Məhkəmə qərarları › İş №2(006)-4232/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4232/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4232/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanətin geri qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 16068 ABŞ dolları əmanətin, hüquqi yardıma görə ödənilmiş 50 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmasına dair ərizə ünvanlayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 16068 ABŞ dolları əmanətin, hüquqi yardıma görə ödənilmiş 50 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, atası İddiaçı xx xxxxxx 2018-ci il tarixdə “xxxx” ASC-nin Bakıxanov filialı ilə 29-117973-17 12.2018 nömrəli bank əmanəti müqaviləsi bağlayaraq 17870 ABŞ dolları məbləğində pul vəsaitini əmanət olaraq qoymuşdur. Bank əmanət üçün illik 3 faiz məbləğində faiz ödəməli idi. Qeyd edilən əmanətdə hissə-hissə ABŞ dolları valyutasında müəyyən məbləğ geri qaytarıldıqdan sonra 16 068 ABŞ dolları əmanət hesabında pul qalmışdır. Qeyd edilən pul vəsaiti üçün bank tərəfindən illik faiz dərəcəsi ödənilsə də, sonradan bank ləğv edilmiş, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Bank əmanəti müqaviləsi 1 illik bağlandığından xx xxxxxx 2019-cu il tarixdə müqavilənin müddəti bitmişdir, bundan sonra isə həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin müddəti 1 il də uzadılmışdır. “xxxx” ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fonduna rəsmi olaraq müraciət etsələr də, xx xxxx 2020-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 27.3-cü bəndinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. Halbuki, bank əmanəti müqaviləsinin 9.8-ci maddəsinə əsasən Fond milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında olan əmanət üzrə ABŞ dollarında, Avroda olan əmanət üzrə Avroda əmanətçiyə ödəyir. Fond Əmanətlərin Sığortalanması haqqında qanunun 27.3-cü bəndinə istinad etsə də, qanunun həmin bəndinə yanlış şəkildə şərh edərək əmanətin qoyulduğu valyutada - ABŞ dollarında ödənilməsindən boyun qaçırmışdır. xx.xx.2012-ci il tarixində atası işlədiyi Azpetrol YDM “xxxx”da adına əmək haqqı hesabı açmış, həmin hesab 2017-ci ildə bağlanmışdır. 2017-ci ildən isə atası əmək haqqını “xxxx” ASC vasitəsilə alır. Belə ki, qeyd edilən hesab bağlanmış olsa da, 0,02 manat hesabdan pul qalmışdır ki, bunu da sonradan öyrənmişlər. “xxxx” ASC-nin Mərkəzi Ofisinə yaxınlaşdıqda atasının məlumatı olmadan xarici valyutada olan əmanət hesabının heç bir əsas olmadan 3 (üç) ildir fəaliyyəti dondurulmuş, maaş hesabına AZN olaraq köçürüldüyünü və ABŞ valyutasında olan əmanət hesabını maaş hesabına keçirərək AZN ilə əmanətlərini geri ödəyəcəklərini bildirdilər. Qeyd edilən hal qanunsuzdur, atasının “xxxx” ASC-də yalnız bir əmanəti olmuş, o da xarici valyutada olmuşdur, “xxxx” ASC-də olan digər hesab isə əmək haqqı hesabı olmuşdur. Fond Əmanətlərin Sığortalanması haqqında qanunun 27.3-cü maddəsinə istinadə edərək xarici valyutada verilmiş əmanəti eyni valyutada qaytarmaqdan imtina etsə də, həmin maddənin özündə açıq aydın göstərilir ki, bir əmanətçidən bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. xx.xx.2020-ci il tarixində ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu № **********147 saylı məktubla verdiyi imtinası əsassızdır, ona görə də 16068 ABŞ dolları olan əmanəti elə ABŞ dolları valyutasında da geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 27.3-cü bəndinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 29-117973-17 nömrəli bank əmanəti müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 17870 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 3 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 9.8-ci bəndinə əsasən, Fond kompensasiyanı milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli **********147 №-li məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 27.3-cü bəndinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı 16068,19 ABŞ dolları məbləğində kompensasiya hesablanmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. 27.3-cü maddəsinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. Əmanətlərin Sığortalanması X1 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarı ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərarı ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair x xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il 9 (doqquz) ay müddətində tam sığortalanır. Həmin qanunun 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx” ASC arasında xx xxxxxx 2018-ci il tarixli, 29-117973-17 nömrəli bank əmanəti müqaviləsi bağlanmış, bank əmanətçidən 17870 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 3 faiz, ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş, “xxxx” ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış (sığorta hadisəsi), ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Sığortalanmış əmanət (depozit) müqaviləsi üzrə iddiaçıya 16068,19 ABŞ dolları əmanət məbləği kompensasiya olunmamışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, həm qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından, həm də Azərbaycan Əmanətlərin Sığortalanması X1 müvafiq qərarına əsasən iddiaçının əmanəti qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Cavabdeh özü də iddiaçıya kompensasiya ödənilməli olmasını etiraf edir. Tərəflər arasındakı mübahisə isə kompensasiyanın hansı valyuta növündə geri qaytarılması ilə əlaqədardır. Belə ki, iddiaçı əmanəti Banka AŞB dolları ilə qoyduğunu nəzərə alaraq kompensasiyanın da AŞB dolları ilə ödənilməsini tələb edir, cavabdeh isə iddiaçının bankda həm milli, həm xarici valyutada əmanətləri olduğunu əsas gətirərək onların toplanıb bir əmanət kimi manatla kompensasiya olunacağını bildirir. Məhkəmə qeyd edir ki, «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27-ci maddəsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, həmin Qanunun 27.1-ci maddəsində milli valyutada olan əmanətlər üzrə kompensasiyanın manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilməsi, 27.3-cü maddəsində isə bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onların toplanıb bir əmanət kimi manatla kompensasiya olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, əmanətini banka ABŞ dolları valyutasında qoyan iddiaçı ona ödənilməli olan kompensasiyanın da ABŞ dolları valyutasında ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-də bir əmanəti olmuş və bu əmanət də ABŞ dolları valyutasında olmuşdur. Bank bunun əksini iddia edərək kompensasiyanın ABŞ dolları ilə ödənilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının bankda digər manat hesabında əmanəti olmasına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 16068 ABŞ dolları məbləğində pul cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı iş materiallarına hüquqi yardıma görə vəkilə 50 manat ödənilməsini göstərən qəbz əlavə etsə də, göstərilən hüquqi yardımın hazırki iddia tələbi ilə bağlı olması məhkəmədə şübhə doğurduğundan, eləcə də keçirilmiş məhkəmə iclaslarında iddiaçının vəkillə təmsil olunmaması nəzərə alınaraq tələb bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 16068 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 16068 (on altı min altmış səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar