Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-417/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “LPO QSC "xxxx" KB-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş xx.xx.2009-cu il tarixli, 1xx/xx/1408/09 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların əks olunmasının cavabdehin öhdəsinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC-yə qarşı “LPO QSC "xxxx" KB-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş xx.xx.2009-cu il tarixli, 1xx/xx/1408/09 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların əks olunmasının cavabdehin öhdəsinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, LPO QSC "xxxx" KB-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş İddiaçı ilə bank arasında bağlanmış 06 may 2009-cu il tarixli 1xx/xx/1408/09 saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların Cavabdeh3 MMC-yə göndərilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 06 may 2009-cu il tarixində QSC "xxxx" KB ilə illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərtilə 4.000 manat məbləğində kredit müqaviləsi bağlamışdır. 2011-ci ildə kredit üzrə öhdəliklərini iddiaçı tam şəkildə icra etmişdir. Lakin, 2022-ci ilin sentyabr ayında poçt vasitəsilə ünvanına daxil olmuş məktubdan məlum olmuşdur ki, guya iddiaçının QSC "xxxx" KB-yə yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə ümumilikdə 14.405,2 manat məbləğində borcu qalmışdır. Həmin məktubda qeyd edilir ki, 3 gün ərzində tam borcu faizlə birlikdə ödəməyi tələb edilir. Yaranmış vəziyyətdə hüquqlarını müdafiə etmək məqsədi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd edilən kredit tərəfindən 2009-cu ildə götürülüb və müqavilə şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddət ərzində borcunu ödəmişdir və həmin vaxtdan nə az, nə çox 11 ildən artıq vaxt keçib. Onun həqiqətən borcu olsa idi, bu zaman ərzində öncədən bank, sonradan (2016-cı ildən) onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Lakin, bu qədər zaman ərzində və hələ fə bu gün də belə Əmanətlərin Sığortalanması Fondu ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməyib. Deməli, bu borc reallıqda mövcud deyil. Sözsüz ki, indi belə bir iddianı ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülüb. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu tip müqavilələ üzrə tələb etmə müddəti müqavilənin bitdiyi gündən 3 il ərzində mümkündür, yəni bank bu tələblə iddianı 06 may 2014-cü ilə qədər məhkəmədə qaldırmaq imkanı olub. Digər tərəfdən, vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır. İpoteka uolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud xırdalı-böyüklü ev əşyaları almaq bütün bunlar onun üçün hal-hazırda hulyadır və mümkün deyildir. Çünki, kredit üçün müraciət etdiyi halda banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edəcəklər. Hesab edir ki, cavabdehin tutduğu mövqedən istifadə edərək onun hüquqlarını məhdudlaşdırılması yolverilməzdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə QSC "xxxx" KB arasında bağlanmış 06 may 2009-cu il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli Bildirişdən görünür ki, xx.xx.2009-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən İddiaçı illik 25 faiz ödənilməsi şərtilə 24 ay müddətinə ilkin məbləğ 4.000 manat məbləğində kredit verilmişdir. 15 sentyabr 2022-ci il tarixinə İddiaçı Banka 3333.32 manat məbləğində əsas borc, 7639.72 manat məbləğində faiz borcu, 1523.16 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1909 manat faiz məbləği, ümumilikdə isə 14.405,2 manat məbləğində borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə LPO "xxxx" KB QSC arasında 06 may 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə bank borcluya illik 25% olmaqla, 24 ay müddətinə ödəmək şərtilə 4.000 manat kredit vermiş, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2022-ci il tarixli Bildirişdən görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə xx.xx.2009-cu il tarixli, 1xx/xx/1408/09 №-li kredit müqaviləsi üzrə borclu olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının iddia müddətinin keçməsinə istinadən borcun silinməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə; maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin, hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan Bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun silinməsi tələbi istisna edilir. Məhkəmə iddianın qanuni əsası kimi iddiaçının iddia müddətinin tətbiqinə istinadı ilə razılaşmasa da, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi və onun əsasında yaranmış borcun silinməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən, öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, beş il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır. Belə ki, Mülki Məcəlləsinin 368-ci maddəsi ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. Mülki işin materiallarından göründüyü kimi 06 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 06 may 2011-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən artıq 10 ildən artıq müddət ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. Cavabdeh3na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı tərəf olduğu xx.xx.2009-cu il tarixli 1xx/xx/1408/09 №-li kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" KB QSC ilə bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-417/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-417/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver