Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-418/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) – X2, Cavabdeh Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların əks olunmasının cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların əks olunmasının cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 noyabr 2008-ci il və 12 fevral 2009-cü il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 noyabr 2008ci il və 12 fevral 2009-cü il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər sırasından çıxarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 noyabr 2008-ci il və 12 fevral 2009- cü il tarixlərində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə hər biri 4000 manat məbləğində olmaqla kredit müqavilələri bağlamışdır. 2011-ci ildə kredit üzrə öhdəliklərini tam icra etmişdir. Lakin 2022-ci il sentyabr ayında poçt vasitəsi ilə ünvanına daxil olmuş məktublardan məlum olmuşdur ki, guya onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə yuxarıda qeyd etdiyi kredit müqavilələri üzrə ümumilikdə müvafiq olaraq 8963,42 və 13278,46 manat məbləğində borcu qalmışdır. Həmin məktublarda qeyd edilir ki, 3 gün ərzində tam borcu faizlə birlikdə ödəməyi tələb edilir. Yaranmış vəziyyətdə qanunu hüquqlarını müdafiə etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Kreditlər 2008-ci və 2009-cü illərdə götürülmüş, müqavilə şərtlərinə uyğun olaraq müqavilələrin qüvvədə olduğu müddət ərzində borcunu ödəmiş və həmin vaxtdan nə az, nə çox 12 ildən artıq vaxt keçmişdir. Həqiqətən borclu olsaydı bu zaman ərzində öncədən bank, sonradan (2016-ci ildən) onun ləğvedicisi ƏSF-u müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Lakin bu qədər zaman ərzində və hələ bu gündə belə ƏSF-u ona qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Deməli bu borc reallıqda mövcud deyil. İndi belə bir iddianı ləgvedici olaraq ƏSF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müqavilələr üzrə tələb etmə müddəti müqavilənin bitdiyi gündən 3 (üç) il ərzində mümkündür, yəni bank bu tələblə iddianı 12 fevral 2014-cü ilə qədər məhkməmədə qaldırmaq imkanı olmuşdur. Digər tərəfdən vəziyyətin bu formada qalması onun bir çox hüquqlarını məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud xirdalı-böyüklü ev əşyaları almaq, bütün bunlar onun üçün hal-hazırda hulyadır və mümkün deyil. Çünki kredit üçün müraciət etdiyi halda banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edəcəklər. Hesab edir ki, cavabdehin tutduqu mövqedən istifadə edərək hüquqlarını məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiaçıya illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4000.00 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiaçıya illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4000.00 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********571 saylı bildirişdən görünür ki, QSC BANK STANDARD KB ilə Sizin aranızda xx.xx.2009-cu il tarixində kredit verilməsi haqqında 1xx/xx/1041/09 saylı müqavilə bağlanmış və həmin müqaviləyə esasən Bank tərəfindən Sizə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə ilkin məbləğ 4000.00 AZN məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Sizin tərəfinizdən pozulmuş, kredit ödənişləri qrafıkə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində Sizin 19 Sentyabr 2022-ci il tarixinə LPO Banka 3007.44 AZN məbləğində əsas borc, 7117.25 AZN məbləğində faiz borcı, 1374.23 məbləğində cərimə borcu, AR MlV-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 1779.54 AZN faiz məbləği, ümumilikdə isə 13278.46 AZN məbləğində borcunuz qalmışdır. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, kreditor borclarını ödəməkdən qəsdən yayınmağınız son nəticədə Sizin cinayət məsuliyyətinə cəlbedilməyinizlə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən kreditor borclarını ödəməkdən qəsdən yayınma cinayət məsuliyyəti yaradan ictimai təhlükəli əməldir. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, Sizdən tələb olunur 13278.46 AZN məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin edəsiniz. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********572 saylı bildirişdən görünür ki, QSC BANK STANDARD KB ilə Sizin aranızda xx.xx.2008-ci il tarixində kredit verilməsi haqqında 130/01/466/08 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Sizə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə ilkin məbləğ 4000.00 AZN məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Sizin tərəfinizdən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində Sizin 19 sentyabr 2022-ci il tarixinə LPO banka 2038,77 AZN məoiəğində əsas borc, 4784.28 AZN məbləğində faiz borcu, 931.61 məbləğində cərimə borcu, AR MM-nın 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 1208.76 AZN faiz məbləği, ümumilikdə isə 8963.42 AZN məbləğində borcunuz qalmışdır. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, kreditor borclarını ödəməkdən qəsdən yayınmağınız son nəticədə Sizin cinayət məsuliyyətinə cəlbedilmeyinizlə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən kreditor borclarını ödəməkdən qəsdən yayınma cinayət məsuliyyəti yaradan ictmai təhlükəli əməldir. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, Sizdən tələb olunur 8963.42 AZN məbləğində borcun ödənilməsini 3 gün ərzində temin edəsiniz. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. xx.xx.2022-ci il tarixli **********926 saylı Maliyyə arayışından görünür ki, iddiaçının xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 3007,44 manat əsas, 7117,25 manat faiz, 1374,23 manat cərimə, gecikdirilmiş vaxt üçün 1806,84 manat faiz, ümumi 13305,76 manat borcu vardır. xx.xx.2022-ci il tarixli **********985 saylı Maliyyə arayışından görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 2038,77 manat əsas, 4784,28 manat faiz, 931,61 manat cərimə, gecikdirilmiş vaxt üçün 1226,96 manat faiz, ümumi 8981,62 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı və xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı Kredit müqavilələri bağlanılmış və həmin müqavilələrə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiaçıya illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4000.00 manat məbləğində kredit verilmişdir. İddiaçının xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı kredit müqaviləsi üzrə 3007,44 manat əsas, 7117,25 manat faiz, 1374,23 manat cərimə, gecikdirilmiş vaxt üçün 1806,84 manat faiz, ümumi 13305,76 manat, xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 2038,77 manat əsas, 4784,28 manat faiz, 931,61 manat cərimə, gecikdirilmiş vaxt üçün 1226,96 manat faiz, ümumi 8981,62 manat borcu qalmışdır. Bank tərəfindən iddiaçıya qarşı borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilməmiş, o cümlədən borcun ödənilməsi ilə bağlı iddiaçıya Bank tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə bütün öhdəliklər üzrə on il, vaxtaşırı ödənişlər üzrə öhdəliklərdə isə beş il tələb müddəti müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən borc məbləğləri xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı və xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı Kredit müqavilələri üzrə olmaqla xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı müqavilənin müddəti xx.xx.2010-cu il tarixədək, xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı müqavilənin müddəti isə xx.xx.2011-ci il tarixədək olmuşdur ki, bu halda məhkəmə hesab edir ki, həmin borclar üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinin tələblərinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı və xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı Kredit müqavilələrinə əsasən yaranmış borc məbləğləri üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 130/01/466/08 saylı və xx.xx.2009-cu il tarixli 1xx/xx/1041/09 saylı Kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-418/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-418/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver