Məhkəmə qərarları › İş №2(006)-4245/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4245/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4245/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00300 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1702AZ**********97 saylı qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən sayğaca müdaxilə edildiyi müəyyən edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən müdaxilə təsdiqini tapmışdır. Həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbi qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Beləliklə cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında cəmi borcu 486 manat olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 486 manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 516 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-00724xx/xx-2019 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş materiallarındakı Cavabdeh adına olan **********00300 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 486 manat borcu yaranmışdır. İşdə olan 0217464, 29/1710-00900, ******* saylı aktlardan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 486 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 486 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, istehlakçının qaz sayğacına müdaxilələr etməsi, sayğacın götürülməsi və paylayıcıya zərər verməsi ilk olaraq xx xxxx 2019-cu il tarixdə aşkar edilmişdir. Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun xx xxx 2019-cu il tarixinədək davam etdiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən məbləğ istehlakçının xx xxxx 2019 – xx xxx 2019-cu il tarixləri arasında yol verdiyi pozuntulara görə tutulmalıdır. Məhkəmə hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən xx xxxx 2019 – xx xxx 2019-cu il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 20 (iyirmi) manat olmalıdır. Məhkəmə yay aylarında qaz sərfiyyatının az olduğunu nəzərə alaraq hər aya görə 20 (iyirmi) manat, ümumilikdə 3 ay (3x20=60) üçün 60 (altmış) manat məbləğinin tutulmasını ədalətli hesab edir. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın qanunvericiliyin müəyyən etdiyi limitdən artıq ödədiyi aşkar olunmuş və bu məbləğin iddianın qiyməti 500 manat qədər olduğundan 20 manat ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, həmin məbləğ kimi cavabdehdən dövlət rüsumunun miqdarı 20 (iyirmi) manat tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 60 (altmış) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul alınaraq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh60 (altmış) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul alınaraq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar