Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4204/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA qızının və cavabdeh BBB oğlunun iştirakları ilə İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının iddiaçının yanında saxlanılmaları qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(006)-4923/2014 saylı qətnaməsi ilə aliment tələbinin təmin edilməsi, 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının saxlanılması üçün cavabdeh BBB oğlundan hər uşağa görə sabit məbləğdə 105 manat, cəmi 210 manat alimentin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının saxlanması üçün, onların yetkinlik yaşına çatanadək hər biri üçün sabit məbləğdə 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh BBB oğlu iddia tələbinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilik prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılması üçün əsas verən halları iddia ərizəsində qeyd etməmiş, eyni zamanda cavabdehin ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər-hansı sübutu məhkəməyə təqdim etəmişdir. Ona görə də, cavabdeh hesab edir ki, iddiaçının alimentin məbləğinin artırılmasına dair iddia ərizəsi təmin oluna bilməz. Çünki, alimentin 105 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı qətnamədən və hazırkı işin materiallarından cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək nəinki hər hansı bir dəyişikliyin olmadığı, əksinə onun maddi vəziyyətinin daha da ağırlaşdığı aydın olur. Belə ki, cavadeh ilə anası arasındakı münasibətləri korlanmış, o, da cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Artıq məhkəmə anasına da alimentin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoya bilər ki, bu da onun gələcəkdə miqdarı artırılmış alimentin ödənilməsini mümkünsüz edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən tərəfindən 17.01.2007-ci il tarixdə verilmiş AZ-İ № 880594 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, CCC qızı 07.01.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 19.06.2010-cu il tarixdə verilmiş AZ-İİ № 478072 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, DDD qızı 15.06.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(006)- 4923/2014 saylı qətnaməsinin surətindən görünür ki, 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının saxlanılması üçün cavabdeh BBB oğlundan hər uşağa görə sabit məbləğdə 105 manat, cəmi 210 manat alimentin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onların nikahları pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(006)-4923/2014 saylı qətnaməsi ilə 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının saxlanılması üçün cavabdeh BBB oğlundan hər uşağa görə sabit məbləğdə 105 manat, cəmi 210 manat alimentin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 350 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən 210 manat miqdarında alimentin tutulmasının hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə cavabdehin etirazında göstərilən dəlillələrlə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsininin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda bir uşağa görə ödənilən 105 manat məbləğində aliment uşaqlar üçün yaşayış minimumundan aşağı səviyyədədir. Qanunvericiliyin tələblərinə görə isə uşaqların inkişafı üçün lazım olan minimum həyat şəraitinin təmin olunması valideynlərin borcudur. Odur ki, cavabdehin ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər-hansı sübut məhkəməyə təqdim olunmasa da, iddiaçının hər uşağa görə alimentin artırılaraq yaşayış minimumuna uyğun 175 manat məbləğdə müəyyən olunmasını tələb etməsi qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, 9.4-cü və 8.1.2-ci maddələrini nəzərə alaraq dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı halda iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh BBB oğlundan hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment iddiaçı AAA qızının xeyrinə tutulmalı, BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. 07.01.2007-ci il təvəllüdlü CCC qızının və 15.06.2010-cu il təvəllüdlü DDD qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh BBB oğlundan hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment iddiaçı AAA qızının xeyrinə tutulsun. BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4204/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4204/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver