Məhkəmə qərarları › İş №2(006)-416/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-416/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-416/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və "xxxx" MMCyə qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi və əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və "xxxx" MMCyə qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi və əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə, 1146 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialı ilə onun arasında bağlanılmış müqavilə üzrə öhdəliklərinin icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 19606,92 manat kredit borcunun adından silinməsi, ünvan 1 ünvanında yerləşən mənzilin girovdan azad edilməsi, evin çıxarışının ona verilməsi və "xxxx" MMC-yə məlumat verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.2014-cü il tarixdə 1146 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialından 15.000 manat kredit götürmüşdür. Salyan Rayon Məhkəməsinin 2(057)-1056/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə götürdüyü kreditlə bağlı qaldırılmış iddia rədd edilmişdir. Qətnamədən narazı qalan "xxxx" ASC Salyan Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 2(057)-1056/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müraciətin araşdırılması üçün həmçinin, ləğvetmə prosesində olan "xxxx" ASC-yə göndərilmişdir. Ləğvetmə prosesində olan "xxxx" ASC xx.xx.2022-ci il tarixdə məktub yazaraq xx.xx.2014-cü il tarixdə bağladığı müqaviləyə əsasən 15.000 manat borc öhdəliyinin silinməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 2(057)-1056/20 saylı, xx.xx.2020-ci il tarixli qətnamələrin əsas olmadığını bildirmişdir. Bu tamamilə əsassızdır, iddiaçı müqavilə öhdəliyini tamamilə ödəmişdir. Öhdəliyini icra etdiyi halda adından sistemdə göstərilən kredit məbləğinin silinməməsi tamamilə əsassızdır. Bundan əlavə, onun kredit borcu olduğu Azərbaycan Kredit Bürosunun məlumat reyestrində yerləşdirilmişdir. Azərbaycan Kredit Bürosu MMC Mərkəzi Bank, 30 bank, 14 ləğvetmə prosesində olan bank, 47 bank olmayan kredit təşkilatı, 22 sığorta şirkəti, 3 mobil operator və 3 kommunal xidmət operatoru olmaqla 128 təşkilatla məlumat mübadiləsi həyata keçirir və burada da onun kredit borclusu kimi reyestrdə adı vardır. Bu isə gələcəkdə ona böyük problem yaradır. Faktiki olaraq borclu olmadığı halda adının kredit reyestrində borclu kimi göstərilməsi düzgün deyildir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1146 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit müqaviləsinin tələbləri pozulduğundan bank məhkəməyə müraciət etmişdir. İddiaçının istinad etdiyi Salyan Rayon Məhkəməsinin 2(057)-1056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı borcunun olmaması müəyyən olunmamışdır, sadəcə İddiaçı ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Halbuki, hər hansı tələb üzrə iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur və qanunvericilikdə müəyyən edilmiş hallarda iddianın rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında da göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət olunması üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Öhdəliyin xitamına əsas olan hallar isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində müəyyən olmuşdur, öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən 10 (on) il kimi müəyyən edilmişdir. Baxılan iş üzrə isə həmin müddət keçməmişdir. Belə ki, qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli, 1146 saylı kredit müqaviləsinin müddəti 25 iyun 2017-ci ildə bitmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklərin icrası müddətinin sonu 25 iyun 2017-ci il tarixinədək müəyyən edilmişdir və Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən 10 (on) il həmin tarixdən hesablanlanır. Belə ki, Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Hazırda Bank əməliyyat sistemində İddiaçı 19.606,92 (on doqquz min altı yüz altı manat, 92 qəpik) manat borcu vardır. Həmin borc məbləği ödənilmədiyindən kredit müqaviləsi üzrə borclu şəxsin öhdəliklərinə xitam verilə bilməz. Bundan başqa iddiaçı xx.xx.2014-cü il tarixli, 1146 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə əsasən ona məxsus Salyan şəhəri, X4 küçəsi, ev 6 ünvanında yerləşən 1 nömrəli mənzilin ipoteka yüklülükdən azad edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)- 1056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, əsas öhdəlik üzrə iddia müddətin tədbiq edilməsi ipotekaya xitam verilməsi üçün əsas deyil. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmamısı barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarına əsasən ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən "xxxx" ASC-nin iflas proseduruna başlanmışdır. “Banklar Haqqında” Qanuna əsasən ləğv prosesində olan banka qarşı tələblər bankın ləğvedicisinə qarşı qaldırılıb. İddiaçı Əsgərov X1 Sığortalanması Fondunun cavabdeh kimi qoyaraq, onu ləğvedici kimi qeyd etməmişdir. Ləğvedici ləğv prosesində olan bankın öhdəliyinə görə məsuliyyət daşımır. Bu səbəbdən görünür ki, iddiaçı cavabdehin səhv qeyd edib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ərizəsi üzrə: xx.xx.2014-cü il tarixli, 1146 saylı kredit müqaviləsi əsasənda "xxxx" ASC-nin Salyan filialı ilə arasında bağlanmış müqavilə üzrə ödhəliklərin icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 19.606,92 manat kredit borcum adımdan silinməsi, Salyan şəhəri, X5 küçəsi, ev 6 ünvanında yerləşən mənzilin girovdan azad edilməsi, evin çıxarışın ona verilməsi və Azərbaycan Kredit Bürosu MMC-yə məlumatın verilməsi öhdəliyinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə iddia tələbi təmin edilə bilməz və həmin tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclası barədə xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1056/2020 saylı, 06 noyabr 2020-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1108/2021 saylı, 20 may 2021-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(057)-1056/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 29 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2014-cü il tarixli, 1146 saylı kredit müqaviləsinə bank tərəfindən 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan Salyan şəhəri, X4 küçəsi, ev 6 ünvanında yerləşən 48.9 kv.m ümumi, 34.7 kv.m yaşayış, 14.2 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki işin materiallarında olan 27 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 9716 manat məbləğində əsas borc, 7310.15 manat məbləğində faiz borcu mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin, öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bundan başqa, öhdəliyin xitamına əsas olan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində müəyyən olunmuşdur, öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən 10 il kimi müəyyən edilmişdir. Hazırda baxılan iş üzrə isə həmin müddət keçməmişdir. Belə ki, qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli, 1146 saylı kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklərin icrası müddətinin sonu 25 iyun 2017-ci il tarixinədək müəyyən edilmişdir və Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən 10 il həmin tarixdən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi xx.xx.2014-cü il tarixdə, 1146 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialı ilə onun arasında bağlanılmış müqavilə üzrə öhdəliklərinin icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən hesablanmış 19606,92 manat kredit borcunun adından silinməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən mənzilin girovdan azad edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayının əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Göründüyü kimi əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçının “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi və əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və "xxxx" MMCyə qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi və əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar