Məhkəmə qərarları › İş №2(006)-4135/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4135/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4135/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan ** LC *** dövlət qeydiyyat nişanlı «Volkswagen Touareg» markalı avtomobilə dəymiş ziyan – 7.069 manat pul vəsaitinin və ödənilmiş 91 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində o, sözügedən avtomobillə Bakı şəhəri Xan Şuşinski küçəsində hərəkətdə olarkən, Cavabdeh3 məxsus, Dövlət Sığorta Kommersiya şirkətində icbari sığortalı, yolun sağ tərəfində hərəkətsiz duran, «Mercedes Benz» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçən zaman həmin avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş X4 qəfildən açdığı avtomobilin qapısının onun avtomobilinə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş X11 İdarəsinin əməkdaşları tərəfindən yolnəqliyyat hadisəsi müvafiq qaydada rəsmiləşdirilmiş və uyğun araşdırmalar aparılmışdır. Araşdırmaların nəticəsi olaraq, «Mercedes Benz» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinərək, barəsində tərtib edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən 20 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda həmin avtomobilin sərnişini olan, arxa oturacaqdan düşmək istəyərkən ehtiyatsız hərəkəti nəticəsində yol-nəqliyyat hadisəsi törənmiş Cavabdeh2 da Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinin tələblərini pozmaqda təqsirli bilinərək, barəsində tərtib edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən 30 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisədə **-LC-*** dövlət qeydiyyat nişanlı «Volkswagen Touareg» markalı avtomobilin sürücüsü kimi onun (X1) təqsirsiz olduğu müəyyən olunmuşdur. «Mercedes Benz» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Dövlət Sığorta Kommersiya şirkətində icbari sığortalı olmasına baxmayaraq, baş vermiş yol-nəqliyat hadisəsinin sığorta hadisəsi olması faktına şirkət tərəfindən ilk günlər ziddiyyətli yanaşma olduğundan, həmin şirkətin səlahiyyətli əməkdaşları onun avtomobilinə dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etməmiş, sığorta ödənişini tam ödəməkdən imtina etmiş və onları əsassız olaraq get-gələ salmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, onların dəvət etdikləri «EURO STYLE LTD» şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən **-LC-*** dövlət qeydiyyat nişanlı «Volkswagen Touareg» markalı avtomobilinə 7.069 manat məbləğində ziyan dəymişdir. Sığorta ödənişini almaq üçün etdikləri çoxsaylı müraciətlərdən sonra Dövlət Sığorta Kommersiya şirkətinin Sığorta Hadisələri Departamentinin xx-xx/1039 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olduğu təsdiqlənmiş, lakin «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3.2-ci maddəsinə istinad edilərək, avtomobilə dəymiş ziyanın üçüncü şəxsin təqsirininin dərəcəsinə mütənasib olaraq 50 % az ödəniləcəyi bildirilmişdir. Bu məsələ ilə bağlı onlar tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X5 sədrinə etiraz ərizəsi ilə müraciət edildikdən sonra, maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bank tərəfindən Dövlət Sığorta Kommersiya şirkətinə sığorta ödənişinin 2 iş günü müddətində Qanunun 58.3.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada təqsirin dərəcəsinə mütənasib olaraq faydalanan şəxsə təqdim edilməsi tələbinə dair xx.xx.2021-ci il tarixdə 26-13836-2021 saylı, xx.xx.2021-ci il tarixdə 26-12717-2021 saylı və xx.xx.2021-ci il tarixdə 26-13809-2021 saylı icrası məcburi olan göstəriş verilmişdir. Lakin bütün bunlara baxmayaraq, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtomobilinə dəymiş zərərə görə ona sığorta ödənişinin ödənilməsi aparılmadığından, Mərkəzi Banka təkrarən müraciət etmişdir. Həmin qurumdan verilmiş xx.xx.2022-ci il tarixli 01.26-2-2022-10668 saylı cavab məktubunda yekun olaraq göstərilir ki, səlahiyyətli dövlət orqanları tərəfindən hadisənin təfərrüatlarına dair əldə olunmuş məlumatlar arasında ziddiyyət mövcud olduğu üçün əmlaklarına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması faktının müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən müraciətlərində qeyd olunmuş məsələ ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Göründüyü kimi, yaranmış vəziyyətlə əlaqədar səlahiyyətli dövlət orqanları arasında mübahisəli hallar mövcud olduğundan, yekdil fikir yoxdur. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə izahatında qeyd etdi ki, iddiaçı ilə Cavabdeh2 arasında razılıq əldə olunsa da və dəymiş ziyanın bir qismi, yəni 1.500 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən iddiaçıya ödənilsə də, dəymiş ziyanın qalan məbləğini digər cavabdehlər ödəmədiklərindən, bu iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hadisə keçən il təxminən mart ayında baş vermişdir. O, taksidə olarkən arxa qapını açmış və aşağı düşmək istəmişdir ki, sol tərəfdən «Volkswagen Touareg» markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sürətlə keçərək qapını vurmuşdur. Bundan sonra həmin avtomobili idarə edən şəxs ilə (Süleyman müəllimlə) aralarında danışıqlar olmuş və razılığa gəlmişlər ki, o, sonuncuya 4.000 manat ödəsin. O, öz növbəsində həmin şəxsə 4.000 manat məbləğində pulu nəğd şəkildə təqdim etmiş və onlar Notariat Kontoruna getmişlər. X2 ilə aralarında razılıq ərizəsi olmuş və Notariat Kontorunda təsdiqlənmişdir. İddia ərizəsini əsassız hesab edir. Məhkəmədən iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ona məxsus avtomobilə dəymiş zərərə görə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, iddianın onlara aid olan hissəsini qəbul etmir və hesab edir ki, iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə PDS********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» müqaviləsi ilə sığortalanmış, «Mercedes Benz C200» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin Cavabdeh2 avtomobilin arxa sol qapısını açarkən həmin avtomobilin qapısı onun yanından keçən, «Volkswagen Touareg» markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toxunmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən yol-nəqliyyat hadisəsi iştirakçılarının verdiyi izahatlardan aydın olmuşdur ki, «Mercedes Benz C200» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yolun kənarında hərəkətsiz vəziyyətdə olarkən həmin avtomobildə sərnişin qismində əyləşən Cavabdeh2 avtomobilin arxa sol qapısını açmış, bu zaman qapı avtomobilin yanından keçən, Süleyman Mamedov tərəfindən idarə olunan «Volkswagen Touareg» markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qanadına dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış sənədlər təhlil olunarkən hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsinə qanuni əsaslar müəyyən olunmadığından şirkət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Məlumat üçün bildirir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4257781 nömrəli Qərara əsasən, «Mercedes Benz C200» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi (dayanma qaydasını pozmağa görə) ilə həmin avtomobildə sərnişin qismində əyləşmiş Cavabdeh2 isə İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4257782 nömrəli Qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişlər. Məhkəmədən iddianın cavabdeh DSKŞ-yə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun hər hansı bir təqsiri yoxdur, bununla belə iddiaçı ona teztez zəng etmişdir ki, həmin şəxs gəlsin müəyyən məbləğ ödəsin. Cavabdeh2 nömrəsini ondan istəmiş və o da, Cavabdeh2 nömrəsini iddiaçıya vermişdir. Daha sonra onlar görüşmüşlər və Cavabdeh2 iddiaçıya pul ödəmişdir. İddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın ona aid hissəsində rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2, o cümlədən digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlanmış 24 noyabr 2020-ci il tarixli PDS********** saylı icbari sığorta müqaviləsi bağlanaraq, «Mercedes Benz» markalı **-EN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 5.000 manat həddində icbari qaydada sığorta edilmişdir. Sığorta müqaviləsi 12 ay müddətinə bağlanmışdır. «Volkswagen Touareg» markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2012-ci il tarixdə verilmiş AB seriyalı 804168 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçıdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddia ərizəsində qeyd olunan yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4257781 nömrəli Qərara əsasən, «Mercedes Benz C200» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi (dayanma qaydasını pozmağa görə) ilə həmin avtomobildə sərnişin qismində əyləşmiş Cavabdeh2 isə İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4257782 nömrəli Qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişlər. Bakı şəhəri 54 saylı notariat ofisində tərtib edilmiş və reyestrdə 8İ-7284 nömrə qeyd edilmiş 28 dekabr 2021-ci il tarixli, **********284 saylı ərizədən görünür ki, ərizə iddiaçının nümayəndəsi (həyat yoldaşı) X2 tərəfindən yazılmışdır. Ərizədə xx.xx.2021-ci il tarixdə avtonəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən ** LC *** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərərin tam olaraq ödənildiyi, bununla əlaqədar onun Cavabdeh2 qarşı heç bir iddia və tələbinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası DSKŞ-nin 16 iyun 2021-ci il tarixli xx-xx/1039 saylı məktubundan görünür ki, Şirkət yuxarıda sadalananlara, eləcə də, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə istinad edərək, avtonəqliyyat vasitəsinə dəymiş zərər üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib olaraq 50 % azalacağını iddiaçı tərəfin nəzərinə çatdırmışdır. İddiaçı tərəf Azərbaycan Respublikası DSKŞ-nin 16 iyun 2021-ci il tarixli xx-xx/1039 saylı məktubuna hər-hansı müsbət cavab verməmiş, ziyan aktına istinad edərək, ərizə ilə Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bankın 29 iyul 2022-ci il tarixli 01.26-2-2022-10668 saylı məktubundan görünür ki, iddiaçı tərəfin müraciətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Bildirilmişdir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun (Qanun) 13.2-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Müraciətdə qeyd olunan xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə daha əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmiş sorğuya cavab olaraq həmin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş məlumatda yol-nəqliyyat hadisəsinin sərnişin Cavabdeh2 təqsiri səbəbindən baş verməsi sübuta yetirildiyindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü, «Mercedes Benz C200» markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə riayət etməyərək dayanma-durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barələrində inzibati protokolların tərtib edildiyi bildirilmşdir. Həmçinin həmin məlumatda təqsiri olan şəxslər barədə məlumatların «Yol-nəqliyyat hadisələrinin qeydiyyatı sistemi»nə daxil edilməsinin mümkün olmamasına görə sistemdə yalnız sürücü Cavabdeh3 təqsirli olmasının göstərildiyi qeyd edilmiş və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə elektron və kağız daşıyıcıda olan arayışlar əsas hesab edilmədiyi üçün sərnişin Cavabdeh2 təqsiri səbəbindən «Volkswagen Touareg» markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Müraciətə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bak Şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən təqdim edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları bərədə xx.xx.2022-ci il tarixli, 046-21535 saylı arayışda təqsirli tərəf kimi sərnişin Cavabdeh2la yanaşı, «Mercedes Benz C200» markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilir sürücüsü də qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, səlahiyyətli dövlət orqanı tərəfindən hadisənin təfərrüatlarına dair təqdim edilmiş məlumatlar arasında ziddiyyət mövcud olduğu üçün əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması faktının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar müraciətdə qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi iddiaçı tərəfə tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinmişdir. Belə ki, «Mercedes Benz C200» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin Cavabdeh2 avtomobilin arxa sol qapısını açarkən həmin avtomobilin qapısı onun yanından keçən, «Volkswagen Touareg» markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toxunmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. İddiaçı tərəflə Cavabdeh2 arasında razılıq əldə edilmiş, Cavabdeh2 iddiaçı tərəfin avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün pul vəsaiti ödəmiş, onların razılığa gəlmələri notarial qaydada təsdiq olunmuşdur. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi Süleyman Məmmədovun Cavabdeh2 tərəfindən razılığa əsasən ona 1.500 manat pul vəsaitinin ödənildiyini qeyd etməsi, Cavabdeh2 isə bu halı təkzib edərək, iddiaçıya daha böyük həcmdə, yəni 4.000 manat pul məbləğini ödədiyini qeyd etməsi iş üzrə mövcud vəziyyətin dəyişməsinə səbəb ola bilməz. Belə ki, iş materiallarında bu məsələ üzrə tərəflər arasında əldə edilmiş razılığa dair notarial qaydada təsdiq edilmiş ərizənin mövcudluğu məhkəmə tərəfindən yenidən bu məsələyə (hansı məbləğdə pulun ödənilməsinə) hüquqi qiymət verilməsi zərurətini aradan qaldırır. Digər tərəfdən iş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh2 ilə yanaşı Cavabdeh3 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini də cavabdeh qismində cəlb etmiş və avtomobilinə dəymiş ziyanın həmin şəxslərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişir. Məhkəmə Cavabdeh2 məsuliyyət məsələsinə hüquqi qiymət verdikdən sonra digər cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə qeyd edir ki, iddia onlara münasibətdə də təmin edilə bilməz. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. İşin faktiki hallarından və Qanunun yuxarıda istinad olunan maddələrindən də göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinməklə, Cavabdeh3 təqsiri müəyyən edilməmiş və «Mercedes Benz C200» markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə riayət etməyərək, dayanma-durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati protokol tərtib edilmişdir. Belə ki, Cavabdeh3, yəni sığorta olunanın hər hansı təqsiri olmamış, şəxs yalnız dayanma qaydasını pozmağa görə inzibati məsuliyyətə cəlb edilmiş, yol-nəqliyyat hadisəsi isə bilavasitə sığortalanmış avtomobildə sərnişin qismində əyləşən Cavabdeh2 hərəkəti nəticəsində baş vermiş və sonuncu bu səbəbdən inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış sənədlərlə müəyyən edilmişdir ki, icbari sığorta müqaviləsi ilə sığortalanmış «Mercedes Benz C200» markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 qeyd olunan avtomobilin istifadəsi ilə əlaqədar iddiaçıya məxsus avtomobilə zərər vurulmasında təqsirli olmamışdır. Bu səbəbdən sığorta olunanın iddiaçı qarşısında mülki məsuliyyəti yaranmadığına görə şirkətin də iddiaçıya sığorta ödənişi ödəmək öhdəliyi yaranmamışdır. Belə olan halda hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsinə qanuni əsaslar müəyyən olunmadığından, şirkət tərəfindən sığorta ödənişinin verilməsindən haqlı olaraq imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia əsaslı deyil, təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 91 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 91 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar