Məhkəmə qərarları › İş №2(006)-4243/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4243/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4243/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və bu barədə qeydin aparılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və bu barədə qeydin aparılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" KB QSC-nin əməliyyat sistemində və Cavabdeh2 MMC-nin kredit bürosundan çıxarışında qeyd olunmuş 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə 199.998 manat kreditin qalıq məbləği və 58.717 manat 47 qəpik faiz borcunun olmamasının müəyyən edilməsi və onun həmin müqavilə üzrə borcu olmaması barədə qeydin aparılmasının cavabdehlər "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2 MMC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli 2(009)-1117/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı "xxxx" KB QSC-nin xeyrinə 199.998 manat əsas borc, 58.717 manat 47 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29.252 manat 34 qəpik və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və yeni qətnamə qəbul edilərək "xxxx" KB QSC-nin iddiası rədd edilmişdir. "xxxx" KB QSC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(102)-57/2020 saylı qərarı ilə LPO "xxxx" KB QSC-nin kassasiya şikayəti təmin edilməmişdir. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının gəldiyi nəticəyə əsasən, İddiaçı "xxxx" KB QSC qarşısında olan öhdəlikləri 19.02.2015-ci il tarixli müqaviləyə uyğun olaraq X1 "xxxx" MMC-də olan təsis payının hesabına tam icra olunmuşdur (14.01.2020-ci il tarixli qərar, 4-cü vərəq, 5-ci abzas). Lakin qeyd edilənlərə baxmayaraq, məlumat təchizatçısı olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 MMCdə İddiaçı adında aktiv öhdəlik kimi qeyd edilmiş yuxarıda göstərilən kreditin silinməsi üçün müraciət etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə 19.04.2021 və 20.04.2021-ci il tarixlərdə yazılı müraciət edilməsinə baxmayaraq, heç bir faydası olmamışdır. Göründüyü kimi, İddiaçı öhdəliyi tam icra olunsa da, borcun tam ödənilməsi barədə məlumatlar Cavabdeh2 MMC-nin İddiaçı aid kredit tarixçəsinə əlavə edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdeh "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli 2(102)-57/2020 saylı qərarından görünür ki, iddiaçı LPO "xxxx" KB QSC cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 199998 manat məbləğində əsas borcun, 58717,47 manat məbləğində faiz borcunun, 29252,34 manat gecikmiş vaxt üçün illik 5%-lə hesablanan borcun, ümumilikdə isə 287967,81 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər İddiaçı və "xxxx" MMCyə qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı QSC «Bank Standart» KB-nin xeyrinə 199,998 manat əsas borc, 58 717,47 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29 252,34 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi qismən – cavabdeh İddiaçı QSC «Bank Standart» KB-nin xeyrinə 199998 manat əsas borcun, 58717.47 manat faiz borcunun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29252.34 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin cavabdeh İddiaçı QSC «Bank Standart» KB-nin xeyrinə 199998 manat əsas borcun, 58717.47 manat faiz borcunun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 29252.34 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin olunmaması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində iddiaçı LPO "xxxx" KB QSC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Kassasiya kollegiyası hesab etmişdir ki, İddiaçı LPO "xxxx" KB QSC qarşısında olan borc öhdəlikləri "xxxx" KB QSC, "xxxx" MMC, X3 və X5 arasında bağlanmış 19 fevral 2015-ci il tarixli müqaviləyə uyğun olaraq X1 "xxxx" MMC-də olan təsis payının hesabına tam icra olunduğu üçün həmin iş üzrə iddia tələbləri əsassızdır. Kassasiya instansiyası məhkəməsinin sözügedən qərarı qüvvədə olmasına baxmayaraq, məlumat təchizatçısı olan LPO "xxxx" KB QSC Azərbaycan Kredit Bürosuna kredit müqaviləsi üzrə borc məbləğinin mövcud olması barədə əsassız məlumat vermişdir. Həmin məlumat əsasında iddiaçının adına olan kredit tarixçəsinə əsassız olaraq borcun mövcud olması (aktiv öhdəlik) barədə qeydlər edilmişdir. LPO "xxxx" KB QSC həmin borcun və gecikmənin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı müxtəlif instansiyalara, həmçinin iş üzrə cavabdehlərə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilməli, İddiaçı 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi və həmin müqavilə üzrə borcunun olmaması barədə qeydin aparılması öhdəliyi "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması müəyyən edilsin. İddiaçı 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi və həmin müqavilə üzrə borcunun olmaması barədə qeydin aparılması öhdəliyi "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar