və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı müqavilə üzrə 1.399 manat əsas, 282 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə qeyd edir ki, X4 ilə Cavabdeh arasında 26.04.2017-ci il tarixli, STN01-2462 saylı və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən X4 1.714 manat dəyərində “İphone 7 Black” markalı mobil telefonu və 1.828 manat dəyərində “LG GR-D602 HLAL” markalı paltaryuyanı cavabdehə satmağı, cavabdeh isə malları qəbul etməyi və müqavilələrə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malların dəyərini X3 ödəməyi öhdəsinə götürmüşdür. X4 10.10.2020-ci il tarixli BM-028/20 saylı və 10.10.2020-ci il tarixli BM-029/20 saylı “Bağışlama müqavilə”ləri ilə 26.04.2017-ci il tarixli, STN01-2462 saylı və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı alqı-satqı müqavilələri üzrə tələb hüquqlarını İddiaçı MMC-yə vermişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu ümumilikdə 3.073 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 26.04.2017-ci il tarixli, STN01-2462 saylı müqavilə üzrə 478 manat əsas borc, 30 manat cərimə, 12.11.2017-ci il tarixli, STN03-1399 saylı müqavilə üzrə 1.390 manat əsas borc, 100 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.028 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 26.04.2017-ci il tarixli, STN01-2462 saylı müqavilə üzrə 30 manat və 12.11.2017-ci il tarixli, STN03-1399 saylı müqavilə üzrə 100 məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 26.04.2017-ci il tarixli, STN01-2462 saylı müqavilə üzrə 478 manat əsas borc, 30 manat cərimə, 12.11.2017-ci il tarixli, STN03-1399 saylı müqavilə üzrə 1.390 manat əsas borc, 100 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.028 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar