Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4212/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə ailə münasibətləri pozulduğu üçün onlar Nəsimi rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmış, saxlanılması üçün aliment qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-4188/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün 160 manat aliment qət edilmişdir. Uşağın saxlanması və onun ehtiyaclarının ödənilməsi üçün 2(006)-4188/2019 saylı qətnamə ilə iddiaçı ayda 500 manat aliment ödəməyə razı idi. O isə düşündü ki, o, uşağın ehtiyaclarını artıqlamasıyla qarşılayacaq. Cavabdeh nəinki qarşılaması, heç uşaqla belə maraqlanmır və alimenti belə vaxtıvaxtında ödəmədiyi halda məhkəməyə dəfələrlə müraciət etmişdir. Ona 160 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də Prezidentin Sərəncamına uyğun kəsilməsini istəyir. Bildirir ki, ona məhkəmə tərəfindən kəsilən alimentinartırılmasını istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır. O alimentin artırılmasını 500 manat ödənilməsini xahiş edir. Belə ki, baxçaya aylıq 400 manat ödəyir, düz ayaq problemi olduğundan ayaqqabıları alınır, hiperaktivlik sindromu olduğundan həkim müayinələrində kurslara da gedirlər və bir ildən sonra uşaq məktəbə gedəcək və xərclər daha da artacaqdır. Ona görə də 500 manat aliment tələb edir. Bildirir ki, cavabdehin aylıq normal qazancı vardır. “Marcus İNC” Business Solutions-da icarəyə götürdüyü obyekti var, aylıq gəliri 4000 manat və karta keçən maaş isə 1000 manatdır. Vergi ödəyicisidir.
3. Göstərilənlərə əsasən Cavabdeh Nəsimi rayon Məhkəməsinin 2(006)-4188/2019 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə dəyişdirərək, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 500 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Valeriyevna ilə cavabdeh Məmmədov Emı̇ n Yaşar oğlu arasında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş X5 iddiaçının himayəsində saxlanmış və onun saxlanması üçün cvaabdehdən aylıq 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə prosesində cavabdeh aylıq 500 manat aliment ödənilməsinə razı olmuş, lakin iddiaçı düşünmüşdür ki, o, alimentdənkənar da, ödənişlər edəcək. Ona görə də, 500 manat aliment təyin edilməsini tələb etməmişdir. Lakin bunun əksinə olaraq, cavabdeh nəinki əlavə köməklik göstərib, heç uşağı ilə də, maraqlanmayıb. Onu da, qeyd edir ki, uşaq baxçaya gedir. Ayağında problem olduğundan ona uyğun ayaqqabılar alınır. Həmçinin hiperaktivlik sendromu olduğundan müntəzəm həkim müayinəsindən keçirilir. Buna da, kifayət qədər vəsait tələb olunur ki, təyin edilən aliment bunu qarşılamağa təbii olaraq, kifayət etmir. Cavabdehin kifayət qədər vəsaiti var və aylıq 500 manat aliment ödəməyə qadirdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında alimentin sabit pul məbləğində, yəni aylıq 220 manat məbləğində təyin edilməsini və qalan hissədə rədd olunmasını xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. . İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş AZ-İ № 343334 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 26 dekabr 2019-cu il tarixində 453 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir.
8. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş AZ-İV № 009562 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4188/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaq iddiaçının himayəsinə verilmişdir. Həmin qətnamə ilə cavabdehdən xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 160 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
10. Elektron İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh “Marcus İNC” Business Solutions-da bölmə direktor vəzifəsində işləyir və onun vəzifə maaşı 900 manat təşkil edir.
11. Elektron İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də menecer vəzifəsində işləyir və onun vəzifə maaşı 845 manat təşkil edir.
12. Mülki işin materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16-01730 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 13:30-14:00-da keçirilən mediasiya sessiyasında iştirak etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci ildə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşağın ananın yanında saxlanılmış və cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər ay 160 manat məbləğində aliment tutulmuşdur. Cavabdehin rəsmi iş yeri var, müntəzəm əmək haqqı alır və onun aylıq əmək haqqısı 900 manat təşkil edir. İddiaçı da həmçinin rəsmi olaraq işləyir və 845 manat məbləğində əmək haqqı alır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 160 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən alimentin miqdarının dəyişdirilərək hər ay 500 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək, 220 manat məbləğində ödənilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
18. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
19. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
22. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13).
25. Məhkəmə araşdırılması zamanı iddiaçının rəsmi olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində işləyib 845 manat əmək haqqı alması, həmçinin cavabdehin də rəsmi olaraq “Marcus İNC” Business Solutions-da direktor vəzifəsində işləyib 900 manat əmək haqqı alması müəyyən edilmişdir.
26. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, iddiaçının işləyərək əmək haqqı almasını, cavabdehin X1 üçün hər ay 220 manat məbləğində alimentin ödənilməsinə etirazın olmamasını, əmək haqqının 4/1 hissəsinin 220 manat etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4188/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən, iddiaçı ilə birgə nikahından olan uşağı yetkinlik yaşına çatmayan X2 üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır.
27. Məhkəmə iddianın 500 manat sabit pul məbləğinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı həqiqətən cavabdehin zəruri imkana malik olması barədə sübutları məhkəməyə təqdim edə bilməməsindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
28. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan hər ay 220 manat sabit pul məbləğində aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4188/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.